Menu

Anasının iliyi sayəsində Türkiyədə ölümdən döndü - Atası 88 min dolları ödəyə bilmir

07.09.2017, 16:58
Anasının iliyi sayəsində Türkiyədə ölümdən döndü - Atası 88 min dolları ödəyə bilmir

15 yaşlı övladı Cavid Abdullayevi Türkiyəyə müalicəyə aparan azərbaycanlı ailə xəstəxana məsrəflərini ödəyə bilmədiyindən maddi və mənəvi sıxıntı içərisində qalıb. İki il davam edən əməliyyat və müalicə xərclərinə 120 min dollar məbləğində vəsait xərcləyən ailənin əlavə 87 min 500 dolları ödəmək üçün nə satmağa əşyası, nə də borc istəməyə tanışı qalıb.

Virtualaz.org xəbər verir ki, Türkiyə mətbuatı azərbaycanlı Abdullayevlər ailəsinin acınacaqlı durumundan yazıb. Bakıda yaşayan və inşaat sahəsində çalışan Davud Abdullayev ilk övladı Cavidi iki il əvvəl yüksək hərarət və həddindən artıq yorğunluq şikayətləri ilə xəstəxanaya aparıb. Xəstəxanada uşağa milyon nəfərdən 3-də rast gəlinən aplastik anemiya (sümük iliyi çatışmazlığı) diaqnozu qoyulub.

Övladının xəstəliyinə görə çətin günlər keçirən ailə bir müddət Rusiya və Belarusda çarə axtarıb. Sonra müalicənin daha effektiv olması üçün yaxınlarının tövsiyəsi ilə Antalyaya üz tutublar. Həkimlərin yoxlamasından sonra məlum olub ki, Cavid Abdullayevin yaşaması üçün ona ilik nəqli mütləqdir. Xəstəxana uyğun ilik tapmaq üçün bütün dünyadakı ilik bankları ilə əlaqə yaradıb. Lakin tapılmadığını görən həkimlər ailə üzvlərindən qan analizləri götürüblər. Cavidin anası Aynurə Məmmədlinin iliyinin oğlu ilə 60 faiz uyğun gəldiyi aydınlaşıb və köçürməyə qərar verilib. Artıq özəl xəstəxananın Pediatrik Sümük İliyi Nəqli şöbəsinin müdiri professor Akif Yeşilipek tərəfindən həyata keçirilən əməliyyatla anadan alınan ilik Cavidə nəql edilib. Ötən ilin yanvarında həyata keçirlən əməliyyatdan sonra pasient müalicəsini həmin xəstəxanada davam etdirir.

Təxminən 20 aya yaxın davam edən müalicə müddətində 120 min dollar məbləğində ödəniş edən D. Abdullayev dərman və xəstəxana xərclərini ödəmək üçün əlavə olaraq 87min 500 dollar da ödəməlidir. Lakin bu məbləği ödəməyə imaknı olmayan ata ödəniş üçün Türkiyə dövlətindən iş icazəsi istəyir: “Azərbaycandan Türkiyəyə gələnə kimi 60 min dollar, Rusiya və Belarusda 30 min dollar xərclədim. Bakıdakı evimi, maşınımı, bütün var-dövlətimi satdım. 120 min dollarlıq xəstəxana məsrəflərini “Qəbələ” futbol klubunun rəhbərliyinin köməyi ilə ödədim. Bütün məbləğin ancaq bundan ibarət olduğunu düşünürdüm. 87 min 500 dollarlıq ikinci faktiuranı görəndə şok keçirdim. Çünki nə satacaq bir əşyam, nə də borc istəyəcək dostum qalıb. Bu pulu necə ödəyəcəyimlə bağlı fikir bütün yuxularımı ərşə çəkib”, - deyə ata bildirir.

Türkiyədə müvəqqəti qalmaq icazəsi olduğunu deyən D. Abdullayev bildirir ki, əgər ona iş icazəsi verilsə, çalışıb bu məbləği də ödəyər: “Bu günə qədər övladımın müalicəsi üçün yorulmadan çalışdım. Amma indi hər şeyimiz tükənib, maddi və mənəvi sıxıntı içərisindəyik. Əgər iş icazəsi verilsə, çalışaram, bu ödənişi edərəm, ailəmi dolandıraram”, - deyə çarəsiz ata mətbuata açıqlamasında bildib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol