Menu

“AzPolitika.info” yenidən şiddətli hücum altındadır

07.10.2013, 13:30

Oktyabrın 4-ü axşam saatlarından başlayaraq, AzPolitika.info saytı yenidən şiddətli haker hücumuna məruz qalır. Hücum DdOS tiplidir və çox güclü olduğundan saytın fəaliyyətində bəzi problemlər yarada bilir. Bu səbəbdən hücum başlayandan etibarən sayta yeni yazılar yükləmək çətinləşib. Oktyabrın 6-sı axşam saatlarından isə demək olar ki, mümkünsüzləşib, 1 yazını yerləşdirmək üçün 1 saatdan artıq vaxt gedir.  

Xatırladaq ki, AzPolitika.info 3 aydan çoxdur – iyunun 21-dən etibarən güclü haker hücumuna məruz qalır. 2 aya yaxın müddətdə saytın fəaliyyəti ümumiyyətlə dayanıb. Son bir ayda güclü (həm də bahalı) müdafiə sisteminə qoşulmaq sayəsində fəaliyyətimizi bərpa edə bilmişik. Lakin bu tam bərpa deyil, çünki saytın bir neçə funksiyası (“şərh”, “sorğu”, “ən çox oxunanlar” bölümləri, yazıların oxunma sayının qeydə alınması və sairə), hələ də işləmir. Üstəlik hücum fasiləsiz davam etdiyindən sayt ağır işləyir.

Əldə olunanan məlumatlar, hücumun miqyası, hostinq şirkəti ekspertlərinin analizləri isə bu qənaətə gəlməyə yetərincə əsaslar yaradıb ki, AzPolitika.info-nu məhv etmək cəhdinin arxasında Azərbaycandakı hansısa qüdrətli dairə dayanır. Çox böyük ehtimalla, hər ay 30-40 min manatın göyə sovrulması hesabına başa gələn bu hücum bilavasitə 9 oktyabr prezident seçkiləri ilə bağlıdır. AzPolitika.info barmaqla sayılacaq qədər azsaylı internet resurslarındandır ki, sözün əsl mənasında müstəqildir – heç bir siyasi qrupa, o cümlədən də hakimiyyətə bağlılığı yoxdur. Müstəqil, cəsarətli mövqeyi sayəsində isə fəaliyyətə başladıqdan qısa müddət sonra özünə çoxsaylı oxucu kütləsi qazana bilib. Bu baxımdan, əsas hədəf kimi AzPolitika.info-nun götürülməsi heç də təəcüblü deyil.

Yeri gəlmişkən, AzPolitika.info 3 aydan artıqdır davam edən haker hücumu ilə bağlı Azərbaycan Mətbuat Şurasına şikayət edib. Şikayətə haker hücumunun Azərbaycandan təşkil olunduğunu sübut edən faktlar və məlumatlar da əlavə olunub. 

Saytımızın texniki heyəti yaranmış problemi aradan qaldırmağa çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol