Hazırda Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli cərimə kamerasına (karsa) salınıb. Bu barədə Pərviz Həşimlinin vəkili Elçin Sadıqov məlumat yayıb.
Vəkilin sözlərinə görə, Pərviz Həşimli bugünlərdə "mediaforum"da yayımlanan, ardınca "Azadlıq" qəzetində də dərc olunan müsahibəsinə görə "karsa" salınıb. Vicdan məhbusu mətbuata müsahibə verdiyinə görə cəzalandırılıb.
Vəkil onu da qeyd edib ki, cəzalandırılması haqda qərar Pərviz Həşimliyə təqdim olunmadığından jurnalistin orada neçə gün saxlanılacağı məlum deyil.
Xatırladaq ki, sözügedən müsahibədə Pərviz Həşimli günahsız olduğundan, bir sıra məmurların əleyhinə ifadə verməsi üçün Milli Təhlükəsizlik Nazirliyində məruz qaldığı təzyiqlərdən bəhs edirdi.
Pərviz Həşimli ötən il sentyabrın 17-də həbs olunub. O, qaçaqmalçılıq və qanunsuz silah-sursat saxlama ittihamları ilə 8 il azadlıqdan məhrum edilib. Lakin jurnalist bu ittihamların qondarma olduğunu, məhz jurnalist fəaliyyətinə görə həbs olunduğunu bəyan edir. "Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı Pərviz Həşimlini "vicdan məhbusu" elan edib. /azadliq.info

Şərhlər