General-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin edilməsindən sonra bu strukturda - qoşun növlərində aparılan təhqiqatlar, istintaq hərəkətləri ilə bağlı bir-birinin ardınca maraqlı xəbərlər gəlməkdədir.
AzNews.az-a daxil olan daha bir informasiya isə Müdafiə Nazirliyində istintaq-təhqiqat işlərinin yeni fazaya qədəm qoyduğunu göstərir. Məlumata əsasən, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu (Səfərov) da istintaqa çağırılıb. Qurumun sabiq sözcüsü cəbhə xəttində, əsasən isə döyüş bölgəsində olmayan hərbi hissələrdə əsgər ölümləri ilə bağlı faktların mediadan gizlədilməsində, ittiham edilir. Yaxın günlərdə E. Sabiroğlunun hərbi prokurorluğa çağırılacağı da xəbərlər sırasındadır.
Müdafiə Nazirliyinə yaxın mənbələrdən əldə edilən daha bir məlumata görə, təhqiqatlara Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov şəxsən nəzarət edir.
Xatırladaq ki, ötən ilin noyabrında müdafiə naziri Zakir Həsənov 2012-2013-cü illərdə baş verən əsgər ölümləri ilə əlaqədar tədqiqatların aparılması ilə bağlı xüsusi tapşırıq verib.
Qeyd edək ki, Virtualaz.org saytı E.Sabiroğlu ilə əlaqə saxlayaraq onun bu xəbərlərə münasibətini öyrənib.
Polkovnik hazırda şəhərdə olmadığını bildirdi: “Məni heç yerə çağırmayıblar. Nə də bu barədə heç kim məndən heç nə soruşmayıb. Hərbi Prokurorluğa və digər hüquq-mühafizə orqanlarına çağırılmamışam. Bu məlumatlar kökündən yalandır. Elə adamlar var ki, yerində rahat otura bimirlər, sakit oturmağı bacarmırlar, müxtəlif mənbələr adı altında insanlara şər -böhtan atırlar. Mətbuatın bunda günahı yoxdur. Onlara yalan məlumatları kimlərsə ötürür.
İşlədiyim müddətdə həmişə vəzifəmi layiqincə yerinə yetirmişəm. Məni tez-tez tənqid edirdilər ki, guya müəyyən məlumatları gizlədirəm. O zaman da demişəm, indi də deyirəm ki, nazirliklə bağlı müəyyən məlumatların işıqlandırılmasını təkidlə tələb edən şəxslərə cavab verməyə lüzum görməmişəm.
Əsgər ölümləri ilə bağlı məsələyə gəlincə isə Müdafiə Nazirliyində bu məsələyə diqqətlə yanaşılıb. Azərbaycan elə böyük ölkə deyil ki... Ən ucqar rayonlarda baş verən hər hansı hadisə dərhal paytaxtda yayılır. Əsgər ölümlərini necə gizlətmək olardı axı? Bu barədə düşünmək belə qəbahətdir”.
Məsələ ilə bağlı Hərbi Prokurorluqla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Gün ərzində adıçəkilən qurumdan telefon zənglərimizə cavab verən tapılmadı.


Şərhlər