Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Saatlı rayon şöbəsinin rəisi Bayram Mikayılov həbs edilib.“Qafqazinfo” xəbər verir ki, B.Mikayılov paytaxtın Xətai rayonunda arvadı Gülnarə Cəbrayılovanı mübahisə zəminində bıçaqlayıb. Bu barədə sayta G.Cəbrayılovanın vəkili Vasif İsrafilov məlumat verib. Belə ki, bu il yanvarın 26-da B.Mikayılov arvadının avtomobilinin qarşısını kəsərək onu öldürməklə hədələyib.
Bir saata yaxın davam edən mübahisəyə kənar şəxslər sakitləşdirmək üçün müdaxilə edib. Bu zaman şöbə rəisi B.Mikayılov bıçaq çıxararaq onu vurub. Ətrafdakı şəxslər yaralı qadını maşına oturdaraq xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 211.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Bu gün, yəni mayın 5-də B.Mikayılov təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib və saxlanılaraq Xətai Rayon Müvəqqəti Saxlanma Yerinə təhvil verilib.
Bayram Mikayılov “Qafqazinfo” ilə əlaqə saxlayaraq arvadını bıçaqlamadığını və polis tərəfindən saxlanılmadığını bildirib.
Ancaq vəkil Vasif İsrfailov sayta açıqlamasında qarşı tərəfin yalan danışdığını qeyd edib. Vəkil bildirib ki, B.Mikayılov barəsində təxminən yarım saat əvvəl Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə proses keçirilib. Hakim B.Mikayılovun dövlət işçisi olmasını nəzərə alaraq onun barəsində həbs-qətimkan tədbiri seçməyib.
B.Mikayılov hazırda istintaqı aparılan cinayət işində təqsirləndirilən şəxs olaraq qalır. İşi Xətai RPİ-nin müstəntiqi Şahsurvar Əliyev aparır.

Şərhlər