İraq Kürdüstanı prezidenti Məsud Bərzani ölkədə yaşananlarla bağlı sensasion açıqlama verib.
Avropa.info xəbər verir ki, CNN telekanalına danışan Bərzani kürd xalqının öz müqəddəratını təyinetmə vaxtının gəldiyini deyib.
İraqın artıq bütöv bir halda qala bilməsinin çətin olduğunu deyən Bərzani, kürdlərin müstəqil olmaları barədə suallara ehtiyatlı cavab verib.
"Bu gün İraqda baş verənlər, daha bu şəkildə davam edə bilməyəcəyimizi göstərir. Bugünki İraq iki həftə öncəki İraqdan çox fərqlənir. Son on ildir yeni İraq qura bilmək üçün bütün gücümüzü göstərdik, amma bu təcrübə başarlı olmadı. Bu üzdən kürd xalqının öz müqəddəratını təyin etməsi fürsətini dəyərləndirməsinin zamanının yetişdiyini düşünürəm. Kürd xalqının qərarı nə olacaqsa , onu da dəstəkləyəcəyik".
Bərzani kürdlərin İraqın bütövlüyünün qorunması üçün vaxtilə çox çalışdıqlarını bildirib.
"Açığı 2003-cü ildə rejimin yıxılmasından sonra, İraqın birliyini biz kürdlər qədər qoruyan olmadı. Son on ildir biz bu işi gördük. Fəqət indi İraq dağılır. Mərkəzi hökumət bütün kontrolunu itirib. Ordu, polis yoxdu. Hazırda İŞİD-in ortaya çıxmasına şahid oluruq. Ortaya çıxan yeni dövlətlə çox uzun bir sərhədimiz var. Bu bizim səhfimiz deyil. İraqın çöküşünə biz səbəb olmadıq".
Bərzani İŞİD-lə savaşmaq istəmədiklərini də açıq şəkildə bəyan edib.
"Maliki hücum olan zaman bizdən kömək istəmədi. Əksinə yardım təklifimizi rədd etdi. Biz hazırda Kürdüstanı qoruyuruq. Sərhədimizə daxil olan hər kəslə savaşarıq. Amma hazırda İŞİD-lə vuruşmaq fikirimiz yoxdur.
Kürd lideri İraqın sünni bölgəsində baş verənlərin xalq üsyanı olduğunu deyib.
"Sünni bölgələrində yaşananlar xalqın mərkəzi hökumətin siyasətinə etirazıdır. Orada yaşananların hamısını İŞİD etmədi. Fəqət İŞİD fürsəti dəyərləndirib və kontrolu ələ keçirib. Yaşananlar əslində hökumətin yanlış siyasətinə etiraz idi. Sünnilərin Malikiyə qəzəbi vardı. Bunun sorumlusu Malikidir və o istefa verməlidir".


Şərhlər