Menu

Millət vəkili dünya kubokunda iştirak edən kikboksçularla görüşdü - FOTOLAR

24.05.2017, 16:15
Millət vəkili dünya kubokunda iştirak edən kikboksçularla görüşdü - FOTOLAR

Mayın 18-dən 22-nə kimi Macarıstanda WAKO-nun təqvim planına uyğun olaraq dünya kuboku uğrunda kikboksinq yarışları keçirilib. Yarışda Azərbaycan Kikboksinq Federasiyasını təmsil edən idmançılar yüksək nəticələr əldə ediblər. Bu münasibətlə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev ölkəmizi təmsil edən idmançılarla görüş keçirib. Görüşdə federasiyanın vitse-prezidentləri Güloğlan Cabbarov, Kamal Axundov, idarə heyətinin üzvləri və bir qrup media nümayəndəsi iştirak edib.

Adil Əliyev çıxışında ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən federasiya prezidenti təmsilçilərimizin ən mötəbər yarışlardan vətənə yüksək əyarlı medallarla döndüklərini qeyd edib. Bildirib ki, bugünkü görüşdə iştirak edən kikboksçularımızın əldə etdikləri nailiyyət bunun əyani sübutudur: "Dünya kubokunda iştirak etmək çox yaxşı təcrübədi. Bu yarışa bizim federasiya kiçik heyətlə qatılmışdı. Ona görə də nəticəni müsbət qiymətləndirirəm. Hesab edirəm bu çox böyük uğurdu, yaxşı təcrübədi. İndi idmançılarımız növbəti yarışlara hazırlaşmalıdır”.

Millət vəkili eyni zamanda kikboksinqin ölkədə kütləvilyinin artırılması, gənclərin bu idman növünə cəlb edilməsi istiqamətində səylərini davam etdirdiklərini bildirib: “Cənab prezidentin idmana göstərdiyi qayğı və diqqət bizim də üzərimizə böyük məsuliyyət qoyur. Bütün sahələrdə yerli idmançılarla təmsil olunmağımız üçün daha böyük işlər görməliyik. Biz də gənclərimizin kikboksinq idman növünə cəlb olunması üçün Təhsil Nazirliyi ilə birlkdə çalışırıq. Məktəblərin idman zallarında kikboksinq üzrə dərs saaatlarından kənar məşqlər təşkil edirik. Bu, artıq öz bəhrəsini verməkdədir. Kikboksinq üzrə keçirilən yarışlarda artıq yüzlərlə gənc öz qüvvəsini sınayır. Bir neçə ildən sonra bu  yarışlarda minlərlə gənc iştirak edəcək. Bu da bir neçə baxımdan ölkəmiz, millətimiz üçün xeyirlidir.

Əvvəla, gənclərimiz idmana cəlb olunduğundan, zərərli vərdişlərdən uzaq dururlar. Biz orta məktəblərdə kikboks klublarını açmaqla gənclərimizin boş vaxtını idmana sərf etməsinə şərait yaradırıq. 

İkincisi, ordumuz fiziki cəhətdən daha güclü, düşməndən hərtərəfli üstün gənclərimizlə təmin olunacaq. Bu  günün şagirdləri sabahın əsgərləridir. Əgər biz məktəblərdə idmançılar yetişdirəcəyiksə, deməli, sabah orduya da idmançı, sağlam gənclər göndərəcəyik. 

Üçüncüsü də, beynəlxalq yarışlarda öz yerli idmançılarımızla təmsil olunmaq imkanı əldə edəcəyik. Bəzi yarışlar var ki, orada bizim idmançılarımz indi-indi görünməyə başlayıb. Amma ermənilər həmişə belə yarışlara qatılırlar. İstərəm ki, bizim də idmançılarımız bu yarışlarda iştirak etsinlər, öz potensiallarını nümayiş etdirib, güclərini göstərsinlər. Qoy bizim düşmənlərimiz hər yerdə Azərbaycan gücünü hiss eləsinlər. Bu sahədə də bizimlə üz-üzə gəlməkdən qorxsunlar. Gələ bilsələr, məğlubiyyətlərinin şahidi olsunlar. Mən gənclərimizə, idmançılarımıza inanıram. Azərbaycan idmançıları bizim üzümüzü ağ edirlər. Ölkəmizdə təşkil olunan istər Avropa Oyunları, istərsə də İslam Həmrəyliyi Oyunları bu sahəyə çox ciddi maraq yaradıb. İdmanla məşğul olmaq istəyən gənclərimizin sayı günü-gündən artır. Biz də bu marağı qiymətləndirməli, onları düzgün istiqamətləndirməliyik...”

Adil Əliyev həmçinin bu il kikboksinq üzrə türk dövlətlərinin idmançılarının yarşını təşkil etməyi planlaşdırdıqlarını bildirdi.

Yarış haqqında ümumi məlumat verən AKF-nin vitse-prezidenti Güloğlan Cabbarov qeyd etdi ki, Macarıstanın paytaxtında keçirilən kikboksinq üzrə dünya kuboku uğrunda yarışda yığma komandanın idmançısı Ruslan Musayev 67 kq çəki dərəcəsində yarımfinalda ukraynalı kikboksçu Sabar Yaraslovu məğlub edərək, finala yüksəlib və daha sonra o, final qarşılaşmasında bolqarıstanlı Dimtar Pençevə qalib gələrək, birinciliyə adını yazdırıb: “48 kq çəki dərəcəsində İmanov Məhəmməd 2-ci yerə, 63,5 kq çəkidə Teymurov Zəkulla, 67 kq çəkidə Ağamahmud Siracov 3-cü yerə layiq görülüblər. Veteranlar arasında isə yarışda Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin kikboksinq üzrə baş məşqçisi,əməkdar məşqçi Hakim Hacıyev bürünc medal qazanıb”.

Daha sonra gələcək yarışlar haqqında müzakirə aparılıb.

Rasim

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol