Menu

Azərbaycanlı alimlərin kitabı Moskvada nəşr olunub

15.06.2017, 15:50
Azərbaycanlı alimlərin kitabı Moskvada nəşr olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Əməkdar Elm Xadimi, professor Tofiq Quliyev və iqtisad elmləri doktoru “Menecement” kafedrasının professoru Şəfa Quliyevanın birgə müəllifi olduğu “İqtisadi sistemlərin sabitliyi və etibarlılığı" (“Об устойчивости и надежности экономических систем”) adlı monoqrafiyası Moskvanın nüfuzlu “Ekonomika” nəşriyyatı tərəfindən çap olunub.

Kitab Rusiya elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Bunu kitaba iqtisadi elmlər doktoru, professor, “Rusiyanın ali təhsilinin fəxri işçisi” N.İ. Braqin və texniki elmlər doktoru, professor, “Rosneftqaztikinti” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri və Baş direktoru İ.İ. Mazur tərəfindən verilən rəylər də sübut edir.

Belə ki, professor N.İ. Braqin tərəfindən kitaba verilən rəydə göstərilir ki, işdə qoyulan problemə bir sıra yeni yanaşmalar mövcuddur: "Birincisi, "sistem" anlayışının olduqca mühüm iqtisadi kateqoriya kimi fəlsəfi mənası verilib ki, bu son illərdə çox nadir hallarda rast gəlinir.

İkincisi, işin mühüm elmi yeniliyi tənzimləmə sisteminin sabitliyi və sistemin tənzimlənməsi şərtləri arasında olan fərqlərin müəlliflər tərəfindən müəyyən edilməsidir. Bu isə müasir xarici iqtisadi çağırışlar şəraitində xüsusi əhəmiyyət kəsb edir. Bu fikri inkişaf edərək, müəlliflər qeyd edirlər ki, bütün elmlərin sintezinə əsaslanan tənzimlənməni “tənzimləmə elmi” adlandırmaq olar. Beləliklə, tənzimlənmənin hər bir sahədə mövcud olması tamamilə zəruridir.

Üçüncüsü, müxtəlif elmi biliklər sisteminə əsaslanan yeni bir elmin-sistemlik elminin - formalaşdırılmasının vacib olması haqqında müəlliflərin təklifləri təqdirəlayiqdir. Buna səbəb - müəlliflərin sistemə idrak prizmasından baxmasıdır.

Rəydə tədqiqatın digər sahələrinin də böyük maraq doğurduğu qeyd edilir. Müəlliflər tərəfindən sabit və qeyri-sabit iqtisadi sistemlərin birgə fəaliyyəti problemlərinin araşdırıldığı vurğulanılır: “Müəlliflər nəticə çıxarır ki, müasir şəraitdə hər bir ölkənin iqtisadiyyatında təsərrüfat sistemləri və iqtisadi proseslər obyektiv olaraq davamlı və sistemli tənzimlənmə tələb edirlər”.

İşdə bir sıra belə elmi tədqiqatlar mövcud olduğu da vurğulanır: “Ümumiyyətlə, qeyd etmək lazımdır ki, iş geniş oxucu kütləsində böyük maraq yaradacaq, bir çox gənc tədqiqatçılar üçün mühüm elmi və metodiki təlimat olacaq”.

Texniki elmlər doktoru, professor İ.İ. Mazur tərəfindən verilən rəydə də monoqrafiyanın əhəmiyyəti vurğulanır. Qeyd edilir ki, müəlliflər iqtisadi sistemlərin fəaliyyətinin bazar münasibətləri şəraitində araşdıraraq, xüsusi diqqəti onların bütövlüyü və tarazlığına yönəldirlər.

“Dinamik iqtisadi sistemlərin sabitlik problemi müəyyən xaos və rəqabət şəraitində araşdırılır. Kitabda əsas diqqət iqtisadiyyatın bazar modelinin sistem çatışmamazlığı xüsusiyyətlərinin təhlilinə verilir. Müəlliflər tərəfindən təklif edilən iqtisadiyyatın tənzimlənməsidə dövlət və bazar mexanizmlərinin lazımsız funksiyalarından imtina etmək mühümdür” deyə rəydə bildirilir.

