"Azərbaycan o ölkələrdəndir ki, orada qanun hakimiyyət sahiblərinə, məmurlara, deputatlara tabedir"
“Bəli, daşımalıdır. Yalnız fərdi cavabdehlik daşımır, eyni zamanda bu kütləvi qudurğanlıq və cəzasızlıq üçün də məhz deputatlar, məmurlar, nazirlər məsuliyyət daşıyır”.
Bunu AzPolitika.info-ya açıqlamasında siyasi şərhçi Mirzə Xəzər avtoxuliqanlıq və ya digər harın hərəkətlər edən məmur balalarına görə, vəzifədə olan qohumlarının cavabdehlik daşıyıb-daşımaması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu fenomen vəzifə sahiblərinin özlərini qanundan üstün saymasının birbaşa nəticəsidir: “Azərbaycan o ölkələrdəndir ki, qanun qarşısında hamı bərabər şəkildə məsuliyyət daşımır. Normal cəmiyyətlərdə hakimiyyət sahibləri, məmurlar və deputatlar qanuna tabedir. Azərbaycan o ölkələrdəndir ki, orada qanun hakimiyyət sahiblərinə, məmurlara, deputatlara tabedir. Neçə il qabaq ABŞ prezidentlərindən birinin övladı içkili vəziyyətdə maşın sürərkən yaxalanmışdı. Polis onun qollarını burub, məntəqəyə aparmışdı. ABŞ prezidenti bu işə müdaxilə edə bilmədi. Prezident sərxoş halda maşın sürən öz övladına arxa dursaydı, o, hakimiyyətdə qala bilməzdi. Azərbaycanda polis məmur, deputat, nazir övladına "çest" verir. İsraildə hərbi mükəlləfiyyət qanunu hamı üçündür. Prezident və baş nazirin, eləcə də nazir, deputat və məmurların övladları (oğlan və qız övladları) vaxtı gələndə könüllü surətdə əsgər gedir. Çünki prezidentin, baş nazirin, nazirlərin, deputatların, məmurların övladları əsgərlikdən yayınarlarsa, vəzifələrini itirərlər və qanun qarşısında cavab verərlər. Onlar qanuna əməl etməsələr, sıravi vətəndaşlar da əməl etməz. Bu bir zəncirdir. Bir həlqəsi qırılsa, sistem çökər."
Mirzə Xəzərin fikrincə, Azərbaycanda isə tamamilə başqa bir zehniyyət, təfəkkür mövcuddur. "Azərbaycanda nazirin, məmurun, deputatın övladının əsgərlik çəkməməsi adi haldır. Məmur balaları bahalı maşınlarda şəhər küçələrində lotuluq edir, kasıb övladları əsgərlikdə onların lotuluğunun keşiyini çəkir. Azərbaycanda 5-10 min əvvəl mövcud olmuş ibtidai icma münasibətləri zahirən yaşamır, amma daxilən yaşayır və həyat şərtlərinə təsir edir. Sivil qaydalar mövcud olmayan uzaq keçmişlərdə hüquq yox idi: qanun qolu güclünün, hakimiyyət sahibinin tərəfində idi. Tövratda "ayin le ayin, şen le şen" (göz əvəzinə göz, diş əvəzinə diş) qanunu zəifləri qolu güclülərdən qorumaq üçün yazılıb. Azərbaycan məmurları zahirən (geyim baxımından) 21-ci əsrin adamları kimi görünür, amma daxildə onların zehniyyəti hələ 10 min əvvəlki zehniyyətdir. Bəs məmuru başqası ilə əvəz etsələr, iş düzələr? Yox, bu zehniyyət, həyat tərzi cəmiyyətdə dərin kök salıb: Məmməd gedər, Həsən gələr, amma zehniyyət dəyişməz. Və hakim zümrəyə bu vəziyyət sərfəlidir. Bu ibtidai icma quruluşunun varisləri sistemi dəyişmək niyyətində deyil. Faciə bu deyil, odur ki, xalqın böyük əksəriyyəti hələ öz vəziyyəti ilə barışmış kimi görünür. Oyanan günə kimi də, məmur övladları küçələrdə lotuluq edəcəklər...”
Ülkər Musazadə

Şərhlər