“Bakı” klubunun futbolçusu Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- Adınız son günlər müxtəlif komandalarla birgə çəkilir. Konkret “Xəzər Lənkəran” və “İnter”in xidmətinizdə maraqlı olduğu deyilir. Bu klublardan təklif almısınız?

- Adımın müxtəlif klublarla birgə çəkilməsinin, xidmətimdə daha çox komandanın maraqlı olması sevindirici haldır. Amma hələlik “Bakı”ya məxsusam – 2016-cı ilin qışına qədər müqaviləm var. Bu səbəbdən fikir bildirməyim düzgün olmazdı.

- Müqavilənizin olmasına rəğmən, özünüzə başqa komanda tapmaq haqda düşünürsünüzmü?

- Yaxın günlərdə klubdadaxili iclas olacaq. Həmin toplantıda bütün suallara aydınlıq gətiriləcək.

- Toplantı nə vaxt keçiriləcək?

- Dəqiq tarix deyə bilməyəcəm. Çünki çempionat başa çatdıqdan sonra bütün futbolçular istirahətə buraxıldı. O gündən indiyədək bizimlə əlaqə saxlayan olmayıb. Oturmuşuq evdə, heç nədən xəbərimiz yoxdur.

- Bəs hazırlıq nə vaxt başlayacaq?

- Komanda iyunun 25-də toplaşmalıdı. Hər halda, istirahətə çıxmazdan öncə bizə belə deyilmişdi.

- “Bakı”nın futbolçularının bankdakı pullarının “oğurlanması” barədə xəbərlər yayılıb...

- Mən banka pul qoymuram.

- Maaşlarınız bankdakı hesabınıza köçürülür, yoxsa nağd alırsınız?

- Bankdakı hesabımıza köçürülür.

- Klubdan futbolçulara olan borcla bağlı nə deyirlər?

- Fikrimcə, müvəqqəti sıxıntıdır. Klub prezidenti Hafiz Məmmədovun bu problemləri yoluna qoyacağına inanıram. Düzdür, 4 aydı maaş almırıq, yaşamaq çox çətindir. Əlavə qazanc yerimiz də yoxdur. Hər birimiz ailə sahibiyik. Bu üzdən də çətinlik çəkirik. Ümid edirik ki, yaxın vaxtlarda problem həllini tapacaq.

- Fasilə zamanı dincəlmək üçün hansısa məkana üz tutdunuzmu?

- Xeyr, heç yerə getmədik. Bu il təəssüf ki, istirahətimizi evdə keçirməli olduq.

- Səbəbini deyə bilərsinizmi?

- Xaricə getməməyimizin müxtəlif səbəbləri var. Təbii ki, bura maddi problemləri də əlavə etməliyik.

- Hafiz Məmmədov müsahibələrinin birində yeni mövsümdə gənclərə daha çox şans veriləcəyini bildirmişdi. Bu addım komandanın məqsədinə təsir edəcəkmi?

- “Bakı”nın gənc yetirmələri də sözünü demiş futbolçulardır. Çempionat ərzində onlar müxtəlif oyunlarda meydana çıxdılar. Hamısı perspektivli uşaqlardır. Baş məşqçi şans verdiyi 4-5 futbolçu özünü yaxşı tərəfdən göstərdi. Onlar təcrübə qazandıqca daha çox fayda verəcəklər. Yaxşı olacağını düşünürəm.

- Həmin gəncləri birdən birə yox, tədricən “bişmələr”inə şərait yaratmaq daha effektli olmazdımı?

- Bu, klub rəhbərliyi səviyyəsində verilmiş qərardır. Onlar belə məsləhət biliblərsə, o cür də davam edəcək.