Menu

“Paralel yapı” yenidən Türkiyə mətbuatında - VİDEO

19.06.2014, 23:38
“Paralel yapı” yenidən Türkiyə mətbuatında - VİDEO

Bir sıra qəzetlər “Fətullah Gülənə ağır zərbə”, “Azərbaycanda Gülən məktəbləri bağlandı” başlığı ilə yazılar təqdim edib

“Araz” kurslarının bağlanması Türkiyə mətbuatında da geniş rezonans doğurub.

ANS TV-nin məlumatına görə, “Anadolu Ajansı”, “Sabah”, “Sözçü”, “Hürriyyet”, “Milliyyet” qəzetləri başda olmaqla Türkiyə mətbuatı bu xəbərə geniş yer verib və “Fətullah Gülənə ağır zərbə”, “Azərbaycanda Gülən məktəbləri bağlandı” başlığı ilə yazılar təqdim ediblər.

Son aylarda Türkiyə mətbuatı Azərbaycanda Fətullah Gülən camaatı ilə mübarizə mövzusuna böyük yer ayırıb. Buna Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərindən sonra Türkiyə parlamentində etdiyi çıxış xüsusi rəvac verdi.

Rəcəb Tayyib Ərdoğan billdirib ki, Türkiyə və Azərbaycan arasındakı gündəlik məsələlərlə yanaşı, paralel dövlət məsələsini də müzakirə etdik. Beynəlxalq platformalarda bu məsələ gündəmimizdə olmağa davam edəcək.

Bundan sonra Bakıda və bir sıra rayonlarda Azərbaycanda nurçuluğun təbliğilə məşğul olan bir neçə insan polis tərəfindən saxlanıldı. Onlardan böyük həcmdə qadağan edilmiş dini ədəbiyyat götürüldü. Bakıda Fətullah Gülən camaatına aid olduğu bildirilən “Damla” yataqxanasının icarə müqaviləsi dayandırıldı. Bundan əlavə, Azərbaycanda bir sıra kütləvi-informasiya vasitələrinin “Hizmət" hərəkatı ilə bağladığı bəzi məmurlar tutduqları vəzifədən azad edildilər. Fətullah Gülənə bağlı olduğu iddia edilən Çağ öyrətim qrupuna məxsus məktəblər və təhsil kursları isə Dövlət Neft Şirkətinin patronajı altında yaradılan ictimai birliyə daxil oldular.

Xatırladaq ki, “Hizmət” hərəkatına yaxın özəl məktəblər Türkiyə və dünyanın əksər inkişaf etməkdə olan ölkələrində fəaliyyət göstərir. Onlar “Hizmət”in əsas gəlir mənbələrindən biri sayılmaqla yanaşı, həm də hərəkatın lideri Fətullah Gülənə sadiq kadrların yetişdirildiyi ocaqlar kimi tanınır.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu insanların hökumətdə yüksək vəzifədə yerləşdirildiyini və Fətullah Gülənə xidmət edərək dövlət içində dövlət yaradaraq real bir təhlükəyə çevrildiklərini iddia edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol