Bakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru, siyasi məhbus Bəşir Süleymanlıya hələ də ailə üzvləri ilə görüş verilməyib.
Bu barədə B.Süleymanlının vəkili Fariz Namazlı məlumat verib. İyunun 19-da SMDT-nin rəhbəri, vicdan məhbusu Anar Məmmədli və Bəşir Süleymanlı ilə görüşdüyünü deyən vəkil onların saxlanma şəraitindən şikayət etmədiklərini bildirdi.
B.Süleymanlının ailə üzvləri ilə görüşə bilməməsi məsələsinə gəlincə F.Namazlı bildirdi ki, B.Süleymanlı ailə üzvləri ilə görüşə icazə verilməsi və görüş məsələsinə görə Bakı İstintaq Təcridxanasının rəisi ilə görüşmək üçün təcridxana rəisinə müraciət edib. Amma onun müraciətinə heç bir cavab verilməyib.
Qeyd edək ki, görüş məsələsi ilə bağlı B.Süleymanlı təcridxananın rəhbərliyi ilə bir dəfə danışsa da, ona doğmaları ilə görüş verməkdən imtina edilib. Əsas gətiriblər ki, təcridxanada 2000-nə qədər saxlanılan şəxs var, onların da görüş hüququ var. Bəşir Süleymanlıya deyiblər ki, onun vaxtın çatanda görüşəcək. Onu da əlavə edək ki, mayın 26-da məhkəmə zalından həbs edilən B.Süleymanlı həbsindən sonra bir dəfə mayın 30-da şüşə arakəsmə vasitəsilə doğmaları ilə görüşə bilib.
Xatırladaq ki, mayın 26-da SMDT-nin rəhbəri Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov da 3 il 6 ay azadlıqdan məhrum edildi. Lakin Elnur Məmmədovun cəzası 2 il sınaq müddəti təyin olunmaqla şərti hesab olunub. Yerli və beynəlxalq hüquq müdafiəçilərinin fikrincə, onların təqib olunmasının əsl səbəbi 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkilərinin saxtalaşdırılması haqda rəy vermələridir. /musavat.com


Şərhlər