Bakı İstintaq Təcridxanasında saxlanan hüquq müdafiəçisi, jurnalist Pərviz Həşimli karserə salınıb. Onun karserə salınmasının səbəbi ilə bağlı iki ziddiyyətli məlumat səslənir. Belə ki, vəkili Pərviz Həşimlinin “Media forum” saytına verdiyi müsahibəyə, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi isə təcridxanada daxili nizam-intizam qaydalarını pozduğuna görə karserə salındığını bildirir.
İyunun 24-də vəkil Elçin Sadıqov “Media forum” saytına deyib ki, Pərviz Həşimli cərimə təcridxanasına iyunun 23-də salınıb: “Pərviz bu ay “Media forum” saytının ona göndərdiyi sualları cavablandırıb. Onun müsahibəsi iyunun 20-də “Media forum” saytında dərc edilib. Bu səbəbdən ona xəbərdarlıq olunub və töhmət verilib. İyunun 23-dən isə o, karserə salınıb. Hələ ki, cərimə təcridxanasına salınması haqda qərar ona təqdim edilməyib. Ona görə də onun nə vaxta kimi cərimə təcridxanasında saxlanacağını bilmirik”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən “Media forum” saytına bildiriblər ki, vəkil Elçin Sadıqovun Pərviz Həşimlinin karserə salınmasının səbəbi haqda verdiyi məlumat həqiqəti əks etdirmir: “Pərviz Həşimli istintaq təcridxanasında olduğu müddət ərzində dəfələrlə daxili nizam-intizam qaydalarını pozub. Hətta bununla bağlı ona xəbərdarlıq və töhmət elan olunub. Buna baxmayaraq təqsirləndirilən şəxs Pərviz Həşimli növbəti dəfə daxili nizam-intizam qaydalarına, vəzifəsini icra edən müəssisə əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı üçün barəsində tənbeh tədbiri seçilib”.
Pərviz Həşimlini Təvəkkül Qurbanovla birlikdə ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tutub. Bakı Ağır Cinayətlər Məhkəməsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilib. Mayın 15-də Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bir neçə gündən sonra Pərviz Həşimli MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb.

Şərhlər