Rəsmi statistika qeyri-neft sektorunda 6 faizlik artımın olduğunu iddia etsə də, realda bu bölüm tənəzzül içindədir
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət və özəl şirkətləri, habelə fiziki şəxslər dünyanın 122 ölkəsində ticarət əməliyyatları həyata keçiriblər. Yerli kommersiya strukturları 76 ölkəyə məhsul ixrac, 117 ölkədən isə məsul idxal edib. Xarici ticarət dövriyyəsi iştirakçılarının 42-si Avropa, 25-i Amerika, 38-i Asiya ölkələri və digərləridir.
Dörd ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 13 milyard 465,8 milyon dollar, o cümlədən ixracın həcmi 10 milyard 731,1 milyon dollar, idxalın həcmi 2 milyard 734,7 milyon dollar təşkil etmiş, nəticədə 7 milyard 996,4 milyon dollarlıq müsbət saldo yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 491 milyon dollara çatıb.
Beləliklə, ixracın strukturunda neft sektorunun payı fantastik həddə - 95,5 faizə çatıb. Qeyri-neft sektoru ixracın sektorunda simvolik payla - 4,5 faizlə təmsil olunub. Bu, son illərin ən aşağı göstəricisidir. Adətən ixracda neft sektorunun çəkisi 92-93 faiz arasında dəyişirdi. İndi isə bu göstərici daha da şişərək 95,5 faizə çatır. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 11 faiz azalıb.
O da maraqlıdır ki, ölkədə neft hasilatı azalmağa doğru gedir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 5 faiz azalıb, qeyri-neft sektorunda isə artım müşahidə edilib. Rəsmi statistikaya görə, qeyri-neft sektorunda artım 6 faizə çatıb. Bu halda təbii ki, ixracın strukturunda neft sektorunun çəkisi azalmalı, qeyri-neft sektorunun çəkisi isə artmalı idi. Ancaq əksinə olub - neft hasilatının azalmasına baxmayaraq bu sektor ixracda dominantlığını daha da möhkəmləndirib. Bu, iki faktorla bağlı ola bilər.
Birinci ehtimal: qeyri-neft sektorunun inkişafı barədə məlumatlar saxtalaşdırılıb. Realda bu sektorda nəinki artım templəri mövcud deyil, əksinə, tənəzzül neft sektoru ilə müqayisədə daha sürətlə gedir. Bunun da nəticəsində ixracda qeyri-neft sektorunun payı daha da azalıb.
İkinci ehtimal: qeyri-neft sektorunda istehsal edilən mallar standartlara uyğun olmadığı üçün xarici bazarlara çıxarılmır. Nəticədə ixracın strukturunda qeyri-neft sektorunun payı getdikcə azalır.
Bu amillər bir-birini inkar etmir, əksinə, tamamlayır. Ölkə iqtisadiyyatının inhisarlaşması müəssislərin rəqabətə davamlı məhsul istehsalına imkan vermir. Eyni zamanda inhisarlaşma istehsal həcmlərinin azalmasına gətirib çıxarır.
Beləliklə, hökumətin qeyri-neft sektorunun inkişafı ilə bağlı gurultulu bəyanatlarının sabun köpüyündən başqa bir şey olmadığı ortaya çıxır. Neft sektorunu çıxsaq, Azərbaycan bu məsələdə kasıb Ermənistana belə uduzur. Ermənistan 2013-cü ildə xarici bazarlara 1,6 milyard dollarlıq məhsul çıxarıb - orta hesabla ayda 137 milyon dollarlıq mal. Ancaq bu ilin ilk dörd ayının yekunlarına görə, Azərbaycan orta hesabla hər ay dünya bazarına cəmi 122 milyon dollarlıq məhsul çıxarır. Hökumət şişirdilmiş rəqəmləri ictimai rəyə yeritməkdənsə, bu məsələ haqda düşünsə daha yaxşı olar. Neft hasilatı azalmaqda davam edəcəksə, bu problem daha qabarıq görünəcək.(musavat.com)

Şərhlər