Menu

İlahiyyatçı bu dəfə "Quran" ipinə görə yenə "kars"a salındı

03.07.2017, 14:22

Movsum12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi Azərbaycan İslam Partiyasının orada saxlanılan lideri Mövsüm Səmədovu yenə cəzalandırıb.Musavat.com xəbər verir ki, M.Səmədov iyunun 30-da müəssisədəki cərimə kamerasından ("kars") çıxarıldıqdan sonra iyulun 1-də yenidən daha on günlük "kars" cəzası verilib.

Bu haqda ilahiyyatçının vəkili Yalçın İmanov musavat.com-a məlumat verib.

Vəkilin sözlərinə görə, Mövsüm Səmədov bu dəfə özündə saxladığı kiçik "Quran"ı divardan asmaq üçün istifadə etdiyi ipə görə cəzalandırılıb.

"Mövsüm Səmədovda kiçik bir “Quran” var, həmin ipin başındakı saxlancda “Quran”ı saxlayırdı. O ip də “Quran”ı yuxarıdan asmaq üçündü. Bu ipin tapılması müəssisədaxili intizam qaydalarının pozulması kimi qiymətləndirilib"- deyə vəkil bildirib.

Qeyd edək ki, Mövsüm Səmədov 2011-ci ildə həbs olunub.

O, qanunsuz silah saxlamaq, dövlət çevrilişinə cəhd kimi ittihamlarla 12 il azadlıqdan məhrum edilib. Lakin Mövsüm Səmədov ittihamların saxta olduğunu, Azərbaycan hakimiyyətinin siyasətini tənqid etdiyinə görə cəzalandırıldığını bildirir.

İlahiyyatçı bundan əvvəl də - 2014-cü il oktyabrın 9-da müəssisə rəhbərliyinin təqdimatı və Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustandakı qapalı həbsxanaya köçürülmüşdü. Saxlanma şərtlərinin sərtləşdirilməsi Mövsüm Səmədovun intizamı pozması ilə əsaslandırılmışdı. İlahiyyatçı 2016-cı il noyabrın 26-da 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılmışdı. Elə qaytarıldığı gün də birbaşa cərimə kamerasına (kars) salınmışdı. Bundan sonra bir neçə dəfə Mövsüm Səmədova “kars” cəzası verilmişdi. Hələ o zaman vəkili Yalçın İmanov deyirdi ki, bu cəzaların məqsədi Mövsüm Səmədovu yenidən qapalı həbsxana rejiminə qaytarmaq üçün zəmin yaratmaqdır. Vəkilin dedikləri təsdiqini tapdı, müəssisə rəisinin təqdimatı ilə Qaradağ Rayon Məhkəməsi iyunun 14-də Mövsüm Səmədovun 3 illik həbsxana rejiminə köçürülməsi haqda qərar verdi. Qərardan apellyasiya şikayəti verildiyindən hələlik qüvvəyə minməyib. Ona görə də Mövsüm Səmədov hələlik 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol