Keçmiş maliyyə naziri, tanınmış iqtisadçı alim Saleh Məmmədov “Azpolitika.info”da dərc olunmuş və onun da adının keçdiyi “İki nazir, bir yol – Müslümov və Əsədovu nə birləşdirir?” sərlövhəli məqaləyə reaksiya verib.
Məqalədə hazırkı əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirləri Səlim Müslümov və Heydər Əsədovun həyat yoluna nəzər yetirilir. Müəllif onların vaxtilə müəllim işlədikləri Xalq Təsərrüfatı İnstitutunda (İndiki iqtisad Universiteti) tələbələr üçün az qala ideala çevrildiklərini xatırladır, lakin məmur, nazir olduqdan sonra onların bu ideallıqdan uzaq düşdüklərinə təəsüfünü bildirir. Həmçinin, Müslümovla Əsədovun karyerasında professor, onların müəllimləri olmuş Saleh Məmmədovun rolundan bəhs olunur.
Saleh Məmmədov bu məqalə ilə bağlı özünün Feysbuk statusunda yazır:
“Yaxsı təhlildi, amma bəzi haqsızlıqlara yol verilib. Müəllif də bu nazirlərin o zamanlar təmiz, savadlı ve bacarıqlı olduqlarını inkar etmir, amma indi belə olmadığını deyəndə haqsızlığa yol verir.
Bunların hər ikisi institutun ilk illərindən, dəqiq desək, ikinci kursdan, elə ilk dərsdən diqqətimi çəkdilər, istedadı, qabiliyyəti, düşüncəsi, fəallığı ilə... O andan da onları nəzarətə götürdüm. Bilmirəm, özləri təsdiqləyərlər, ya yox, bütün gücümü və imkanlarımı qoydum ki, onlara Allahdan verilən istedad batmasın, əksinə, üzə çıxsın ve bu millətin faydasına istifadə olunsun. Bunlar hələ o vaxtdan SSRİ-nin dağılacağını bizim müzakirələrdən bilirdilər və gələcək üçün planların müzakirələrində fəal iştirak edirdilər. Mən həmişə onlara və bütün çoxsaylı diğər tələbələrimə əsas fəaliyyət prinsipini kimi bunu öyrətmişəm: son qərarı emosiyaya görə deyil, nəticəyə görə qəbul etməli...

Müəllif yazır ki, bu işə gəlməsəydilər, 300-500 dolarla müəllim qalacaqdılar. Burada da səhvə yol verir. Bunlar hər ikisi nazirlik sisteminə Türkiyədə işdən gəliblər. O vaxt bir hesablama aparmışdım: bunların Türkiyə üniversitetlərindəki o vaxtkı rəsmi aylıq maaşları o vaxt bütün Azerbaycan nazirlərinin toplam maaşından çox idi. Biz bura dəvət eledik, qanunları, konsepsiyaları işlətdik, bu gün əksər iqtisadi qanunlar onların qələmindən çıxmışdı ve təmənnasız görmüşlər bu işi...”
V.Nəsibov
“Azpolitika”

Şərhlər