“Bu işlə bağlı istintaq orqanları iş aparır və biz istintaqın işinə müdaxilə edə bilmərik”. Bunu AzPolitika.info-ya açıqlamasında İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Rauf Mirqədirovun müdafiə hüququnun məhdudlaşdırılması barədə verilən qərarla bağlı danışarkən deyib. Hüquq müdafiəçisi bildirib ki, istintaq getdiyi müddətdə yalnız Rauf Mirqədirovun saxlanma şəraiti ilə maraqlanmaq mümkündür:

“Biz sadəcə nəzarət edə bilərik ki, ona qarşı heç bir təzyiqə yol verilməsin və qanunvericiliyə uyğun normal şəraitdə saxlanılsın. Qaldı ki, istintaqın hər hansısa qadağalar qoyması ilə və hüquqlarının məhdudlaşdırılması məsələsinə, bu məhz istintaqın işidir və ora müdaxilə etmək olmaz. Ümumiyyətlə, biz istintaq işlərinə qarışmırıq. Əgər istintaqda qeyri-qanuni hərəkətlərə yol verilərsə, yəni təqsirləndirilən şəxsə təzyiq göstərilərsə biz müdaxilə edə bilərik. Lakin Rauf Mirqədirov da çıxışında bildirib ki, ona qarşı heç bir təzyiq göstərilməyib”.

Elçin Behbudov Rauf Mirqədirovun ailə üzvləri ilə görüşməsinə, telefon əlaqəsi yaratmasına və istədiyi qəzetləri almasına qadağa qoyulmasından da danışıb:

“Təcridxana tərəfindən hansı qəzetlər alınırsa, onlar da həbsdəkilərə verilir. Lakin Rauf Mirqədirovun vəkili var, Fuad Ağayev. O çox savadlı bir vəkildir və hətta dostumuzdur. O şəxsən bir vəkil kimi öz müvəkkili üçün qəzet apara bilər və heç bir problem olmaz. Ailə ilə görüş məsələsinə gəlincə isə, istintaq gedərkən və özüdə dövlətə xəyanətdə təqsirləndirilən biri kimi həbs olunanlara qarşı bu cür qadağaların qoyulmasına qanun icazə verir. Yenə də qeyd edim ki, bu həmin işi aparan müstəntiqdən asılıdır. Həmin müstəntiq bu qadağanı qoyada bilər, qoymaya da. Lakin çox zaman istintaq aparılarkən həbsdə olan insanlara görüş vermirlər”.

Ülkər Musazadə