Hüquq müdafiəçisi hazırda Avropa ölkələrinin birində Azərbaycan üzrə məsləhətçi vəzifəsində çalışır
Qadın Krizis Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Mətanət Əzizovanın hansı ölkədə yaşaması çoxlarımızda maraq doğurur. 1 aydan çoxdur ki, Leyla Yunusla bağlı başlanan istintaqa cəlb olunduğuna görə hüquq müdafiəçisi ölkəni tərk edib. Hazırda onun sığındığı ölkə naməlum olaraq qalır.
Yaxınları iddia edir ki, onun ailəsi Azərbaycanda girov kimi saxlanır və onları xaricə buraxmırlar. Belə vəziyyətdə Mətanət Əzizovanın hazırda harada yaşaması, nə işlə məşğul olması barədə maraqlandıq. Sosial şəbəkə vasitəsilə suallarımızı cavablandıran hüquq müdafiəçisi hazırda Avropa ölkələrinin birində Azərbaycan üzrə məsləhətçi vəzifəsində çalışdığını söylədi: “Vəziyyətim yaxşıdır. Hələ ki bir yenilik yoxdur. Müxtəlif QHT-lərlə görüşlər keçirirəm. Bunu daha çox təcrübə mübadiləsi kimi hesab etmək olar. Daha çox qadın hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlarla görüşürəm. Əsas işim Azərbaycanla bağlıdır. Hazırda Avropada tanınan bir QHT ilə əməkdaşlıq edib, Azərbaycan üzrə məsləhətçi vəzifəsində çalışıram. Ölkəmizdə QHT-lərin durumu haqqında hesabatlar hazırlayıram. Bir neçə təşkilatla danışıqlar gedir ki, Azərbaycana maliyyə dəstəyi artırılsın. Ölkəmizdə QHT-lərlə əməkdaşlığın artırılması istiqamətində də işlər görürəm. Bakıda gördüyüm işi burada davam etdirirəm”.
Mətanət Əzizova hər gün ailəsi ilə mütəmadi olaraq əlaqə saxladığını da qeyd etdi: “Ailəmlə hər gün internet vasitəsilə əlaqə saxlayıram. Vəziyyətimin yaxşı olduğunu desəm yalan olar. Doğmalarım üçün çox narahatam. Ailə deyəndə təkcə oğlum və həyat yoldaşım deyil, eyni zamanda anam, bacım və onun uşaqları yadıma düşür. Hər biri üçün çox darıxıram. Hər gün onları yuxudan görürəm. Onları müdafiə etmək üçün qanunlardan yararlanacam. Onlara görə bu dəqiqə də çox narahatam. Çünki onları hər an təhlükə gözləyə bilər. Özümə görə narahat deyiləm. Çünki burada heç bir təhlükə gözləmirəm. Prokurorluğun qanunsuz əməllərini daha çox mənə dəyən psixoloji zərbə kimi qiymətləndirirəm. Mənə, oğluma və yoldaşıma qarşı olan qanunsuz hərəkətlərə, sağlamlığımıza dəyən ziyana görə Azərbaycan hökumətindən kompensasiya tələb edəcəm”.
Hüquq müdafiəçisi mühacirət məsələsində artıq bəzi ölkələrlə danışıqlar apardığını bildirdi: “Hazırda olduğum ölkədə proqramla bir ilə qədər qala bilərəm. Hələ ki buralardayam. Mühacirət məsələsini, informasiyamın tam olması üçün, müxtəlif ölkələrlə müzakirə etmişəm. Amma hələ rəsmi olaraq, heç bir ölkəyə müraciət etməmişəm. Mənə görə heç kəs narahat olmasın. Heç bir problemim yoxdur. Burada işləyirəm, kitablar oxuyuram, dincəlməyə də vaxtım olur”.
Müsahibimiz oğlunun xəstəliyi ilə bağlı yaranan təhlükələrdən də danışdı: “Mama bu gün oğlumu psixoloji durumunun düzəlməsi üçün rayona aparıb. Adətən hər il onu Tiflisdə müalicə etdirirdim. Çünki onun həkimi oradadır. 11 yaşından o həkim müalicə edirdi. Oğlumun uşaqlığından revmatizması olub. Tiflisdəki həkim uşaqlıqdan onu müalicə etdiyinə görə daha yaxşı bilirdi. Bu il oğlum yüngül müalicə alıb. Yanında olmadığıma görə səhhəti ilə bağlı tam məlumata malik deyiləm. Amma psixoloji durumunun ağır olduğunu bilirəm. Oğlum və yoldaşım mənə görə çox əziyyət çəkirlər. Buna görə narahatam”.
Sonda hüquq müdafiəçisi uzun illər yaşadığı doğma ölkəsi üçün darıxmadığını bildirdi: “Kənardan uzun illər yaşadığım doğma ölkəm həqiqətən də başqa görünüş verir. Çox acınacaqlı vəziyyətdədir. İndiki vəziyyətdə olan ölkəm üçün darıxmıram. Məndə bu hisslərin yaranmasına səbəb olan Azərbaycan hakimiyyətinə artıq heç bir sözüm yoxdur. Qanunlarına hörmət etməyən, onu kobud şəkildə pozan bir hakimiyyətə heç bir söz deyə bilmərəm. Sadəcə, qanunun aliliyini tələb edə bilərəm. Bunu da son damla qanıma qədər tələb edəcəm ”.

Şərhlər