Fövqəladə hallar nazirinin “sən kişi adamsan” dediyi zavod direktorunu onun adı ilə neçə müflis etdilər?

Azərbaycanda özəlləşdirmə prosesində ciddi qanunsuzluqların baş verdiyi, sadə vətəndaşların və iş adamlarının hüquqlarının müxtəlif səlahiyyətli şəxslər tərəfindən pozulduğu haqda çox yazılıb. Təəsüf ki, bir çox hallarda ayrı-ayrı şəxslərin maraqlarına xidmət edən bu qanunsuzluqların baş verməsində özəlləşdirmə prosesini həyata keçirən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) vəzifəli şəxsləri də iştirak edir. Məhz buna görə də, özəlləşdirmədəki qanunsuzluqlarla bağlı məhkəmələrə, ölkə rəhbərliyinə, hətta beynəlxalq təşkilatlara müraciət edən insanların sayı kifayət qədər çoxdur. Ancaq ortaya çıxan məlumatlar, faktlar göstərir ki, Komitə rəhbərliyini özəlləşdirmədə vətəndaşlara, iş adamlarına yaradılan probləmlər, bu səbəbdən dövlətin imicinin zədələnməsi deyil, öz şəxsi maraqlarını necə təmin etmək düşündürür. Və bu zaman onlar nəinki qanunları pozmaqdan çıkinmirlər, hətta öz maraqlaını təmin etmək naminə ayrı-ayrı yüksək vəzifəli şəxslərini adı ilə insanları qorxutmağı belə sınaqdan keçirirlər. Hətta bu yolla bir çox hallarda da istəklərinə nail olurlar. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifəli şəxsi hansısa iş adamına, kollektivə deyəndə ki, “boşuna çabalama, sizin obyektinizi filan nazir özəlləşdirir”, istər-istəməz onların əlləri boşalır, müqavimət göstərə bilmirlər. Bu da imkan verir ki, ƏMDK həmin obyekti istədyi adama, istədiyi qiymətə satsın…

Elə bu yazını hazırlamağımızın bir növ səbəbkarı olan Güləhməd Güləhmədovun başına gətirilənlər də ƏMDK rəhbərliyinin bu məsələlərdə nə qədər “mahir siyasət” yürütdüyünü ortaya çıxarır.

Qısası, bu yazıda ƏMDK-nın sədri Kərəm Həsənov və onun müavini Rüstəm Şahbazovun ölkənin strateji bölgəsində yerləşən zavodu və onun 100-lərlə hektar ərazisini ermənilərlə bağlılığına dair ciddi iddialar olan bir xarici iş adamına satmaq üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından neçə istifadə etdiklərindən bəhs edəcəyik…

Güləhməd Güləhmədovun sözlərinə görə, Kəmaləddin Heydərov həmçinin onu da qeyd edir ki, bəzi balıqçılıq müəssisələri, o cümlədən “Xudat Balıq” ASC ilə Əhəd Pur adlı İran əsilli iş adamının maraqlanığından xəbərdardır: “Ona görə də, mənə Əhəd Puru tapıb onunla görüşməyi məsləhət bildi. Həmçinin, bir telefon nömrəsi verib dedi ki, mənim adımdan istifadə olunması faktı ilə qarşılaşdıqda və ya hər hansı sözün olarsa köməkçim Qüdrətlə əlaqə saxla.”

K. Heydərovla görüşdən ümidlə çıxan G.Güləhmədovda zavodun özəlləşdirilməsindəki qanunsuzluqlara, nəhayət, son qoyulacağına inam yaranır. Ancaq sən demə əsl fırıldaqlar bundan sonra olacaqmış...

Qeyd edək ki, Kəmaləddin Heydərov görüş zamanı Güləhməd Güləhmədova məsələ ilə maraqlanacağını, probemi yoluna qoymağa çalışacağını da vəd edir.

Görüşdən sonra G.Güləhmədov bir neçə dəfə Kəmaləddin Heydərovun köməkçisi ilə əlaqə saxlayır. Ancaq müəyyən səbəblərdən Heydərovun özü ilə danışa bilmir. Təxminən 2 aydan sonra Qüdrət bildirir ki, Kəmaləddin müəllim ona Əhəd Purla görüşüb ortaq bir məxrəcə gəlməyi tövsiyyə edir.

Güləhməd Güləhmədov sonradan K.Heydərovla görüşə bilmədiyindən, bunun həqiqətən də nazirin özünün tövsiyyəsi olub-olmadığını aydınlaşdıra bilmir. Deyir bəlkə də, hansısa maraqlı tərəf Qüdrətə nazirin xəbəri olmadan belə dedirtmişdi... Ancaq o dövrdə heç nədən şübhələnmədiyindən, Qüdrətin K.Heydərovun adından söylədiyi tövsiyyəni qəbul edir və ortaq məxrəcə gəlmək üçün Əhəd Purla görüşməyə razılaşır. Və məhz Kəmaləddin Heydərova hörmət əlaməti olaraq, qanuni haqqı olan zavodundan Əhəd Pura da pay vermək üçün onunla danışmağa qərar verir.

Rüstəm Şahbazovun kabinetinə Əhəd Purun əvəzinə Mehmanşah Həsənov gəlir

Bundan sonra – 2005-ci ilin əvvəllərində Güləhməd Güləhmədov yenidən Rüstəm Şahbazovun yanına gedərək, ona Heydərovla görüşdüyünü, onun “Xudat Balıq” ASC-lə maraqlanmadığını bildirir. Rüstəm Şahbazov əvvəlcə G.Güləhmədova inanmır. Ancaq Heydərovun ona “Xudat Balıq” ASC-lə o vaxta qədər adını gizli saxladıqları Əhəd Purun maraqlandığını söylədiyini dedikdə, Şahbazovun rəngi dəyişir. O, Güləhmədovun həqiqətən Kəmaləddin Heydərovla görüşdüyünü və zavodu əslində kimin ələ keçirmək istədiyini öyrəndiyini görür.

Bundan sonra Rüstəm Şahbazov rəhbərliklə danışdıqdan sonra ona bir söz deyə biləcəyini söyləyir. Elə həmin günün axşamı Rüstəm Şahbazov G.Güləhmədova zəng edərək, həm rəhbərlik, həm də Əhəd Purla müəyyən razılıq əldə edildiyini bildiir və səhəri gün saat 11:00 radələrində onun qəbulunda olmağı xahiş edir.

Güləhməd Güləhmədov deyilən vaxt Rüstəm Şahbazovun qəbulunda olur. Zənn edir ki, Əhəd Purla görüşəcək. Ancaq Əhəd Purun əvəzinə Rüstəm Şahbazovun otağında əvvəllər rastlaşdığı başqa bir şəxsi - Mehmanşah Həsənovu görür. Hansı ki, bu Mehmanşah Həsənov “Xudat Balıq” ASC hələ özəlləşməyə çıxarılmazdan əvvəl G.Güləhmədovun yanında olaraq zavodu almaq istədiyini bildirib. G.Güləhmədov da zavodu satmadıqlarını, kollektivlə birgə özünün özəlləşdirəcəyini söyləyərək, onu əliboş yola salıb. Bu da onlar arasında narazılığa səbəb olmuşdu.

Əhəd Pur Kəmaləddin Heydərovun ona problemi yoluna qoymağı tapşırdığını söyləyir

Buna görə də Güləhməd Güləhmədov Rüstəm Şahbazovun otağında Mehmanşah Həsənovla rastlaşdıqda onunla hər hansı danışıq aparmaq niyyətində olmadığını bildirir: “Dedim ki, Kəmaləddin Heydərov mənə Əhəd Purla görüşüb razılığa gəlməyi tövsiyyə edib. Başqa bir şəxslə nə görüşmək, nə də zavoddakı payımdan onun xeyrinə imtina etmək fikrim var.”

