Menu

Yeddi yüz ballıq sual

30.08.2017, 15:06
Yeddi yüz ballıq sual

Kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, artıq dünyanın hər yerindən müsəlman sakinlər Səudiyyə Ərəbistanına həcc ziyarətinə axışır…

«Əl-Ərəbiyyə» telekanalının məlumatına görə, artıq 1,5 milyon insan Səudiyyə Krallığındadır…

Azərbaycan zəvvarları da artıq yola düşüb. Fəqət, 20 ildən artıq bir dövr ərzində formalaşmış ənənəsinin ziddinə olaraq, bəzi möminlərimiz bu il həcc ziyarətinə yollana bilməyib. Məsələn, 28 dəfə «hacı» tituluna sahib olmuş hörmətli Hacı Qalib dostunun xəstələnməsi səbəbilə, bu il ziyarətə getməyib. Amma özünün dediyi kimi, Allah qismət eləsə, ümrə ziyarətinə yollanmaq fikrindədir. Başqa sözlə, Hacı Qalib istənilən halda, Səudiyyəyə getmək və ənənəsinə sadiq qalaraq, müəyyən məbləğ pul vəsaitini Səudiyyə Krallığının «ödəmə balansı»na qatmaqda qərarlıdır…

Bir neçə gün bundan əvvəl yayılmış digər xəbərdə isə bildirilirdi ki, bu yay Səudiyyə kralı cənab Səud oğlu Salman 1000 nəfərlik əshabəsi ilə Marokkodakı malikanəsində dincəlib. Zati-aliləri kral Salman müəllim builki istirahətinə nə az, nə çox - «təzə pul»la 100 milyon dollar «mırt axça» xərcləyib. Olsun - varlığa nə darlıq?...

Böyük ehtimalla, Salman müəllim gələn yay da dünyanın başqa bir ölkəsində dincəlməyə gedəcək - yayılan məlumatlara görə, bir çox ölkələrdə kralın dəbdəbəli malikanələri var...

Fərz edək ki, kral Səud oğlu Salman gələn yay da istirahətinə 100 milyon dollar xərcləyəcək. O zaman gözlərimiz qarşısında xeyli «kötü» - 700 ballıq bir sual boy verər: Salman müəllimin gələn yay xaricə istirahətə getməsi və buna 100 milyon dollar xərcləyə bilməsi üçün il ərzində Azərbaycandan Səudiyyəyə həcc və ümrə ziyarətinə necə mömin müsəlman getməlidir?

Tapsanız, 700 bal sizin halalınızdır…

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol