Neft Fondunun hesabatı göstərir ki, bu ölkəyə investisiya qoyuluşunun perspektivi yoxdur

Xəbər verildiyi kimi Azərbaycan və Rusiya birgə investisiya fondu yarada bilər. Bunu Bakıda Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib. Aleksey Ulyukayev deyib ki, bu məsələ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə müzakirə olunub. “Rusiya-Azərbaycan fondu iri layihələrin həyata keçirilməsinə yardım edə bilər”, - deyə A.Ulyukayev qeyd edib.

Bu yaxınlarda isə SOCAR-la “Rosneft” arasında anlaşma və gələcəkdə investisiyaların hər iki ölkədə artırılması ilə bağlı memorandum imzalanıb.

Yəni, Azərbaycan Rusiyada yatırımlar etməyə həvəsli görünür. Lakin iqtisadçılar bildirir ki, Rusiyaya investisiya qoyulmasının perspektivi yoxdur. Ekspertlərin fikrincə, Azərbaycandan bundan yalnız itirə bilər. Çünki Rusiya yatırımlar üçün rislkli ölkə sayılır.

Deputat, iqtisadçı Vahid Əhmədov da Rusiya ilə dünya birliyi arasında problemlər yarandığını əsas gətirərək bu ölkəni Azərbaycan üçün riskli zona hesab edir. Bu baxımdan o, Rusiyaya yüksək səviyyədə investisiya qoyulmasını doğru hesab etmir.

Dövlət Neft Fondunun 2014-cü ilin birinci rübü üçün hesabatında da vurğulanır ki, 2014-cü ilin əvvəlində əvvəlində Ukrayna ilə bağlı hadisələrin nəticəsi olaraq Neft Fondunun Rusiyadakı investisiyalarının qiymətlərində kəskin enmə müşahidə olunmuşdur. Bununla bağlı digər investisiyalardan əldə edilən gəlirlərə baxmayaraq Fondun vəsaitlərinin idarə olunması cari ilin birinci rübü ərzində 1,8 milyon manat həcmində zərərlə nəticələnib. Bu fakt bir daha sübut edir ki, Rusiya investisiya qoyuluşu üçün riskli ölkədir və Azərbaycanın bu ölkəyə yatırım etməsinin mənfəətlə nəticələnməsi inandırıcı deyil.