Bu vaxt Rüstəm Şahbazov bildirir ki, Əhəd Pur xarici ölkə vətəndaşı olduğundan, o, birbaşa hansısa müəssisənin özəlləşdirilməsində iştirak edə bilməz. Buna görə onun “AZF Co LTD” firmasının icraçı direktoru vəzifəsini daşıyan Mehmanşah Həsənovla danışıq aparıb, müəyyən razılığa gəlməlisiniz. Rüstəm Şahbazovun otağından Əhəd Pura zəng edirlər. O da Kəmaləddin Heydərovla dost olduğunu bildirir və indiki nazirin ona problemi yoluna qoymağı tapşırdığını söyləyir. Əlavə də edir ki, Mehmanşah Həsənov onun adından danışır və onunla bu məsələdə razılığa gələ bilər.

“Dedim, bir halda ki, Kəmaləddin Heydərov belə istəyir, mən də etiraz etmirəm”

Bundan sonra G.Güləhmədov Mehmanşah Həsənovla danışıq aparmağa razılaşır və onlardan nə istədiklərini soruşur. Rüstəm Şahbazov isə bildirir ki, sən çek hərracında udduğun 55 faizdən imtina etməlisən: “Şahbazov dedi ki, bunun üçün hərracda mənim qalib gəldiyimi təsdiq edən 11054 ədəd çeki Auksion Mərkəzindən geri götürməliyəm. Əvəzində isə mənə pullu hərraca çıxarılacaq 30 faizi almaq imkanı yaradacaqlarını vəd etdilər. Mehmanşah Həsənov da bu təkliflə razı olduğunu bildirdi. Üstəlik iddia etdi ki, bu Kəmaləddin Heydərovla da razılaşdırılıb”.

Ortada yenə Kəmaləddin Heydərovun adı olduğundan, G.Güləhmədov külli miqdarda ziyan etsə də, təkliflə razılaşır. Yəni, özünə aid olan 55 faizdən imtina etməyə, üstəlik 30 faizi də pulla almağa razılaşır. Ancaq Rüstəm Şahbazov dəfələrlə onu aldatdığından bu dəfə işini ehtiyatlı tutmaq qərarına gəlir: “Dedim, bir halda ki, Kəmaləddin Heydərov belə istəyir, mən də etiraz etmirəm. Ancaq sizə də etibarım yoxdur. Bu qədər baş verənlərdən sonra inamımı itirmişəm. Ona gərə də, 55 faizdən o halda imtina edəcəyəm ki, əvvəla, 30 faizi pullu hərracda aldığım rəsmiləşdiriləcək. İkincisi də, kollektivdə olan 13,4 faiz səhmlə birlikdə biz yeni səhmdar cəmiyyət yaradacağıq. Daha dəqiqi, “Xudat Balıq” ASC-nin 2 yerə bölünməsini təklif etdim. Mənə və kollektivə birlikdə məxsus 43,4 faiz səhmlə biz bir səhmdar cəmiyyət yaradacağımızı bildirdim. Qalan 56,6 faiz səhmlə də (bunun 55 faizi də G.Güləhmədovundu və o özü imtina edəcəkdi - müəl.) onların ikinci bir səhmdar cəmiyət yarada biləcəklərini söylədim. Bir sözlə, özəlləşmə başa çatdıdan onra ilk iclasda “Xudat Balıq” ASC-nin 2 yerə ayrılmasını və səhm faizinə uyğun hər tərəfin öz payını götürməsini təklif etdim”.

“Xudat Balıq” ASC-nin pullu hərraca çıxarılan 30%-ni də Güləhmədov alır

Rüstəm Şahbazov və Mehmanşah Həsənov öz aralarında bir müdət müzakirə apardıqdan sonra G.Güləhmədovun təklifilə razılaşırlar. Elə dərhal da Auksion Mərkəzindəki 11054 ədəd çekini götürməsini, 55 faizdən imtina etməsini istəyirlər. Ancaq G.Güləhmədov bildirir ki, 30 faizi rəsmiləşdirdikdən sonra çeklərini geri götürəckək: “Ancaq Rüstəm Şahbazova onu da dedim ki, bu işin başa çatdırılması sizin məsuliyyətinizdədir. O da balalarının canına and içərək dedi ki, hər şey danışılan kimi olacaq. Ortada o boyda kişinin (Kəmaləddin Heydərov nəzərdə tutulur-müəl.) sözü var. Bununla da söbətimiz yekunlaşdı və mən Rüstəm Şahbazov və Mehmanşah Həsənovla görüşüb ayrıldım”.

Bu görüşdən bir müddət sonra “Mülkiyyət” qəzetində “Xudat Balıq” ASC-nin 30 faizlik səhminin pullu hərraca çıxarılmasına dair elan verilir. Hərrac 29 mart 2005-ci il tarixdə keçirilir. Başqa heç bir iddiaçı olmadığından hərracda 30%-i - 116 422 ədəd səhmi o vaxtın pulu ilə 43 milyon 658 min manat ödəməklə, G.Güləhmədov alır.

Şahbazov 11054 ədəd çek təhvil verməsi barədə qəbzi geri qaytarmağı tələb edir

G.Güləhmədovun sözlərinə görə, bundan sonra Rüstəm Şahbazov onu yanına çağıraraq hərracın nəticələrini elan etməzdən qabaq ondan Auksion Mərkəzinə 11054 ədəd çek təvil verməsi barədə 2 saylı qəbzi geri qaytarmağı tələb edir. Əks halda həm çekləri geri qaytarmayacaqlarını, həm də pullu hərrac üçün müqavilə bağlamayacaqlarını bildirir. G.Güləhmədov şübhələndiyindən əvvəl müqavilə bağlamağı, çekləri qaytarmağı istəyir və yalnız bundan sonra qəbzi geri verəcəyini bildirir. Belə də edir.

Hüquqşünasla bilikdə Auksion Mərkəzinin rəhbəri Ağaəli Əhmədovun yanına gedir. G.Güləhmədovun yanında hüquqşünas gətirməsi onları narazı salsa da, 30 faiz səhmin alınması ilə bağlı müqaviləni bağlayırlar. Zavodun 30 faiz səhmi G.Güləhmədovun adına sənədləşdirilir. Bundan sonra Ağaəli Əhmədov təklif edir ki, Auksion Mərkəzinə 11054 ədəd çek təhvil verməsi barədə 2 saylı qəbzi geri qaytarsın. G.Güləhmədov çekləri tələb etdikdə, deyir get Rüstəm Şahbazovun yanına, o qaytaracaq.

“Dedi ki, 11054 ədəd çekini I umumi yığıncaqdan sonra geri alacaqsan”

Buna görə də, G.Güləhmədov qəbzin əslini deyil, surətini Ağaəli Əhmədova verərək, gəlir Rüstəm Şahbazovun yanına. Olanları R.Şahbazova danşıb, razılığa əməl olunmasını, “Xudat Balıq” ASC-nin 2 yerə bölünməsini və çeklərinin geri qaytarılmasını tələb edir. R.Şahbazov da ona darıxmamağı məsləhət bilir: “Dedi ki, get Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Milli Depozit Mərkəzinə müqavilə bağla, səhmlərin qeydə alınsın, sonra qalan məsələləri həll edərik. Elə həmin gün – 30 aprel 2005-ci ildə Milli Depozit Mərkəzində müqavilə bağlandı. Mən reyestrdən çıxarışı götürdüm və Rüstəm Şahbazovun yanına getdim. R.Şahbzov dedi ki, biz “Mülkiyyət” qəzetində “Xudat Balıq” ASC-nin birinci ümumi yığınçağının keçirilməsi barədə elan verməliyik. Elan verildi və səhmdarlar xəbərdar edildi. Rüstəm Şahbazov orda mənə dedi ki, birinci ümumi yığıncağın protokolunu bizə təqdim etdikdən sonra 11054 ədəd çekini geri alacaqsan. Mən məcbur olub onunla razılaşdım”.

I ümumi yığıncaqda “Xudat Balıq” ASC-nin bölünməsi barədə qərar qəbul olunur

G.Güləhmədov oradan çıxdıqdan sonra gəlir Xudata və başlayır “Xudat Balıq” ASC-nin bölünməsi ilə bağlı hazırlıqlara. 2005-ci ilin iyun ayında “Xudat Balıq” ASC-nin birinci ümumi yığıncağı keçirilir. Yığıncaqda “Xudat Balıq” ASC-nin bölünməsi və “Xudat Balıq-1” və “Xudat Balıq-2” səhmdar cəmiyyətlərinin yaradılması barədə qərar qəbul olunur. Əldə olunan razılığa görə, Müqtədir qəsəbəsində, Müqtədir çayından şimalda yerləşən torpaq əraziləri, həmçinin 1,3,4,5 6 və 7 saylı vətəgələr G.Güləhmədovun kollektivlə birgə yaratdığı “Xudat Balıq-1” səhmdar çəmiyyətinə ayrılır.

Müqtədir çayından cənubda yerləşən torpaq sahələri və dıgər bütün vətəgələr Əhəd Purun adamı olan Mehmanşah Həsənovun yaratdığı “Xudat Balıq-2” səhmdar çəmiyyətinə ayrılır. Beləliklə, bölünmə prinsipial olaraq razılaşdırılır. İclasda G.Güləhmədovun sədr, Mehmanşah Həsənovun müavin olduğu komissiya yaradılır. “Xudat Balıq” ASC-nin bölünməsi ilə bağlı işləri idarə etmək də bu komissiyaya həvalə olunur.

Fərhad Əliyev həbs olunur, Rüstəm Şahbazov gözləməyi xahiş edir

Növbəti ayda növbədənkənar iclasın keçirilməsi barədə “Respublika” qəzetində elan verilir. 19 avqust 2005-ci ildə növbədənkənar ümumi yığıncaq çağırılır və bölünmə balansı təsdiq olunur. G.Güləhmədovun sədr olduğu həmin iclasda Mehmanşah Həsənovun təmsilçisi Şəmsəddin Abbasov katib olur. Və iclasın protokolunu Bakıda keçmiş Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinə verməyi də Ş.Abbasov üzərinə götürür. Ancaq bir müddət sonra G.Güləhmədova məlum olur ki, protokolu təqdim etməyiblər. Səbəbini öyrəndikdə, deyirlər ki, bir həftəyə yekunlaşdıracağıq. Ancaq sözlərinə əməl etmirlər.

G.Güləhmədov da prosesi razılaşdırıldığı kimi yekunlaşdırmağa söz verən Rüstəm Şahbazova müraciət edərək, tədbir görülməsini istəyir. O da bəzi problemlər olduğunu bildirərək gözlməyi məsləhət bilir. Bu ərəfədə həmin vaxt iqtisadi inkişaf naziri olan Fərhad Əliyev həbs olunur. Bundan sonra Rüstəm Şahbazov proseslərin qarışdığını deyərək, bir müddət də gözləməyi xahiş edir.

Kərəm Həsənov Əmlak Komitəsinin sədri təyin olunur, razılaşma pozulur...

Gözləyə-gözləyə 2006-cı il çatır. Bu dövrdə Kərəm Həsənov da yeni yaradılan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri, Rüstəm Şahbazov isə onun müavini təyin olunur. Yəni özəlləşməyə tam nəzarət onların əlinə keçir.

Mehmanşah Həsənov da Kərəm Həsənovun yaxın adamı olduğundan, onun vasitəsilə “Xudat Balıq” ASC-ni tam şəkildə ələ keçirməyə qərar verir.

Hər halda, bundan sonra “Xudat Balıq” ASC ilə bağlı razılaşmaya G.Güləhmədovdan xəbərsiz son qoyulur. Və zavodun qanunsuz yolla ələ keçirilməsinə start verilir. 2006-cı ilin fevralında G.Güləhmədovun adından “Mülkiyyət” qəzetində “Xudat Balıq” ASC-nin birinçi ümumi yığıncağının keçiriləcəyi barədə elan verilir. Halbuki, bu iclas artıq keçirilmiş, bölünmə haqda qərar qəbul olunmuşdu.

G.Güləhmədov həm “Mülkiyyət” qəzetinə, həm də Kərəm Həsənova teleqram vuraraq, belə bir elan vermədiyini, özbaşınalığa son qoyulmasını tələb edir. Ancaq onun müraciətlərinə cavab verilmir.

Əvəzində 2006-cı il martın 1-də ümumi yığıncaq adı altında heç bir hüquqi əsası olmayan bir toplantı keçirilərək, zavodun idarə edilməsinin G.Güləhmədovdan alınması barədə qərar çıxarılır.

Güləhmədovun çek hərracında özəlləşdirdiyi səhmlər bir məcburi köçkünün adına rəsmiləşdirlir

Bu qərarın qeyri-qanuni olmasını isə G.Güləhmədov bir sıra səbəblərlə izah edir. Əvvala, yuxarıda qeyd etdiyimiz kimi, G.Güləhmədov Auksion Mərkəzinə 11054 ədəd çek təhvil verməsi barədə 2 saylı qəbzin əslini deyil, surətini verib və çeklərini də geri almayıb. Bu isə o deməkdir, “Xudat Balıq” ASC-nin çek hərracında özəlləşdirilən 55 faiz səhmi də faktiki olaraq G.Güləhmədova məxsus olub. Bura 30 faiz pullu hərracda aldığı səhmləri də əlavə etsək, “Xudat Balıq” ASC-nin qanuni sahibinin G.Güləhmədov olduğu şübhə doğurmaz.

Ancaq G.Güləhmədovun sözlərinə görə, həm Kərəm Həsənov, həm də Rüstəm Şahbazov bunu bilə-bilə inanılmaz bir qanunsuzluğa qol qoyublar. Belə ki, özünü Kəmaləddin Heydərovun əsas adamlarından biri kimi təqdim edən Mehmanşah Həsənovun istəyi ilə faktiki olaraq G.Güləhmədova məxsus olan “Xudat Balıq” ASC-nin çek hərracında özəlləşdirilən 55 faiz səhminin 52,3 faizi Verdizadə Elnur Həsən oğlu adlı Cəbrayıl rayonundan olan bir məcburi köçkünün adına rəsmiləşdirilib. Qalan 2,7 faizi isə müxtəlif şəxslərin adına yazıblar. Əlbəttə, Cəbrayıl rayonundan olan bir məcburi köçkünün Xudatda hansısa balıqçılıq müəssisəsini alması inandırıcı deyil.

“Məndən alınan çeklə özəlləşdirilən səhmlərin 52,3 faizi “AZF Co LTD” firmasına satılır”

Elə G.Güləhmədova da sonradan məlum olur ki, Kərəm Həsənov, Rüstəm Şahbazov və Mehmanşah Həsənov əlbir olaraq, “Xudat Balıq” ASC-nin faktiki olaraq ona məxsus olan səhmlərini Verdizadə Elnur Həsən oğlu adına rəsmiləşdıriblər. Sonradan isə Kəmaləddin Heydərovun dostu Əhəd Pura məxsus, Mehmanşah Həsənovun icraçı direktoru olduğu “AZF Co LTD” firmasına satıblar. Ola bilsin, buna görə külli miqdarda qazanc da götürüblar. Məsələ ondadır ki, Əmlak Komitəsinin vəzifəli şəxslərinin bir çox müəssisələrin səhmlərini məcburi köçkünlərin adına rəsmiləşdirərək, sonradan 3-cü şəxsələrə baha qiymətə satmasına dair çoxsaylı iddialar mövcudur...

