“Əslində normal üzən məzənnə olsaydı, paralel olaraq dollar ucuzlaşmalı idi”
Son bir neçə ayda ölkədə avronun dəyəri sürətlə bahalaşmağa başlayıb. Məsələn, əgər aprel ayında Mərkəzi Bankın mzənnəsi ilə 1 avro almaq üçün 1.80 manat ödəmək lazım gəlirdisə, indi 1.9965 manat ödəmək lazım gəlir. Hətta bəzi banklarda qiymət 2.02 manata qədər çatır. Beləliklə, ekspertlərin rəyinə görə avro manatın qarşısında 12 faizə qədər bahalaşıb.
Bir çox iqtisadçılar Avropa pulunun bahalaşması avrozona ölkələrinin iqtisadi göstəricilərinin yaxşılaşması və eləcə də ABŞ ixracatını artırmağa çalışan Ağ Evin dolların ucuzlaşmasını hədəfləməsi ilə bağlayır. İqtisadçı Vüqar Bayramov bu haqda sosial şəbəkədə öz şərhini bildirib:“Dollar yalnız avroya nisbətən deyil, digər əksər aparıcı valyutalara nisbətən də dəyər itirməkdədir. Bu ilin ikinci rübü İspaniya daxil olmaqla əksər avrozona dövlətləri üçün nikbin sonluqlarla yekunlaşıb. 0.9 faizlik artım ilə İspaniya böhrandan əvvəlki vəziyyətinə qayıtmaqdadır. Fransadakı son prezident seçkilərindən sonra Avropa Birliyi daha möhkəm təsir bağışlayır ki, bu da avronun xeyrinə işləyən faktorlardandır. Bu həftə avrozonada infilyasiya daxil olmaqla bir neçə əsas göstəricilər elan ediləcək. Əgər bu göstəricilər də birlik iqtisadiyyatına pozitiv notlar əlavə edəcəkəsə o zaman avronun möhkəmlənməsi davam edə bilər”.

Natiq Cəfərli dünyada dolların zəifləməsi səbəblərini də şərh edib:“Ümumilikdə götürdükdə dünyada dolların ucuzlaşmasının əsas səbəbi Amerikadakı siyasi vəziyyətlə bağlıdır. Yəni Tramp administrasiyasında istefalar, Trampa qarşı prokurorluğun təyin olunması və araşdırmalar davam etməsi, seçki prosesi və sairədir. Həmçinin Trampın verdiyi vədlər var idi, hansı ki, ilk aylarda 300 milyard dollara yaxın yeni investisiya layihələrin həyata keçirilməsi idi və bunların da heç biri baş vermədi. Və bu da dolların zəifləməsinə səbəb oldu. Çox böyük ehtimalla bu vəziyyət Federal Ehtiyat Sisteminin sentyabr ayında keçiriləcək toplantısına qədər davam edəcək”.


Şərhlər