Arif Əsgərovun oğlu və qohumlarının iri maliyyə fırıldağının təfərrüatları AzPolitika.info-da!

İki həftədən çoxdur ki, ölkə mətbuatında, internet saytlarında Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin rəhbər şəxslərinin və onların yaxınlarının adının hallandığı 48 milyon manatlıq mənimsəmə barədə məlumatlar verilir. Hansı ki, bu maliyyə fırıldağından 50-yə yaxın sahibkar zərər çəkib. Bu iri maliyyə maxinasiyası ilə bağlı «AzPolitika.info»-ya çox ilginc məlumatlar daxil olub. Məlumatlarda bu işlə bilavasitə bağlılığı olan bir sıra yüksək rütbəli şəxslərin adları, onların əmməllərini ifşa edən şəkillər, hətta videokadrlar var. Bu haqda bir qədər sonra...

Əvvəlcə xatırladaq ki, verilən məlumata görə, məhz bu maliyyə maxinasiyası ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin (ADDY QSC) marketinq şöbəsinin rəisi Rahib Hüseynov həbs edilib. ADDY QSC-nin sədri Arif Əsgərovun yaxın qohumu, daha dəqiqi baldızı oğlu olan R. Hüseynovun Gürcüstanla sərhəddə, ölkəni tərk etmək istəyərkən yaxalandığı bildirilir.

Məlumatlara görə, Rahib Hüseynovdan başqa bu maliyyə fırıldağına onun dəmir yollarının təchizat sistemində işləyən, hadisədən sonra Moskvaya qaçdığı iddia olunan qardaşı Emin Hüseynov da qoşulub. Lakin hüquq-mühafizə orqanları hələlik E.Hüseynova qarşı hansısa addım atmayıblar.

Faktla bağlı məlumatlarda ictimaiyyətin diqqətini daha çox cəlb edən məqamlardan biri maliyyə fırıldağında bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da iştirak etməsi haqda iddialardır. 28 yaşlı sahibkar Elnar Əsgərovun dəmiryolları şəbəkəsinin təchizatını inhisar altına alan “Liman Group” adlı iri şirkətin rəhbəri olduğu bildirilir. Bu şirkət Türkiyə və Rusiya bazarlarında uzun müddətdir fəaliyyət göstərən, tikinti, ticarət və digər sektorlarda önəmli paya malik olan şirkətdir.

RAHİB HÜSEYNOVU ELNAR ƏSGƏROV POLİSƏ TƏHVİL VERİB

Zərərçəkmiş sahibkarlardan biri mətbuata açıqlamasında Hüseynov qardaşlarına etibar olunmasını, məhz işin arxasında E.Əsgərovun dayanması ilə bağlayır. Sitat: “Biz o uşaqlarla neçə ildir işləyirdik və aramızda etibarlı tərəfdaşlıq münasibətləri yaranmışdı. Çünki biri Asif Əsgərovun oğlu, digəri onun bacısı uşaqları (əslində isə baldızı uşaqları-red.) idi. Biz təsəvvürümüzə də gətirməzdik ki, günlərin birində onlar bizi bu cür aldadacaqlar”.

Naxçıvandan olan həmin sahibkar açıqlamasında adıçəkilən şəxslərin pulların böyük hissəsini Las Veqasda qumara qoyduqlarını da iddia edib.

O da bildirilib ki, Arif Əsgərov öz oğlunu - Elnarı qalmaqaldan kənarda saxlamaq və sahibkarların 48 milyondan əllərini üzməsi üçün yaxın qohumu Rahib Hüseynovu qurban verməyə razılaşıb. Əsgərovun bu qərarı öz şefi - nəqliyyat naziri Ziya Məmmədovla məsləhətləşdikdən sonra verdiyi iddia olunur. Uzun müddətdir gizlənən Hüseynovun aşkara çıxmasının və həbs edilməsinin də bununla bağlı olduğu bildirilir. R. Hüseynovu Gürcüstanla sərhəddəki «Qırmızı körpü» sərhəd-keçid məntəqəsinə Elnar Əsgərovun çağıraraq, Bandotdel” əməkdaşlarına təhvil verməsi də bununla bağlanır.

