Menu

“Azərbaycana görə mən günahkaram” - Andres Herkel

26.06.2014, 14:31
“Azərbaycana görə mən günahkaram” - Andres Herkel

“Mən “Azərbaycanda siyasi məhbuslar” məsələsini həll etməyi bacarmadığıma görə özünü günahkar hesab edirəm. Mən AŞ PA həmməruzəçisi vəzifəsindən gedəndən sonra bu mövzu hələ də aktual olaraq qalır ki, buna görə də günahkaram”.

Bunu virtualaz.org saytına açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə keçmiş həmməruzəçisi, Estoniya parlamentinin üzvü Andres Herkel deyib.

A.Herkelin sözlərinə görə, o, ispaniyalı deputat Pedro Aqramuntun AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə həmməruzəçisi təyin olunmasından xəbərdardır.

“Mən ispan həmkarıma bu istiqamətdəki fəaliyyətində uğurlar diləyirəm. Ümid edirəm ki, cənab Aqramunt bu məsələni həll etməyə nail olacaq və Azərbaycanda siyasi məhbuslar məsələsi ilə bağlı obyektiv hesabat hazırlaya biləcək. Bununla da bu mövzu rəsmi Bakı ilə AŞ PA arasında bir daha ziddiyyət mənbəyi olmayacaq” - deyə A.Herkel gözləntilərini dilə gətirib.

Qeyd edək ki, AŞ PA üzvü, İspaniyadan olan deputat P.Aqramunt dünən AŞ PA-nın “Azərbaycanda siyasi məhbuslar” məsələsi üzrə məruzəçisi təyin olunub. Bu qərar AŞ PA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin iyunun 25-də Strasburqda keçirilən iclasında qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol