«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya və Türkiyə aqrar-sənaye kompleksi məhsullarının mübadiləsi üzrə tətbiq etdikləri məhdudiyyətlərin böyük hissəsini aradan qaldırmaq arzusunda olduqlarını bəyan ediblər, Bu məqsədlə, tərəflər yaxın iki həftə ərzində silsilə məsləhətləşmələr aparmaq və gələcək fəaliyyət qrafiki hazırlamaq niyyətindədirlər. Bu barədə Rusiya hökumətinin saytında xəbər verilir.
Çərşənbə axşamı Moskvada Rusiya hökumət başçısının müavini Arkadi Dvorkoviç və Türkiyə Baş nazirinin müavini Mehmet Şimşək arasında danışıq olub.
«İştirakçılar qeyd ediblər ki, hazırda qüvvədə olan məhdudiyyətlərin böyük qisminin maksimum qısa müddət ərzində aradan qaldırılması üçün ortada ümumi istək var. Həm də qeyd edilib ki, bəzi həssas məsələlər üzrə mərhələli işlərin aparılmalı olduğu barədə tərəflər arasında ümumi anlaşma mövcuddur» - deyə, xəbərdə qeyd olunur.
Bundan başqa, görüşün gedişində Dvorkoviç diqqəti Türkiyəyə buğda ixracı məsələsinə yönəldib: «Rusiya tərəfi istənilən halda, türkiyəli həmkarlarından cari ildə buğda idxalı üzrə məhdudiyyətin aradan qaldırılmasını gözləyir».

Şərhlər