Azərbaycanın keçmiş baş naziri Sürət Hüseynov Moderator.az saytına müsahibə verib. Qısa müsahibəni təqdim edirik:
- Son günlər sizi Rusiyada hansısa diaspor fəaliyəti ilə bağlayırlar. Bu informasiyalar nə dərəcədə doğrudurmu?
- Bunlar şayiədi. Mən uzun müddətdi Türkiyədə yaşayıram. Rusiya ilə heç bir əlaqəm, bağlılığım yoxdur. Rusiyada diaspora işiylə orda yaşayanlar məşğul ola bilərlər. Mənim Rusiya ilə ümumiyyətlə heç vaxt bağlılığım olmayıb. Amma hər zaman məni Rusiya ilə bağamaqda maraqlı olublar.
- Sizcə nədən KİV-də yanlış məlumatlarla adınızı gündəmə gətirirlər?
- Bu mənim üçün prinsipial bir məsələ deyil. Yəqin onlara belə sərf edir. Ancaq həqiqət olmadığından tezliklə hamı unudacaq. Yalan ayaq tutsa da yeriməz...
- Belə başa düşdüm ki, hər hansı ictimai- siyasi fəaliyyətlə məşğul deyilsiniz. Bəs yaxın gələcəkdə belə bir planınız varmı?
- İnsan cəmiyətdə yaşayısra, hər hansı fəaliyyətlə məşğuldursa, deməli, bir növ ictimai həyatın içindədədir. Ancaq ayrıca, sistemli şəkildə ictimai-siyasi fəaliyətlə məşğul olmaqla bağlı niyyətim, planlarım yoxdur.
- Belə bir gündə Sizinlə əlaqə yaradaraq Gəncə hadisələri barədə soruşmamaq qəbahət olardı. 4 iyun hadisələri haqqında hər dəfə mediada əleyhinizə çoxsaylı ittihamlar səsləndirilir, ancaq Siz bir qayda olaraq susursunuz. Tarixdə hər olaya vaxtında verilən qiymət daha dəyərli olur axı...
- Mən susmamışam və vaxtında sözümü demişəm. Hesab edirəm ki, Qarabağ döyüşlərinin iştirakçıları və o dövrdə ölkədə baş verənləri saf-çürük edənlər həqiqətin harada olduğunu və günahkarların kimliyini bilir. 4 iyun hadisələri haqqında Milli Məclisin 16 iyul 1993-cü il tarixli Qərarı var. Bu Qərar hadislərdən dərhal sonra MM tərəfindən yaradılmış deputat istintaq komisiyasının rəyi əsasında verilib. Yaxşı olardı ki, 4 iyun hadisələri ilə bağlı KİV-də həmin rəy dərc olunsun, komissiyanın sədri Mətləb Mütəllimov və üzvlərinin fikirləri işıqlandırılsın. Mənə gəlincə, ayrı- ayrı vaxtlarda 4 iyun hadisələri ilə bağlı geniş müsahibələr vermişəm. 4 iyun hadisələri barədə Qarabağda şücaətli komandir kimi tanınan və həmin tarixi canlı yaşayan Nazim Bayramovun saytınızda gedən silsilə yazılarını izləyirəm. Birmənalı şəkildə qeyd edirəm ki, o yazılar həmin dövrün hərbi əməliyyatları və baş verən eybəcərliklər haqqındakı həqiqəti əks etdirir.


Şərhlər