AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Ceyms Mettis Koreya Xalq Demokratik Respublikasını (KXDR) ölkəsi üçün «birbaşa təhlükə» adlandırıb. Onun sözlərinə görə, Koreya yarımadasında potensial müharibənin özü isə gerçək fəlakət ola bilərd. Odur ki, Vaşinqton bu problemi diplomatik yolla həll etməyə çalışır.
Mettis bu barədə «CBS» telekanalına müsahibəsində bəyan edib.
«Şimali Koreya ilə münaqişə həqiqətən bir çox insanların həyatında ən fəlakətli müharibə olardı» - deyə, Pentaqonun başçısı bildirib və xatırladıb ki, Seula zərbə endirmək üçün KXDR ordusunun sərəncamında «yüzlərlə artilleriya silahı və raket qurğuları» var.
«Bu rejim - bölgə üçün təhlükədir, Yaponiya üçün, Cənubi Koreya üçün təhlükədir. Müharibə başlanacağı təqdirdə isə həm də Çin və Rusiya üçün təhlükədir. Bu rejim - Birləşmiş Ştatlar üçün birbaşa təhlükədir» - deyə, Mettis qeyd edib.
Onun sözlərinə görə, «gözləmək olmaz» ki, Pxenyanın əlinə «nüvə başlıqlı qitələrarası ballistik raketlər düşsün».


Şərhlər