Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində Balakən, Qax, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul zamanı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya və s. məsələlərlə bağlı olub.
Sakinlərin probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən məsələlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.





Şərhlər