Professor İ.İ. Mazur Azərbaycanlı alimlərin yazdığı kitabın "İqtisadiyyatın rasional modelləri" sərlövhəli son fəsilinin xüsusi diqqətə layiq olduğunu qeyd edir: “ Müəlliflər iqtisadi proqnozları, iqtisadi modelləri müəyyən edərkən, keyfiyyət və etibarlılıq, eləcə də mənəvi ədalət prinsipinə xüsusi diqqət yetirirlər, inteqrasiya düşüncəsindən istifadə edirlər. İqtisadiyyat sahəsində bazar ekstremizminin və terrorizminin yolverilməz olduğu haqqında nəticə çıxarılıb”.

Professor İ.İ. Mazur öz rəyində kitabın müəlliflərindən olan tanınmış alim, professor Tofiq Quliyev haqqında da yüksək fikirlər bildirib: “Quliyev Tofiq Əvəz oğlu elmi ictimaiyyət tərəfindən yaxşı tanınan və yüksək qiymətləndirilən alimdir, bir neçə monoqrafiyanın müəllifidir: “O, tamamilə haqlı olaraq, yeni bir elmin – iqtisadi davranış elminin formalaşdırılması haqqında məsələ qaldırır. Və hesab edir ki, sistemin etibarlı olması prinsipi müasir iqtasadiyyatda tamamilə prioritetlidir”.

Qeyd edək ki, professor Tofiq Quliyev Rusiya elmi ictimaiyyəti tərəfindən yaxşı tanınan alimlərimizdən biridir. Onun Moskvada ən nüfuzlu nəşriyyatlar tərəfindən çoxlu sayda kitabları və monoqrafiyaları çap edilib. Belə ki, 1967-ci ildə Moskvanın “Mısl” nəşriyyatında mənafelər problemi, 1974-cü ildə isə əməyin reduksiyasına həsr edilmiş monoqrafiyaları çap edilb. Bu monoqrafiyalar həmin dövr böyük elmi müzakirələrə səbəb olub.

2001-ci ildə prof. T.Ə. Quliyevin rus dilində nəşr olunmuş “Tənzimlənən bazar iqtisadiyyatı” kitabı Moskvanın “Mısl” nəşriyyatı tərəfindən yenidən çap olunub.

2013-cü idə Moskvanın nüfuzlu “Ekonomika” nəşriyyatında Azərbaycan aliminin “İqtisadi məntiq”, 2014-cü ildə isə “Liberalizmin böhranı” adlı fundamental tədqiqatlarının nəticələri monoqrafiyalar şəklində rus dilində çap edilərək yayılıb.

Bu ilin əvvəlində professor Tofiq Quliyev Rusiyanın paytaxtı Moskva şəhərində yerəşən Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinə mühazirələr oxumaq üçün dəvət olunub. Dəvət məktubunda Professor Tofiq Quliyevlə elmi sferada bir sıra istiqamətlər üzrə əməkdaşlıq etmək niyyəti də vurğulanıb.

Onu da qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Əməkdar Elm Xadimi professor T.Ə. Quliyev dünyada əmək sahəsində ən güclü mütəxəssislərdən biri hesab olunur.Onun dünyanın 30-dan çox ölkəsində, o cümlədən Harvard Universitetinin kitabxanasında 5 kitabı oxuculara təqdim edilmişdir. Kitabxananın direktoru Kristin Conson bildirmişdir ki, Tofiq Quliyevin kitabları ən çox oxunan, sitat gətirilən mənbələr sırasına daxildir. Kitabxananın “Xəbərlər” bülletenində və elektron versiyada həmin kitabların ingilis dilində mükəmməl annotasiyası verilmişdir. Xaricdə alimin əsərlərinə 180-dən artıq istinad qeydə alınmışdır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol