975-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, hazırda Yasamal rayonu, Şərifzadə küçəsi 12, aspirantların yataqxanası, bina 53, 5-ci mərtəbə, otaq 53 ünvanda yaşayan Məmişova Səadət Baba qızı daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edib.

Qaynar.info-ya məlumat verən şikayətçi bildirib ki, onu aldadaraq külli miqdarda pul alan dələduzlarla bağlı heç bir tədbir görülmür.

Müraciəti olduğu kimi təqdim edirik: "Həyat yoldaşım Namiq Məmişov həbs olunub. Ona 2012-ci ildə Binəqədi məhkəməsi tərəfindən 4 il iş kəsilib. İlyarımdır həbsxanada yatır. Mən məhkəmənin qarşısında olarkən özünü baş prokuror Zakir Qaralovun kirvəsi kimi təqdim edən Elşad Maqsud oğlu Atakişiyev və onun dostu Rövşən Ziyafət oğlu Axundov mənə ərimi azad edəcəklərini bildirdilər. İlk dəfə məndən 8 min manat pul aldılar. Sonra 16 min manat istədilər.

Mən ehtiyat elədiyim üçün 12 saylı notarius vasitəsilə onlara 16 min manat pul verdim. Daha sonra 4 min manat istədilər. Axırda qızıl qolbağımı və qızımın qulağındakı sırğaları aldılar. Mən bütün pulları borca götürmüşəm. Elşad hər dəfə mənə deyirdi ki, narahat olma, baş prokurorla kirvəyəm yaxın günlərdə ərini azad edəcək. Axırda məlum oldu ki, hər ikisi dələduz imiş. Sonra borc sahibləri pullarını istəməyə başladılar. Mən Elşada və Rövşənə yalvardım ki, pulları qaytarın yoxsa özümü öldürəcəm. Ancaq onlar heç veclərinə də almırdılar. Sonda borc aldığım şəxslər pulu istəyəndə özümü zəhərləyib öldürmək istədim. Məni toksikologiya xəstəxanasına apardılar. Hazırda xəstəyəm. Yasamal RPİ-ə müraciət eləmişəm. Yasamal rayon prokurorluğu da işlə məşğul olur. Xahiş edirəm mənə və 2 övladıma yazığınız gəlsin. Mənə kömək edin. Yoxsa, özümə qəsd edib öldürəcəm".

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Azərbaycanın baş prokuroru Zakir Qaralovun adından yararlanaraq, dələduzluq edənlər barəsində cinayət işi açılıb.

O, deyib ki, vətəndaş Səadət Məmişovanın müraciəti əsasında toplanmış material üzrə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 12 may 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Bu barədə müraciət müəllifinə rəsmi məlumat verilib.

Xatırladaq ki, özünü Zakir Qaralovun kirvəsi kimi təqdim edən Elşad Maqsud oğlu Atakişiyev və onun dostu Rövşən Ziyafət oğlu Axundov S. Məmişovanı aldadaraq, həyat yoldaşını həbsdən azad etmək adı ilə ondan 30 min manat pul alıblar və geri qaytarmayıblar.