Elmar Məmmədyarov: "Bəzi nöqsanlar, neqativ hallar əlbəttə var və biz bunları anlayırıq. Bu məsələlərin arxasında bəzi qüvvələr var, bunlar da bəzən qonşu ölkələrdən, bəzən Avropadan gəlir. Amma biz bundan qorxmuruq və öz işimizi qurmalıyıq"
Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Avropa Şurasının Parlament Assambleyasında etdiyi çıxışında Azərbaycanın sədrliyinin prioritetlərini açıqlamaqdan savayı insan haqları pozuntuları barədə suallara da cavab verib, BBC Azərbaycanca müxbiri Leyla Nəcəfli Strasburqdan xəbər verir.
"Azərbaycanın sədrliyinin əsas prioriteti insan haqları və qanunun aliliyidir", nazir Məmmədyarov bazar ertəsi Strasbourg şəhərində başlayan AŞPA sessiyasında deyib.
Parlament üzvlərinin çoxu cənab Məmmədyarova Azərbaycanın daxilindəki "insan haqları pozuntularından" narahat olduqlarını bildirir, bu məsələlərlə bağlı hər hansı addımların atılacağını sual ediblər.
“Azərbaycan insan haqları qurumu olan Avropa Şurasına sədrlik edir. Öz ölkənizdə insan haqları sahəsində irəliləyişlər etmək üçün hansı planlarınız var?” Norveç deputatı Christopherson cənab Məmmədyarova müraciət edib.
İrlandiya, Britaniya, Moldova və digər ölkələrdən olan millət vəkilləri də oxşar suallarla çıxış ediblər.
“Heç kim deyə bilməz ki, (haradasa) tamamilə demokratik dövlət var. Əsas məsələ prosesdir və bu prosesdə iştirak etməkdir”, Elmar Məmmədyarov deyib. “Bu baxımdan düşünürəm ki, fəaliyyət proqramımıza baxsanız bununla bağlı tədbirlər təkcə Azərbaycanda deyil, bütün regionda demokratiyanın gücləndirilməsində rol oynaya bilər”.
Eyni zamanda cənab Məmmədyarova Avropa Şurasının fransalı deputatı Rene Roquet-in Nazirlər Kabinetinin iclası üçün Azərbaycana buraxılmaması barədə suala da münasibət bildirib.
“Bilirik ki, cənab Roquet Azərbaycanın sərhədləri barədə qanunu pozub və qeyri-leqal olaraq işğal olunmuş ərazilərə səfər edib və buna görə Azərbaycana arzuolunmaz şəxslər siyahısına əlavə edilib. Bu baxımdan düşünürəm ki, qanunu kimin pozduğu tamamilə aydındır”.
Daha əvvəl cənab Məmmədyarov AŞPA prezidenti Ann Brasseur ilə görüşdə Azərbaycanın şuranın Nazirlər Komitəsinə sədrliyi dövründə prioritetləri barədə müzakirələr aparılıb.
"Mən bu görüşdə Azərbaycanın 6 aylıq sədrlik dövrü üçün əsas prioritetləri və bu dövr ərzində təsdiq olunmuş proqramımız haqda məlumat verdim", cənab Məmmədyarov bildirib.
Azərbaycanın mayın 14-də AŞ Nazirlər Komitəsinə sədrliyə başlayıb. Bazar ertəsi başlayan AŞPA-ın yay sessiyasında XİN rəhbəri deyib ki, Azərbaycanla AŞ əməkdaşlığı "daha da genişlənməndirməlidir".
"Nöqsanlar"
"Eyni zamanda, Azərbaycan həmişə açıq şəkildə öz mövqeyini həm AŞPA-ya, həm də üzv ölkələrə çatdırıb. Biz bu istiqamətdə öz işimizi davam etdiririk. ilk növbədə Azərbaycanın müstəqilliyini qorumalıyıq", cənab Məmmədli qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycan öz mövqeyini həm AŞPA-ya, həm də üzv ölkələrə çatdırıb, bununla belə "bəzi nöqsanlar var".
"Bəzi nöqsanlar, neqativ hallar əlbəttə var və biz bunları anlayırıq. Bu məsələlərin arxasında bəzi qüvvələr var, bunlar da bəzən qonşu ölkələrdən, bəzən Avropadan gəlir. Amma biz bundan qorxmuruq və öz işimizi qurmalıyıq", cənab Məmmədyarov bildirib.
Azərbaycanın AŞ Nazirlər Kabinetinə sədrlik səlahiyyətlərini icra etməyə başlamadan öncə hüquq müdafiəçiləri, siyasətçilər və vətəndaş cəmiyyətinin nümayəndələri ölkədə insan hüquqları, söz və ifadə azadlığı ilə bağlı problemlərin olduğunu bildiriblər. Onlar bu məsələlərin Azərbaycanın sədrliyi dövründə gündəmdə qalacağını düşünürlər.


Şərhlər