“Həmin məktubda Rəşad Cəbrayılovun istədiyi faktlar və Emlin üzünə duran məmurların adları var”
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin mətbuat xidməti dünən Salyanda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovun həbsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, bu ilin aprel ayının 9-da Salyan rayon Bələdiyyəsinin sədri Əşrəf Xanməmmədov RPŞ-yə ərizə ilə müraciət edərək cari il mart ayının 18-də özünü Demokratiyaya Yardım İctimai Birliyinin üzvü kimi təqdim etmiş Sabirabad rayon sakini Tofiq Qasımovun ondan pul istəməsini, verməyəcəyi təqdirdə onu internetdə və kütləvi informasiya vasitələrində tənqid edəcəyi ilə hədələməsini bildirib.
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Qasımov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovun təhriki ilə cari ilin fevral ayının 14-də Aşağı Muğan Meliorativ Sistemləri İstismar İdarəsinin baş mühəndisi Zalış Bünyatovu hədələyərək 100 manat, Salyan Suvarma Sistemləri İdarəsinin baş mühəndisi İlham Əsgərovu hədələyərək 200 manat, cari ilin aprel ayının 2-də Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyinin rəisi Nazir Bəşirovu hədələyərək 50 manat tələb etməsi, habelə E.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2013-cü ilin dekabr ayı ərzində Salyan rayon Telekommunikasiya Qovşaqının rəisi Faiq Nəcəfovu hədələyərək 200 manat və Salyan rayonu üzrə Maliyə İdarəsinin rəisi Mahir Kərimovu hədələyərək 200 manat tələb etməsi də müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutulub. Faktla əlaqədar cinayət işi başlanmış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DİN-in məlumatında belə deyilirdi.
İki gün əvvəl Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov da mətbuata açıqlamasında Emil Məmmədovun həbsinin icra başçısı Tahir Kərimova aidiyyatı olmadığını, onun vəzifəli şəxslərdən pul tələb etdiyinə görə həbs olunduğunu bildirib.

S.Məmmədova yoldaşının müxtəlif vəzifəli şəxslərdən pul tələb etməsi ittihamını qətiyyətlə təkzib edib və bir daha bu həbsi Emil Məmmədovun rayondakı vəziyyətlə bağlı Prezident İlham Əliyevə şikayətləri ilə əlaqələndirib.
“Rəşad Cəbrayilov özü də çox gözəl bilir ki, Emin Məmmədov hansı əqidəyə sahib insandır. O acından ölsə belə, gedib yerli məmurları şantaj edərək, onlardan pul almaz. Axı siz kimsiz ki, Emin Məmmədov sizdən pul alsın? Görünür Rəşad Cəbrayilov da bu oyunun içindədir və Tahir Kərimovu təmizə çıxarmağa çalışır.
Dekabr-fevral aylarında Emil Məmmədovun Prezident İlham Əliyevə və Ramiz Mehdiyevə göndərdiyi məktublardan sonra ona qarşı şər-böhtan kampaniyasına başladılar. Həmin məktubda Rəşad Cəbrayılovun istədiyi faktlar və Emlin üzünə duran məmurların adları var. R.Cəbrayılov oxuyub görsün ki, kim-kimə şər atır.”
S.Məmmədova deyir ki, Tofiq Qasımovu həbs edəndən sonra, ondan Emil Məmmədovun əleyhinə ifadə almağa çalışıblar: “Tofiq Qasımov aprel ayının 4-də Regional mərkəzin direktoru Elçin Əzizovun ofisinə gələrək, yaxın qohumu olan baş həkim haqqında Elçinin yazdığı yazıyla əlaqədar araşdırma aparmaq istəyib. Ofisin qarşısında Elçin Əzizovun oğlu Orxan Əzizov tərəfindən döyülüb. Onların ikisini də polis şöbəsinə aparıblar. Lakin daha sonra Orxan Əzizovu buraxsalar da, Tofiq Qasımovu həbs ediblər. Biləndə ki, T.Qasımov Demokratiyaya Yardım İcitmai Birliyinin üzvüdür, ondan Emilə qarşı istifadə etdilər. İcra başçısı Tahir Kərimovun göstərişi ilə idarə və müəssisələrdən Tofiqin əleyhinə ərizələr yığıldı. Guya Tofiqi Emil müəllim idarə və müəssisələrə göndərirmiş. Sonra da Tofiqi içəridə təzyiqlərlə Emilin üzünə durmağa məcbur etdilər.”

Daxili İşlər Nazirliyinin açıqlamasına toxunan S.Məmmədova deyir ki, həbsindən əvvəl Emil Məmmədov üzləşdiyi təhdidlərlə bağlı dəfələrlə DİN-ə şikayət edib. Lakin bu şikayətlərə məhəl qoyulmayıb.
“Emilə qarşı bu kampaniya Tofiq Qasımovun tutulmasından sonra başladı. Daxili İşlər Nazirliyinin bəyanatında göstərildiyi kimi deyil. Tofiq Qasımov axtarış tədbirləri nəticəsində tutulmayıb. Yuxarıda qeyd etdiyim kimi, Elçin Əzizovun yanına gedərkən tutulub. Tofiq Qasımov tutulandan sonra məlum oldu ki, neçə illərdir YAP-ın üzvi imiş. Bakı Təcridxanasına göndəriləndən sonra oradan əmisinə zəng vurub vəkil tutmağı xahiş edib və Emil müəllimdən üzr istədiyini deyib. Bildirib ki, məni döyərək Emil müəllimin üzünə durğuzdular. Onu üzünə dursam, məni azad edəcəklərini dedilər. Yəni DİN-in açıqlamasında göstərilənlər Tahir Kərimovun özünü təmiz çixarmaq üçün yoldaşıma atdığı şərdir.
Bu nazirliyə müraciət edərək xahiş edirəm ki, Emilin məktublarını araşdırsınlar.”
Qeyd edək ki, bir aydan çoxdur həbsdə olan Emil Məmmədovun ailəsi ilə görüşməsinə icazə verilmir. Sənubər Məmmədovanın dediyinə görə, dəfələrlə görüşmək üçün müstəntiq Əlibaxış Məniyevə müraciət olunsa da, müsbət cavab verilməyib.
Elçin Sadıqov və Fariz Namazlı Emin Məmmədovun vəkilləridir.
Ülkər Musazadə
Emil Məmmədovun müxtəlif vaxtlarda Prezident İlham Əliyevə və PA rəhbəri Ramiz Mehdiyevə yazdığı məktubların fotosürətlərini təqdim edirik:




Şərhlər