Menu

Azərbaycan millisi Oyunların ilk günündə rekord vurub - YENİLƏNİB

13.05.2017, 22:20
Azərbaycan millisi Oyunların ilk günündə rekord vurub - YENİLƏNİB

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 2 çəki dərəcəsində paracüdoçuların mübarizəsinə yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri günü 2 qızıl, 2 gümüş medalla başa vurublar.

Hər iki çəkidə finalda eyni ölkənin cüdoçuları üz-üzə gəlib. 57 kq çəkidə final görüşündə Afaq Sultanova Sevda Vəliyevanı, 70 kq çəkidə isə Ramilə Kaştayeva Turanə Ağayevanı üstələyib.

Beləliklə, Azərbaycanın bu gün əldə etdiyi qızıl medalların sayı 10-a, gümüş medalları 9-a çatıb. 3 bürünc medalın da əldə olunduğunu nəzərə alsaq, bu gün 22 medal qazanılıb. Bu nəticə ilə Azərbaycan medal əyarında birinci yerdə gedir. Say baxımından isə Türkiyə 27 medalla (10 qızıl, 7 gümüş, 10 bürünc) liderdir.

***

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları Azərbaycan milli komandası üçün rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yığmamız qızıl medal sayında tarixinin ən yaxşı nəticəsini göstərib.

2005-ci ildə keçirilən ilk oyunlarda cəmi 4, 2013-cü ildəki üçüncü yarışda 6 qızıl medal əldə edən Azərbaycan Bakıdakı idman tədbirinin mükafatların oynanıldığı ilk günündə rekord vurub. Belə ki, artıq millimizin 7 qızıl qazandığını söyləmək olar.

Düzdü, hesabımızda rəsmi olaraq 4 çempionluq var. Atıcılıqda Ruslan Lunyov (tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq) və Erdenebat Bazarraqça (cüdo, 48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Lakin yığmamızın bu gün daha üç qızıl medal qazanacağı dəqiqdi. Çünki üç finalda Azərbaycan dueli olacaq. Bunlardan biri cüdo, ikisi paracüdoda baş tutacaq. Kişilərin 73 kq çəki dərəcəsində Hidayət Heydərovla Rüstəm Orucov üz-üzə gələcək. Paracüdoda isə Afaq Sultanova ilə Sevda Vəliyeva (57 kq), Ramilə Koştayeva ilə Turanə Əliyeva (70 kq) qadınların yarışında qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol