“Türk liseyləri haqqında əvvəllər də fikir bildirirdim. Orada həqiqətən də bizim gənclərimizə yaxşı təhsil verilirdi. Türk litseylərini və Araz kurslarını bağlamaq hakimiyyətin səhv qərarıdır”.
AzPolitika.info-nun məlumatına görə, AXCP sədri Əli Kərimli öz facebook səhifəsində türk litseylərinin bağlanması ilə bağlı qərarı dəyərləndirərkən bunları yazıb.
AXCP sədri daha sonra əlavə edib: “Xüsusilə də Türk litseyləri ilə müqayisə olunacaq, bu litseyləri əvəz edəcək məktəblərimiz olmadığı şəraitdə. Bu qərardan sonra Azərbaycan təhsilinin onsuz da acınacaqlı olan vəziyyəti daha da pisləşəcək. Minlərlə şagird bu qərara görə yüksək təhsil almaq şansını itirəcək. Təhsilin məhv edildiyi ölkəmizdə bu litseylərə ümid yeri kimi baxan valideynlərin pərişanlığını təsəvvür edirəm. Türk litseylərinin başına gələnlər növbəti dəfə sübut etdi ki, müstəqil məhkəmənin, hüququn, ədalətin, azad mətbuatın olmadığı avtoritar rejimlərdə əslində heç kim heç nəyə gerçəkdən sahib deyil. Adamlar bəzən özlərini aldadırlar ki, nələrisə var və müxtəlif manevrlərlə özünü, ona məxsus olanları qoruya bilər. Müəyyən hallarda bu manevrlər nəticə də verir. Amma yalnız bir yerə qədər. Sonda hamıya növbə çatır. Nə deyirsiz, hamı növbənin şəxsən ona da çatmasını gözləsinmi? Bəlkə o günü gözləmədən, dəyişiklik naminə hərəmiz bir işin qulpundan yapışaq?”
Ülkər Musazadə

Şərhlər