«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, alimlər bu təticəyə gəliblər ki, planetin mineral resurslarının tükənəcəyi barədə əvvəlki iddialar mifdən başqa bir şey deyil. Əldə edilmiş yeni məlumatlar göstərir ki, misin, sinkin və digər vacib metalların ehtiyatları əsrlərə bəs edəcək qədərdir və gələcəkdə hətta onların qiymətləri enə bilər.
Beynəlxalq araşdırmaçılar qrupu mühüm ağ metal filizlərinin (mis, sink və s.) istehlak dinamikasını analiz edərək, bu nəticəyə gəliblər ki, yaxın gələcəkdə bəşəriyyəti onların defisiti təhlükəsi gözləmir.
Məlum olub ki, sahə üzrə bundan əvvəlki həyacan doğuran proqnozlar bir sıra mühüm amilləri nəzərə almayıb. Üstəlik də müəlliflər ehtimal edirlər ki, gələcəkdə bu metalların qiymətləri hətta düşə bilər. «Geochemical Perspectives» nəşri bu barədə uyğun məqalə dərc edib.
Araşdırmaçılar əvvəlki proqnozların tarixcəsinə müraciət ediblər ki, guya mis, sink və digər metalların resursları tezliklə tükənəcək. Onlar aşkarlayıblar ki, ötən əsrin ortalarından belə proqnozlar müntəzəm olaraq ortaya çıxıb və onların hamısı vəd edib ki, artıq 30-40 ildən sonra sənaye istehlakı üçün bu metalları heç bir mənbəıdən əldə etmək mümkün olmayacaq.
Məhz buna əsasən həmin metalların qiymətlərində artım proqnoz edilib. Bütün hallarda proqnoz müəllifləri ehtiyatların təsdiq olunmamış həcmini əsas tutublar və bu zaman hələ kəşf olunmamış mədənləri nəzərə almayıblar. Başqa sözlə, müəyyən dairələr belə proqnozların köməyi ilə süni ajiotaj yaradaraq, qiymətləri süni şəkildə artırıblar.
Proqnoz müəllifləri həm də başqa bir səhvə yol veriblər - onlar daha «kasıb» filizlərin işlənməsini mümkün edəcək texnologiyaların inkişafı amilini nəzərdən qaçırıblar.


Şərhlər