G.Güləhmədov bu dəfə də eyni üsuldan istifadə edildiyini düşünür: “Əslində Departamentin adı çəkilən vəzifəli şəxsləri “AZF Co LTD” firmasının icraçı direktoru Mehmanşah Həsənovla əlaqəyə girərək, “Xudat Balıq” ASC-nin 55 faiz səhminə görə məndən 11054 ədəd çek qəbul ediblər. Sonra guya mənin forma 2-ni düz doldurmadığımı bəhanə edərək çeklərimi mənimsəyiblər. Və mənin 11054 ədəd çekim əsasında “Xudat Balıq” ASC-nin 52,3 faiz səhmini bir məcburi köçkünün, qalanın da müxtəlif şəxslərin adına formal olaraq rəsmiləşdiriblər. Sonra onu “AZF Co LTD” firmasına satıblar. Bu zaman mənim və kollektivin etirazlarının qarşısını almaq üçün Kəmaləddin Heydərovun adından istifadə ediblər. Mən də K.Heydərova hörmətim olduğundan 55 faizdən imtina etməyə razılaşaraq və 30 faizi şəxsi vəsaitimlə alaraq, “Xudat Balıq” ASC-nin bir hissəsində öz təsərrüfatımı qurmaq istəyirdim. Ancaq bunlar “Xudat Balıq” ASC-nin bölünməsinə dair razılığı pozmaq, təsərrüfatın hətta pulla aldığım 30 faizinin də mənə çatmasının qarşıını almaq ücün, saxtakarlığa, qanunsuzluğa getdilər. 55 faizi saxta yollarla əldə edərək, zorakılıqla məni “Xudat Balıq” ASC-dən uzaqlaşdırdılar.”

G.Güləhmədovun iddiası doğrudursa, bu faktiki olaraq, cinayət hadisəsidir, dövlət əmlakının və başqasına məxsus səhmlərin vəzifəsindən sui-istifadə etməklə və qanunsuz yollarla ələ keçirilməsidir. Yəqin ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi bununla ciddi şəkildə maralanacaq...

İş adamının təsərrüfatını dağıdır, özünü müflis edirlər

Məsələnin qəribə tərəflərindən biri də odur ki, Kəmaləddin Heydərovun adından istifadə edərək “Xudat Balıq” ASC-ni ələ keçirən Mehmanşah Həsənov və onun arxasında dayanan Əhəd Pur nə müəssisəni işlədirlər, nə də G.Güləhmədovun ona məxsus olan 30 faizi götürərək ayrılmasına imkan verirlər. Halbuki, Güləhmədovun sözlərinə görə, qanunla səhm payı 10 faizdən artıq olan səhmdar əgər bölünmə üçün problem yoxdursa, öz təsərrüfatını ayıra bilər. “Xudat Balıq” ASC-də torpaq və vətəgələrdən ibarət olduğundan bölünmə üçün heç bir problem yoxdur. Ancaq qarşi tərəf arxasına dövlətin ayrı-ayrı yüksək rütbəli məmurlarının da gücünü alaraq buna imkan vermir. Üstəlik bu gücdən istifadə edərək, G.Güləhmədovun bölünmə ilə bağlı razılıqdan sonra öz payına düşən hissədə qurduğu təsərrüfatı da dağıdıblar...

Belə ki, 2005-ci ilin iyun ayında “Xudat Balıq” ASC-nin birinci ümumi yığıncağı keçirilərək, bölünmə barədə qərar çıxarıldıqdan sonra G.Güləhmədov ona düşən hissədə müasir tipli balıqçılıq müəssisəsi yaratmağa, həmçinin digər yardımçı təsərrüfatlar açmağa başlayır. Bu məqsədlə həm özü böyük kapital yatırır, həm də Rusiyada yaşayan bəzi investorlardan vəsait cəlb edir. Bundan əlavə banklardan da xeyli kredit götürür. Təxminən 1 il ərzində xeyli işlər görülür.

