“Rusiya tərəfi Qarabağ məsələsini artıq həll edilmiş hesab edir. Onlar heç vaxt Dağlıq Qarabağın statusunu tanıdıqlarına işarə də etməyəcəklər. Bunu gözləmək sadəlövhlükdür. Rusiyanın məqsədi Ermənistanın səsini Avrasiya ittifaqında almaqdır. Həmin səsin isə digər ölkələrlə bir statusda deyil, sırf vassal ölkə statusunda gərək olduğunu vurğulayır”.
AzPolitika.info-nun məlumatına görə, bunu “Epress.am” saytına açıqlamasında politoloq İqor Muradyan bildirib. Ekspertin sözlərinə görə, Ermənistan Rusiya siyasətində və iqtisadi blokunda heç zaman tam iştirakçı olmayacaq və onun iştirakı həmişə KTMT-dakı kimi qüsurlu olacaq:
“Ermənistanın heç bir təsir göstərmək və ya Rusiya tərəfindən yaradılmış blok respublikalarında qərarlar qəbul etmək şansı yoxdur. RF Dağlıq Qarabağ üçün məsuliyyətə heç vaxt razı olmayacaq və ümumiyyətlə Qarabağ münaqişəsi rus şüuruna yaddır”.
Politoloqun fikrincə müharibənin olması şübhəsizdir. Ermənistan, onun fikrincə, ABŞ və NATO-nun dəstəyini itirdi, lakin əvəzinə Rusiya kimi şübhəli və nəzarətsiz tərəfdaş tapıb:
“Ermənistan beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətdədir, bu isə Azərbaycan və Türkiyə üçün mümkün müharibə şəraitində əhəmiyyətli bir faktdır. Bu müharibədə, Rusiya əslində, qazanan tərəfin yanında olmağa üstünlük verəcək. Bu da sözsüz ki, Azərbaycan və ya Türkiyə olacaq. Ermənistan Rusiyadan bu cür asılı olduğu müddətdə heç vaxt heç bir müharibədə qalib gələ bilməyəcək.”
Politoloq İqor Muradyan daha sonra Ermənistan hakimiyyətinin Qarabağ məsələsindəki mövqelərindən də danışıb: “Ölkə başçısı Madrid Prinsiplərini qəbul etdikdən və dövləti məhv etdikdən sonra, onların yalnız bir yolu qalır ki, ümidlə gözləyək ki, Azərbaycan hakimiyyəti həmin prinsipləri qəbul etməsin. Əgər Azərbaycan həmin prinsipləri qəbul edərsə, Ermənistanın onlardan imtina etmək imkanı olmayacaq. Hadisələr isə daha tez cərəyan edəcək. Ermənistan balaca kalibrli oliqarxların idarə etdiyi bir dövlətə çevrilib. Onlar dövləti uçuruma aparacaq öz prinsiplərini diktə edirlər”- deyə politoloq bildirib.
Ülkər Müsazadə


Şərhlər