Menu

Azərbaycanlı məmur rus bankında vəzifə aldı

24.06.2014, 17:37
Azərbaycanlı məmur rus bankında vəzifə aldı

Şahmar Mövsümov Rusiyanın VTB Bankının ASC-nin Müşahidə Şurasına üzv seçilib

Məhəmməd Talıblı: «Neft Fondunun Rusiyanın VTB bankı ilə əməkdaşlığını riskli sayıram»

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov Rusiyanın VTB Bankının ASC-nin Müşahidə Şurasına üzv seçilib. Bu barədə «fins.az» saytına ARDNF-dən bildirilib.

2014-cü il iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində Bank VTB ASC-nin səhmdarlarının ümumi illik yığıncağı keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının müstəqil üzvü kimi iclasda iştirak edib.

İclasda ARDNF-nin İcraçı direktoru Ş.Mövsümov Bank VTB ASC-nin yeni tərkibli Müşahidə Şurasının müstəqil üzvü seçilib.

Qeyd edək ki, 2013-cü ildə ARDNF Bank VTB ASC tərəfindən yeni emissiya edilmiş 500 milyon ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,99 faizlik paya sahib olub.

İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı azadlıq.info-ya bldirib ki, burada iki məqamı biri-birindən ayırmaq gərəkdir. Rusiyanın istər bank sektoruna, istərsə də qeyri-bank sektoruna özəl sektorun investisiyasının cəlbi tamam başqa məsələdir: «Bir də var ki, ölkənin strateji valyuta ehtiyatının əhəmiyyətli hissəsin təşkil edən ictimai vəsaitin idarəedilməsi tamam başqa məsələdir. Yəni, özəl sektor müstəqil qərarı əsasında investisiya layihəsində iştirak edir və risklərin özü qarşılayır. Amma ictimai əhəmiyyətli vəsaitin özünün idarəedilməsi isə sadəcə xalq qarşısında hesabatlı olmaq deməkdir. Özəl bankların isə sadəcə səhmdarları qarşısında hesabatı olur. Neft Fondunun icraçı direktorunun həmin bankın Müşahidə Şurasında təmsil olunması bankın idarəçiliyində risklərin və ya qərarlarla yaxından tanış olmaq ehtiyacı ilə yəqin ki, bağlıdır. Amma fikrimcə, ötən il əgər yuvarlaq olaraq Neft Fondu VTB ASC-dəki payında təxminən 3 faizlik paya sahib olmuşdusa, bu il bunu mən çox riskli görürəm».

M.Talıblı hesab edir ki, Rusiyaya başlamış sanksiyaların daha təsirli dönəminin hiss edilməsi üçün zamanın çox yaxınlaşdığı nəzərə alınarsa, Neft Fondunun növbəti ildə bu bankla əməkdaşlığı risklidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol