“ İqtisadiyyat” qəzetinin rəhbəri, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə qəzetdə dərc olunan plagiat məqalənin müəlliflərinin cəzalandırılmasına münasibət bildirib.

Ziyad Səmədzadə “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, “Mətbuat haqqında qanun”a görə qəzetlərdə çıxan məqalələrə müəlliflər cavabdehdirlər: “Qəzetdə az sayda adam çalışır. Onların elmi məqalələri araşdırmaq imkanları yoxdur. Məqalə redaksiyaya daxil olub. Burda qəzetin heç bir günahı yoxdur. Əgər məqalə redaksiya heyəti tərəfindən hazırlansaydı, məsələ başqa olardı”.

Ziyad Səmədzadə İqtisadiyyat İnstitutunun rəhbərliyinin tamamilə düzgün qərar çıxardığını vurğulayıb: “ Biz bu qərarı alqışlayırıq. Kim redaksiyanın günahkar olduğunu deyirsə, deməli, mətbuat və söz azadlığı haqqındakı qanunlardan xəbərsizdir. Mən qətiyyətlə bildirirəm ki, əgər plagiatdırsa, həmin şəxslər məsuliyyət daşımalıdır. Məqaləni redaksiyaya həmin müəlliflər təqdim ediblər. Hesab edirəm ki, Nazim İmanovun mövqeyi tamamilə düzgündür, realdır. Plagiatdan istifadə edib elmə gələn işçilərə qarşı bundan sonra da ciddi tədbirlər görülməlidir”.

Plagiatlıqda ittiham olunan professorlar isə teleqraf.com saytına açıqlamalarında yazılarının plagiatlığından xəbərsiz olduqlarını, imzalarının formal xarakter daşıdıqlarını bildiriblər.

Xatırladaq ki, Nazim İmanov may ayının 7-də İqtisadiyyat İnstitutunun direktoru təyin olunub.