«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşa İkinci dünya müharibəsinin yekunlarına görə, Almaniyadan reparasiya (müharibənin vurduğu zərərin tam və ya qismən ödənilməsi) tələb edir.
Almaniya hökuməti isə irsarla bildirir ki, bu məsələ artıq həll olunub və bir daha müzakirə oluna bilməz. Kompensasiyanın taleyi barədə Polşa tərəfinin bəyanatının dəyərləndirilməsində Berlin və Varşavanın mövqeyi fərqlidir.
«Biz,İkinci dünya müharibəsinin qurbanı olmuşuq. Amma buna görə, bizə vurulmuş zərər heç cür kompensasiya olunmayıb» - deyə, Polşanın Baş naziri Beata Şidlo hökumətin iclasında bəyan edib. Baş nazir bu mövqenin tənqidçilərinə tarixi diqqətlə öyrənməyi tövsiyyə edib.
Bundan əvvəl hakim «Qanun və ədalət» partiyasının lideri Yaroslav Kaçinski belə bir bəyanatla çıxış edib ki, Varşava reparasiyadan imtina etməyib, müdafiə naziri Antoniy Maçereviç isə hesab edib ki, ölkəsi Berlinə uyğun tələb irəli sürmək üçün bütün əsaslara malikdir.
Almaniyada isə bu iddiaları inkar edirlər. Federal hökumətin nümayəndəsi Ulrike Demmer 1953-cü ildə Polşa Xalq Respublikası ilə Almaniya Demokratik Respublikası (keçmiş) arasında bağlanmış reparasiyadan imtina barədəki sazişə istinad edir.
Polşada bu ölkələri Sovet müstəmləkəsi və oyuncaq dövlət adlandıraraq, sözügedən sənədin hüquqi qüvvəsini sual altına alırlar.
Bundan əvvəl Varşava şəhərinin administrasiyası İkinci dünya müharibəsinin paytaxta vurduğu zərəri hesablayıb. Məlumata görə, meriya bu itkiləri 45,0 milyard dollar həcmində qiymətləndirib.


Şərhlər