"Başqa ölkənin vətəndaşlarının seçkidən kənarlaşdırılmasına və AMEA-ya seçkilərin obyektiv keçirilməsinə göstəriş verməyinizi xahiş edirik"
AMEA-nın Fizika və Riyaziyyat üzrə müxbir üzvlüyünə seçkilərdə iştirak edən bir qrup alim Prezident İlham Əliyevə məktub ünvanlayıb. Surəti "AzPolitika.info"-ya da göndərilən məktubda bildirilir:
"Cənab Prezident! Milli Elmlər Akademiyasının Nizamnaməsinə görə hər 3 ildən bir bu quruma seçkilər keçirilməlidir. Təəsüf ki, ölkəmiz müstəqillik qazandığı 22 il müddətində Milli Elmlər Akademiyasına 2 dəfə seçkilər keçirilib və 30 iyun 2014-cü ildə 3-cü dəfə seçkilər keçirilməsi nəzərdə tutulub. Riyaziyyat və Fizika ixtisası üzrə akademiyanın müxbir üzvlüyünə seçilmək üçün 7 yer nəzərdə tutulub ki, bura da 62 nəfər seçkilərdə iştirak etmək üçün sənəd verib. Əldə etdiyimiz məlumata əsasən akademiyanın müxbir üzvlüyünə seçilmək üçün ayrılan 7 yerdən 2-sinə Riyaziyyat və Fizika İnstitutlarının direktorları, 4-nə isə himayədarlıq nəticəsində ölkəmiz müstəqillik əldə etdiyi 20 ildən artıq bir müddətdə Türkiyə və Almaniyada yaşayıb və işləyən və o ölkələrin vətəndaşlığını qəbul etmiş Əfəndiyev Məsud Arif oğlu, Mahmudov Elmxan Nadir oğlu, Səlimov Arif Ağacan oğlu, Hüseynov Fərhad Vəli oğlu, Əsgərzadə İman Novruz oğlu, Əliyev Təhmasib Məhəmməd oğlu, Nəhmədov Ənvər Pirverdi oğlu arasından seçəcəklər” .
Türkiyə və Almaniyada yaşayıb və işləyən və o ölkələrin vətəndaşlığını qəbul etmiş bu səxslər Akademiyaya seckilərdə iştirak edirlər və bəziləri hətta anket məlumatlarını gizlədərək Azərbaycanda işlədiklərini yazıblar. Ölkəmizdə ikili vətəndaşlıq ləğv edilib və bu yoldaşlar hansı ölkənin vətəndaşı olmaları seçimini etməyiblər.
Cənab Prezident! Heç kəsə sirr deyil ki, İnstitutlara direktorlar heç də həmişə elmdəki xidmətlərinə görə təyin olunmurlar. Ölkəmizdən kənarda işləməyə bizlərin coxu gedib və bir müddətdən sonra qayıdıb vətəndə fəaliyyətimizi davam etdiririk. Ötən əsrin 90-cı illərində kənarda işləyənlərin maaşları bizim buradakı əmək haqqımızdan 100 dəfə artıq, indi isə ölkəmizin iqtisadi qüdrətinin artması nəticəsində təxminən 10 dəfə artıqdır. Akademiyanın Nizamnaməsinə görə seçkilərdə yalnız Azərbaycan Respublikasının vətəndaşları iştirak etmək hüququna malik olduqlarından başqa ölkənin vətəndaşlarının seçkidən kənarlaşdırılmasına və AMEA-ya seçkilərin obyektiv keçirilməsinə göstəriş verməyinizi xahiş edirik.
Sizə böyük hörmət və ehtiramla , AMEA-nın Fizika və Riyaziyyat üzrə müxbir üzvlüyünə seçkilərində iştirak edən bir qrup alim".
Vaqif
AzPolitika.info

Şərhlər