AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) İraq Kürdüstanında müstəqillik referendumu keçirilməsindən təəssüflənir və İraqın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu barədə Aİ-nın xarici siyasət xidməti nümayəndəsinin çərşənbə günü yayılan bəyanatında söhbət açılır.
«Aİ birtərəfli qaydada, üstəlik də mübahisəli ərazidə referendum keçirilməsindən daşınmağa dəfələrlə çağırış etdi. Aİ təəssüf edir ki, bu çağırışlar eşidilmədi. Aİ bütün tərəfləri sakit və təmkinli hərəkət etməyə, siyasi və iqtisadi sahələrdə cari mübahisəli məsələlərin dialoq yolu ilə həllinə sadiq olduqlarını sübut etməyə çağırır. Aİ belə dialoqu dəstəkləməyə hazır olmaqda davam edir» - bəyanatda deyilir.
Keçirilmiş referendumun nəticələri səsvermədən sonrakı 72 saat ərzində elan olunacaq, ancaq artıq indidən ilkin nəticələrdən danışmaq olar. 3,3 milyon seçicinin 280 mindən artığının verdiyi səsə görə,vətəndaşların 95,0 faizi müstəqilliyə «hə» deyib.
İraq Kürdüstanı - İraqın tərkibində kürd muxtariyyətinin qeyri-rəsmi adıdır. Onun hüquqi statusu 2005-ci il İraq konstitusiyasında öz əksini tapıb. Ərazi kürdlərin yaşadığı vilayətdir və İraqın şimalında və şimal-şərqində yerləşir.


Şərhlər