«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Gennadi Qatilov Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında çıxış edərkən təsdiqləyib ki, Pxenyan Koreya Xalq Demokratik Respublikasının təhlükəsizliyinə təhdidin qalacağı təqdirdə, nüvə silahından imtina etməyəcək.
Rusiyalı diplomat xatırladıb ki, kütləvi qırğın silahı istehsalı proqramından könüllü surətdə imtina etmiş dövlətlər sonradan, hakimiyyətin zorla dəyişdirildiyi obyektə çevriliblər.
Onun sözlərinə görə, «şimali koreyalılar ABŞ və onun bölgədəki müttəfiqlərinin müntəzəm keçirdiyi genişmiqyaslı təlimləri, eləcə də bu ay şahidi olduğumuz kimi, əraziyə ABŞ hərbi-dəniz eskadrının göndərilməsini məhz belə qiymətləndirirlər».
«Düşünmək olar ki, Pxenyan son iki onilliyin tarix dərslərini pis öyrənməyib ki, kütləvi qırğın silahı yaratmaq istiqamətində öz proqramından könüllü imtina etmiş dövlətlər sonradan, xarici təcavüz və rejimlərin zorla dəyişdirildiyi obyektə çevriliblər» - deyə, Qatilov qeyd edib.
O, əlavə edib ki, ABŞ və Cənubi Koreyanın bölgədə raket əleyhinə müdafiə sistemi (THAAD) elementlərinin yerləşdirilməsi barədə ötənilki qərarı stabilliyi pozan əlavə faktor rolunu oynayıb.
«Bir daha ABŞ-ı və Koreya Respublikasını bu qərarın məqsədəuyğunluğu məsələsinə yenidən baxmağa, bölgənin digər iştirakçılarını isə belə pozucu cəhdlərin «şirinliyi»nə uymamağa çağırırıq» - deyə, rusiyalı diplomat çağırış edib.
Çin də öz növbəsində, ABŞ-ı və Cənubi Koreyanı KXDR əleyhinə yönəldilmiş hərbi təlimlərdən çəkinməyə çağırıb. Çin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Van İ bəyan edib ki, Pekin Cənubi Koreya Respublikası ərazisində ABŞ-n raket əleyhinə müdafiə (RƏM) sistemlərinin (THAAD) yerləşdirilməsi əleyhinədir.


Şərhlər