Bu ilin may ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 69 müəssisənin sahibi inzibati qaydada cərimələnib.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, 8 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 9 iş istintaq orqanına verilib.
Ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 299 yeyinti məhsulundan nümunə götürülüb, onlardan 8-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 298 nümunədən isə 2-də kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 72 nümunə yoxlanılıb.
Ötən ay ərzində şadlıq evlərindən 890 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 12 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.


Şərhlər