Son günlər dünyanın ən məşhur mobil messenceri "WhatsApp" və "Skype" ilə bağlı Azərbaycanda problemlər yaşanır.
BakiPost.az xəbər verir ki, messencerin istifadəçiləri videozəng və zəng funksiyasından istifadə edə bilmir. Proqramarın zəng xidmətlərinin yalnız ölkəmizdə işləmədiyi bildirilir.
Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz belə halın olduğunu təsdiqləyib. Bildirib ki, bu kimi hallar adətən mobil operatorlardan qaynaqlanır: "Ola bilsin ki, bu problem mobil operatorların sistemində və provayderlerdədir. Bunu araşdırmaq lazımdır.
Lakin vurğulamaq lazımdır ki, bu problemlərin olmasında daha çox mobil operatorlar maraqlıdırlar. İnternet üzərindən aparılan zəng-danışıqlar onların gəlirlərinə müəyyən qədər təsir edir. Amma bu problem provayder səviyyəsində də ola bilir”.

Forum prezidenti hesab edir ki, hazırda ölkəmizdə beynəlxalq yarışların keçirildiyi bir zamanda bu məhdudiyyətin olması arzuolunan deyil: "Bununla bağlı Azərbaycanda tənzimləyici funksiya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindədir. Hesab edirəm ki, xüsusən indiki dövrdə - beynəlxalq yarışların keçirildiyi zamanda bu, arzuolunan bir şey deyil. Bura gələn kifayət qədər qonaqlar var ki, onlar internetə sərbəst giriş əldə edə bilirlər. Artıq şəhərdə pulsuz Wi-Fi interneti də var. Yəqin ki, qonaqlar bundan istifadə etməyə çalışacaqlar. Məhdudiyyətin olduğunu görəndə bu, onlar üçün pis sürpriz olacaq. Ona görə hesab edirəm ki, nazirlik bu məsələnin kökünü araşdırmalıdır”.


Şərhlər