Qeyd edək ki, DİN və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məsələ ilə bağlı açıqlama verməsə də, ADDY QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Rahib Hüseynovun həbsindən xeyli qabaq işdən azad edildiyini iddia edib. R.Hüseynovun idarənin rəisi Arif Əsgərovun qohumu olması faktına şərh vermək istəməyən Əzməmmədov “Biz onun işdən azad ediləndən sonra nə işlə məşğul olduğunu bilmirik. Və bu, bizi qəti maraqlandırmır” - söyləməklə, dolaysıyla belə bir faktın olduğunu etiraf edib. Bununla belə o, hadisənin Əsgərovlar ailəsi ilə bağlılığını qəti şəkildə inkar edib.

Ancaq zərərçəkmişlərdən birininin anası - mərhum deputat, Azərbaycan Konstitusiyasının müəlliflərindən biri olan görkəmli hüquqşünas Zakir Zeynalovun xanımı Çimnaz Zeynalova prezident İlham Əliyevə müraciətində bu iri maliyyə fırıldağının arxasında Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun dayandığını iddia edib. Hətta Arif Əsgərovla telefonla danışdığını, onun isə «Heç kəsdən qorxmuram və heç nədən çəkinmirəm. Şikayət edəcəyiniz və qapısını döyəcəyiniz heç bir məmuru mən saymıram” deyə bildirdiyini qeyd edib.

MƏNİMSƏNİLƏN VƏSAİT 48 YOX, 70 MİLYONDUR!

İndi isə qayıdaq «AzPolitika.info»ya təqdim olunan məlumatlara. Əvvəlcədən qeyd edək ki, bizə təqdim olunan materiallarda da, faktın arxasında Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun dayandığı iddia olunur. Ancaq onlarla yanaşı bir çox şəxslərin də bu işdə adı hallanır. Materiallarda yalnız bu maliyyə fırıldağı barədə deyil, həm də Azərbaycan Dövlət Dəmir Yolları QSC-də baş verən bir sıra qanunsuzluqlardan, iri korrupsiya faktlarından, talançılıqdan söhbət açılır.

Beləliklə, işin içində olan, ancaq adının çəkilməsini istəməyən məlumatlı mənbənin «AzPolitika.info»ya təqdim etdiyi məktubda qeyd olunur ki, mətbuatda verilən məlumatlar tam həqiqəti əks etdirmir:

«Görünür bu da məlumatları verən şəxsin az məlumatlı olması ilə bağlıdır. Mən isə bunların içində olan bir şəxs kimi, həm bu, həm də digər qanunsuzluqlarla bağlı ciddi faktlar təqdim etmək niyyətindəyəm. Verdiyim məlumatları təsdiqləyəcək sənədləri, şəkil və video sujetləri də məktubuma əlavə edirəm. Hansı ki, bu faktlar yalnız Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun deyil, daha bir neçə yüksək rütbəli dövlət məmurunun bu işin içində olduğunu təsdiqləyir».

Mənbə ilk olaraq qeyd edir ki, bu maliyyə maxinasiyasından 43 nəfər sahibkar zərər çəkib. Onların mənimsənilən vəsaitlərinin ümumi məbləği isə 48 milyon manat deyil, ən azı 70 milyon manatdır. Sadəcə bəzi sahibkarlar Əsgərovlar ailəsindən çəkindiyindən, bəziləri isə adlarının bu məsələdə hallanmasını istəmədiyindən pullarının qaytarılması tələbi ilə hüquq-mühafizə orqanlarına müraciət etməyiblər. Zərərçəkmişlərin içərisində Zakir Zeynalovun ailəsindən xeyli məhşur insanlar var.

RAHİB HÜSEYNOVUN QAYNATASI KİMDİ?

Hazırda bu faktla bağlı həbs olunan Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun isə, bəzi vəzifəli şəxslərlə də qohumluq əlaqəsi var. Belə ki, Rahib Hüseynovun qaynatası Əvəz Qocayev «Azəryolservis»də şöbə müdiridir. Prezidentin hərəkət etdiyi yollara o, nəzarət edir. Bundan əvvəl Binəqədi icra başçısının birinci müavini olan Əvəz Qocayevin «Azəryolservis»in sədri Cavid Qurbanovla da qohumluq əlaqəsi var.

Mənbə daha sonra qeyd edir ki, Rahib Hüseynovun qardaşı Emin Hüseynovun Rusiyaya qaçdığı bildirilsə də, hazırda Bakıdadır. Sadəcə bu məsələyə görə, evdən bayıra çıxmır. Onların atası İsmayıl Hüseynov isə Tovuzda Arif Əsgərovun təsərrüfatına rəhbərlik edir.