Ancaq Kərəm Həsənov Əmlak Komitəsinin sədri olduqdan sonra “Xudat Balıq” ASC-nin ərazisini və əmlakını zorakılıqla tam şəkildə ələ keçirməyi qərara alan dairələr G.Güləhmədovun öz payına düşən hissədə yaratdığı təsərrüfatı belə dağıdırlar. Nəticədə həm G.Güləhmədovun özünün böyük miqdarda şəxsi vəsaiti, həm də Rusiyadan cəlb etdiyi investorların qoyduqları pullar batır. Bankdan götürdüyü krediti isə evini satmaqla qaytarır. Yəni, Rusiyadan böyük ümidlə Azərbaycana gələn iş adamı fırıldaq yolu ilə müflisləşdirilir.

“Kəmaləddin Heydərovla görüşüb bunu aydınlaşdırmaq istəyirdim...”

Bundan sonra G.Güləhmədov dəfələrlə Kəmaləddin Heydərovla görüşməyə cəhd etsə də, buna imkan verilmir: “Açığı mən istəyirdim ki, Kəmaləddin Heydərovla görüşüb bütün bu məsələlərə aydınlıq gətirim. Onun adından köməkçisi mənə Əhəd Purla razılaşmağı məsləhət bilmişdi. Mən də buna görə onlar nə dedi, razılaşdım. Əhəd Purun da işlərini aparan Mehmanşah Həsənov Kəmaləddin Heydərovun adından mənə vəd verdi ki, sən 30 faiz alıb çek hərracında əldə etdiyin 55 faizdən əl çəkməyə razılaşsan, biz “Xudat Balıq” ASC-ni bölərək sənin və kollektivin payını özünüzə verəcəyik. Ancaq sonradan bütün bunlardan imtina olundu. Üstəlik külli miqdarda vəsait qoyaraq yaratdığımız təsərrüfat belə dağıdıldı. İndi mənim üçün maraqlıdır, Kəmaləddin Heydərov vədinə əməl etmədi, yoxsa ortada olanlar onun adından yararlanıb, “Xudat Balıq” ASC-nin ərazisini və əmlakını ələ keçirib. Mən Kəmaləddin Heydərovla görüşüb bunu aydınlaşdırmaq istəyirdim. Deyirlər ki, Kəmaləddin Heydərov halalıq almadan kimsənin obyektinə, əmlakına sahib çıxmaz. Ona görə də sizin sayt vasitəsilə Kəmaləddin Heydərova müraciət edərək bildirirəm ki, onun adından Rüstəm Şahbazov, Mehmanşah Həsənov və Əhəd Pur tərəfindən mənin əmlakım, təsərrüfatım zorakılıqla və qanunsuzluqla əlimdən alınıb. Xahiş edirəm bu məsələni aydınlaşdırsın”.

Səhmdarlar ötən 8-9 il ərzində bir manat belə divident əldə edə bilməyiblər

Qeyd edək ki, “AZF Co LTD” firması tərəfindən Əmlak Komitəsinin rəhbər şəxslərinin vasitəsilə “Xudat Balıq” ASC və onun 100 hektarlarla ərazisi ələ keçirilsə də, müəssisənin fəaliyyətini təmin etmək istiqamətində hər hansı iş görülməyib. Buna görə də, səhmdarlar ötən 8-9 il ərzində bir manat belə divident əldə edə bilməyiblər. Bu fakt özü də səhmdarlara imkan verir ki, öz təsərrüfatlarını ayırsınlar.

Bəs yuxarıda adları qeyd olunan şəxslər heç bir iş görmədikləri halda “Xudat Balıq” ASC və onun 100 hektarlarla ərazisini niyə özününküləşdiriblər? Məqsədləri nədir? Mehmanşah Həsənov və Əhəd Purun bunda nə maraqları var? Adları bəzi “qaranlıq” işlərdə hallandırılan bu şəxslərin arxasında doğurdanmı Kəmaləddin Heydərov dayanır, yoxsa onun adından istifadə edirlər?

Bu və digər suallara növbəti yazıda, həm də adları çəkilən şəxslərin də mövqəyini öyrənməklə, cavab verməyə çalışacağıq.

İ.İsmayilbəyli

AzPolitika.info