“Elə etməliyik ki, münasibətləri korlamayaq”
Dünən Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin rəhbərliyi ilə partiyanın iclası keçirilib. Bu barədə Teleqraf.com-a ALP sədri Əvəz Temirxan məlumat verib. L.Şövkətin evində keçirilən toplantıda partiya daxili məsələlər və geopolitik durum müzakirə olunub: “Bəzi partiyalar təbliğat üçün bütün müzakirə etdikləri məsələni mətbuata çıxarırlar. Biz bunun tərəfdarı deyilik”.
Ə.Temirxan qeyd etdi ki, L.Şövkət Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsini alqışlayır: “Rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsini doğru addım sayır. Bununla bərabər Azərbaycan çalışmalıdır ki, bu, Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına gətirib çıxarmasın. Lalə xanımın mövqeyi ondan ibarətdir ki, Azərbaycan ehtiyatlı olmalıdır. Suyu üfürə-üfürə içməliyik. Elə etməliyik ki, Rusiya ilə münasibətləri korlamayaq”.
Ə.Temirxan əlavə etdi ki, Azərbaycan-Rusiya münasibətlərinin qorunması ölkəmizlə ABŞ arasında münasibətlərin korlanması hesabına edilməməlidir.
O, Lalə Şövkətin Avrasiya İttifaqı barədə fikirlərini cəmiyyətə çatdırmağın hələ tez olduğunu söylədi. ALP sədri Nursultan Nazarbayevin son bəyanatını da şərh etdi. Onun fikrincə, Qazaxıstan prezidenti bəyanatı ilə həm Azərbaycana, həm də türk dünyasına münasibətində müdrik siyasətçi olduğunu nümayiş etdirdi: “Qazaxıstanın bizə qardaş dövlət olduğunu Nazarbayevin bəyanatı fonunda gördük. O, hətta Avrasiya İttifaqında olsa belə, bu, sevindirici haldır. Qazaxıstan prezidenti Avrasiya İttifaqında Azərbaycanın maraqlarını qoruyur. Sözsüz ki, burada siyasi gedişlər var. Çünki bu addım Rusiyanın razılığı alınmadan edilə bilməzdi. Burada Rusiya tərəfindən Azərbaycan cəmiyyətinə və hakimiyyətinə yönələn şirnikləşdirici məqamlar da var. Bizim mövqeyimizin özünə münasibətini yumşaltmaq istəyir. Yəni, Qarabağın qaytarılmasına razı ola bilərik bir şərtlə ki, Azərbaycan Avrasiya İttifaqına qoşulsun. Mənə elə gəlir ki, yalnız bu təkliflə kifayətlənməyəcklər, daha sıx əməkdaşlıq təklif edilə bilər. Hər halda Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mənasında söylədikləri müsbət qarşılanmalıdır"

Şərhlər