«Rahib Hüseynovun ADDY QSC-dən xeyli əvvəl çıxarıldığına dair məlumatlar da yalandır. Son günlərə qədər özü də, qardaşı da orda işləyib. Emin Hüseynov qeyri-rəsmi fəaliyyət göstərirdi. Belə demək mümkünsə, pul yığmaqla məşğul idi.»

PULLARA ƏSGƏROVLARIN ZƏMANƏTİ OLUB?

Mənbə sahibkarlardan hansı şəkildə pulun yığılmasına da aydınlıq gətirib. Bildirib ki, pulların yığılmasını həqiqətən Hüseynov qardaşları həyata keçirib. «Onlar bildirirdilər ki, zavodumuz var, ADDY QSC-yə mal veririk. Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun əlilə. Elnar Əsgərov da bəzi sahibkarlarla görüşündə bunu təsdiqləyib ki, bu səbəbdən də hamı onlara inanıb.

Söhbət TSP-366 (ЦП-366)adlanan, dəmir yolunda relslərin altına qoyulan amortisaziya alətindən gedir. Onun birini xaricdən Azərbaycana gətirmək 0,28 qəpiyə başa gəlir. Ancaq ADDY QSC-nin rəhbərliyi tərəfindən onun biri dövlətə 3 manat 60 qəpikdən sənədləşdirilir. Hər partiyada TSP-366-dan ən azı 5 milyon ədəd sifariş olunur. Yəni, hər partiyada 15-17 milyon manat dövlət vəsaiti mənimsənilir.

Bunlar da iddia edirdi ki, biz TSP-366-nın istehsalı ilə məşğul olan zavod açmışıq. Aparıb sahibkarlara bir zavod da göstərmişdilər ki, bura bizimdir. Və deyirdilər ki, xammal almağa pulumuz çatmır, siz pul buraxın, biz də malı satıb artıqlamasıyla pulunuzu qaytaraq. Bu yolla da birindən 100 min, birindən 300 min, birindən 1 milyon, başqa birindən 3 milyon və sair pul yığdılar. Əvvəllər həqiqətən də dediklərinə əməl edirdilər. Tutaq ki, kimdən 100 min manat almışdılarsa 120 min qaytarırdılar, 500 min aldıqlarına 570 mın və sair. Sonradan məlum oldu ki, bu sahibkarları şirnikləndirmək cəhdi olub. İstədikləri də oldu. Bunlarla iş görən sahibkarlar daha çox qazanmaq üçün qohum-əqrabada da nə qədər pul varıydı, yığıb verirdilər ki, daha çox faiz əldə etsinlər. Sonuncu dəfə ən azı 70 milyon manat yığdıqdan sonra aradan çıxdılar. Ən azı ona görə deyirəm ki, 70 milyon manat mənim bildiyimdi. Əslində ayrı-ayrı insanlardan, iş adamlarından, vəzifəli şəxslərdən yığılan vəsait bundan dəfələrlə çoxdur. Hansı ki, bəziləri vəzifəsini itirməkdən qorxub, bəziləri isə adlarının mətbuata çıxmaması üçün sakit dayanıblar».

«KÜRD ƏSİLLİ SAHİBKARLARIN PULUNU QAYTARDILAR»

Mənbənin iddiasına görə, Əsgərovlar bir neçə şəxsin pulunu qaytarıblar: «Kürd əsilli iş adamlarının da böyük məbləğdə pullarını yemişdilər. Məsələnin böyüyəcəyindən qorxub onların pullarını qaytardılar. Yəqin kimin qohumlarından söhbət getdiyini başa düşdünüz.».

Mənbə bu pulların hara xərcləndiyi barədə geniş məlumat verir: «Bunlardan biri kimi Elnar Əsgərovun, Rahib və Emin Hüseynov qardaşlarının Novxanıda 8 metr enində olan bir küçədə tikdirdikləri 10-larla 4 mərtəbəli villa, otel tipli iqamətgahları qeyd edə bilərəm...».

Bu hadisənin başqa təfərrütları, eləcə də Azərbaycan Dövlət Dəmir Yolları QSC- də baş verən maliyyə maxinasiyaları, mənimsənilən pulların haralarda xərcləndiyi, pulları mənisənilən şəxslərin siyahısı və sair barədə növbəti yazılarımızda məlumat verəcəyik.

Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Murad Məmmədov

AzPolitika.info

P.S. Aşağıdakı foto hazırda həbsdə olan Rahib Hüseynovundur.