Xuliqanlıq ittihamı ilə 6 il azadlıqdan məhrum olunmuş, Şüvəlan təcridxanasında saxlanan Müsavat başqanının müşaviri Yadigar Sadıqova iyunun 27-də hüquqlarını qoruyan ictimai komitənin sədri Elman Fəttah baş çəkib.
“Media forum” saytına danışan Elman Fəttah deyib ki, bu gün Yadigar Sadıqovun həbsindən bir il ötür və görüşdə əsas bu barədə müzakirələr aparılıb: “Ona “Yadigar Sadıqov 1 il girovluqda” yazılı tortu təqdim etdik. Yadigar Sadıqov bir illik həbs müddətində daha da mətinləşib. O düşünür ki, rejimə qarşı mübarizə daha da intensivləşməli, daha ciddi şəkildə aparılmalıdır”.
Elman Fəttah onu da deyib ki, Yadigar Sadıqov futbol üzrə dünya çempionatını maraqla izləyir: “Rusiya yığmasının qrup mərhələsindən çıxa bilməməsinə çox sevinir. Almaniya, Hollandiya, Argentina, Braziliya yığmalarını göstərdiyi oyunlara görə çempionluğa layiq bilir”.
Elman Fəttahın sözlərinə görə, Yadigar Sadıqovun səhhətində bəzi problemlər var: “Ürəyində xroniki problemlər olduğundan bəzi dərmanlar qəbul edir. Saxlanma şəraitindən isə narazılığı yoxdur”.


Şərhlər