“Bəşəriyyətin hər 4 kişisindən və 20 qadınından biri siqaret çəkir. Hər il dünyada 5,4 milyon insan tütün istehlakı nəticəsində dünyasını dəyişir. Hesablamalar bu rəqəmin 10 milyon nəfərə çatacağını deməyə əsas verir”. Musavat.com-un məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Milli Məclisin müzakirəsinə çıxarılan “Tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi haqqında məruzə edərkən bildirdi.
Komitə sədri dedi ki, Azərbaycanda da vəziyyət ürəkaçan deyil: “Hesablamalara görə, 20-44 yaş kişilərin 30 faizi, 45-64 yaşlıların isə 51 faizi siqaret çəkir. Orta hesablamalara görə, onlar hər gün 16 siqaret çəkir. Artıq qadınlar arasında göstərici 1 faizə çatıb. Araşdırmalara görə, kişilərin 64,7 faizi, qadınların isə 52 fazii tütün tüstüsündən əziyyət çəkir. Özü də bu, ictimai yerlərdə baş verir. Üstəlik, şəxsi və dövlət büdcəsində milyonlarla manat ziyan dəyir. Bu, narkotikaya da aludəçilik yaradır”. 17 maddə 3 fəsildən ibarət qanun layihəsi Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, pis vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə zərərli təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir. Qanun layihəsində tütün çəkilməsinə icazə verilməyən yerlər konkretləşdirilib.
Deputat İlham Əliyev Milli Məclisin foyesində siqaret çəkilməsinin qadağan olunması təklif etdi. Bildirdi ki, Prezident Administrasiyasında 10 ildən artıqdır ki, siqaretin çəkilməsinə qadağa qoyulub: “Bir müddət orada işləmişəm. Amma deyim ki, siqaretin çəkilməsi üçün yer nəzərdə tutulmayıb. Gözləmə zalında, yeməkxanada siqaret çəkilməsi qadağan edilib. Milli Məclisin foyesində də siqaret çəkilməsinə qadağa qoyulmasını təklif edirəm”.
Digər çıxışlardan sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edildi.
Deputat Hikmət Babaoğlu dedi ki, layihədə tütün məmulatlarının adları əks olunsa da, sulu qəlyanın adı çəkilməyib: “Sulu qəlyan da tütün məmulatlarından hazırlanan bir vasitədir”. Layihəni təqdi edən deputat bildirdi ki, siqaret böyük, sosial bəladır, əslində siqaret çəkmək narkomaniyanın ilk mərhələsidir: “Belə bir statistika qeyd edildi ki, müəyyən yaş həddində dünyada hər 4 kişidən biri siqaret istifadəçisidir. Azərbaycanda isə hər iki nəfərdən biri siqaret çəkir”.
Layihə səsə qoyularaq, birinci oxunuşda qəbul olundu.


Şərhlər