BOŞANMALARIN SAYI NİYƏ KƏSKİN ARTIB?

Azərbaycanda ailə dayanıqlığı: problemlər və qlobal çağırışlar

uzeyirÜzeyir Şəfiyev,

Sosiologiya üzrə fəlsəfə doktoru,

BDU-nun “Sosial iş” kafedrasının müdiri

Cəmiyyətin sosial inkişaf dinamikası sosial və bioloji cinslərarası münasibətlərdə əsaslı dəyişiklikləri şərtləndirir. Bu isə öz növbəsində sivilizasiyanın ilk əlaməti kimi təcəlla edən monoqam ailənin struktur və məzmununda ciddi təbəddülatların determinantı kimi çıxış edir. Tarixə ekskurs etsək görərik ki, əvvəllər insanlararası qeyri-məhdud cinsi münasibətlər mövcud olmuş və bu münasibətlər atanın həqiqi şəkildə təyin edilməsi imkanını istisna etdiyi üçün mənşəyi yalnız ana xətti ilə müəyyən etməli olurdular. Bu vəziyyət ailədə qadının (ananın) hökmranlığını tam təmin edirdi.

Poliqamik ailə tipinin üstünlük təşkil etdiyi matriarxat cəmiyyət tədricən estafeti monoqam ailə tipini özündə ehtiva edən patriarxal cəmiyyətdə ötürdü. F.Engelsin təbirincə desək, matriarxatın devrilməsi (analıq hüququnun fiaskosu) qadın cinsinin dünyada tarixi əhəmiyyətə malik hüququndan məhrum etdi. Monoqam ailə birmənalı olaraq, kişi hakimiyyətinə əsaslanırdı. Daha dəqiq ifadə etsək, monoqamiya bir cinsin digər cins üzərində əsarətini ifadə edir. Birini digəri üçün mülkiyyət formasına çevirirdi. Ailədə ana hakimiyyətinin süqutu qadınların icmada və cəmiyyətdə hüquqlarını tam itirməsinə gətirib çıxardı. Bu proses o həddə qədər irəlilədi ki, hətta qadını iki inəyə dəyişmək mümkün idi və uzun müddət bu münasibət dəyişmədi. Hətta 585-ci ildə Makedoniya kilsəsi qadınların insan olmaması ilə bağlı məsələni ciddi müzakirə obyektinə çevirmişdi. Monoqamik ailələrdə kişi qadının həyat yoldaşı kimi çıxış etsə də, özünü onun sahibi kimi aparırdı. Nəsildən- nəslə keçən belə münasibətlər getdikcə adət halını alır, bir növ arxetipləşirdi. Bəşər tarixinin bir neçə mərhələsini əhatə edən kişi qadın münasibətlərinin, ailədə əsas struktur vahidlərinin bu münasibətləri fonunda cinsi şüur və stereotiplər formalaşmağa başladı. Əlbəttə, yaranmış reallıqda hansı cinsin özünü daha komfortlu hiss etməsi mübahisə obyekti ola bilməzdi. Ancaq tarixi proses yerində dayanmadığından ailənin struktur vahidlərinin rol dəyişiklikləri də qaçılmaz bir gerçəklikdir. İstər cahangirlik savaşları dönəmi, istər sənaye inqilabından yaxın dövrlərə qədər ailədə və cəmiyyətdə qadının rolu, funksiyaları, missiyası, kişilərlə müqayisədə ən yaxşı halda kölgədə qalır, kadrarxası görüntülənir, qadın uşaq fabriki (İ. Kant) kimi, kişinin rahatlğının təminatçısı kimi qitmətləndirilirdi.

Sovetlər birliyi dövründə də qadına “nəzakətlə” yanaşılır, o, zəif deyil, zərif məxluq kimi səciyyələnir, bir qədər önə çəkilir. Ancaq yaranmış yeni cəmiyyət də ailədə və cəmiyyətdə patriarxat əsasları sarsıda bilmədi, kişi - qadın nüfuzu sahəsində olan saldonu qadınların xeyrinə dəyişdirmək gücündə olmadı.

Qlobal miqyasda qadınların patriarxatdan xilas olması hərəkatı feminizm, sufrajizm dalğası gender islahatları şəklində təcəlla etməyə başladı. Onların istifadə etdiyi, üstünlük verdiyi əsas addımlar kimi kişi hakimiyyətindən qurtarmaq üçün qadın korporativ klinikalarının, klubların yaranması, qadının kişidən ayrı keçirdiyi vaxt yerlərinin olmasının tələb etməsini, qadınların qərarqəbuletməyə cəlb olunmasını qeyd etmək olar. Baş verən bu və ya buna bənzər proseslər ailənin məzmun və strukturuna da təsirsiz ötüşmür. Patriarxatın bərqərar olmasından bəri ailə mürəkkəb strukturlu təsisat kimi institutlaşmaqda idi. Daha sonralar, o cümlədən günümüzdə ailənin geniş əhatə dairəsinə malik olan qohumluqdan “ailə izdivacı” adlı kiçik qrup şəklində məhdudlaşdırılması baş verməkdədir. Baba-nəna institutunun tədricən sıradan çıxması ailə dayanıqlığının taleyində də fəsadlarla müşayiət olunmaqdadır. Bu ilk növbədə ailədaxili bəzi dəyərlərin sıradan çıxmasında, sosiallaşma prosesində ailənin funksionallığının azalmasında, nikah və boşanma saldosunun ikincinin xeyirinə dəyişməsində daha çox ifadəsini tapmaqdadır.

Cəmiyyətin sosial simasının substantiv şəkildəyişməsi ilə ailə təsisatının mahiyyəti və struktrunda baş verən fərqliliklər arasında qarşılıqlı səbəb-nəticə əlaqələri mövcuddur. Cəmiyyətin əsas nüvəsi sayılan ailə sosiallaşma agenti kimi cəmiyyətə nə qədər təsir edirsə, cəmiyyətdə və qlobal müstəvidə mövcud proseslər də ailə fəlsəfəsinə müəyyən edici təsir göstərir. Ən ümumi əsaslara görə ailə dayanıqlığına təsir edən amillər kimi ailədə qadının iqtisadi asılılığının azalması və deməli, qadının məşğulluq probleminin aradan götürülməsi, cəmiyyətin fərdin davranışına nəzarətin zəifləməsinə gətirib çıxarmış, geniş insan kütləsinin cəmləşdiyi meqapolislərin yaranması, matriarxata çağırış edən hərəkatların qadınların “maarifləndirilməsi” sahəsində apardıqları açıq və latent təbliğ, təşviq işləri və s. qeyd etmək olar.

Nə qədər təəssüf doğurucu fakt olsa da, belə bir fakt heç kimdə şübhə doğurmur ki, ailə dayanıqlığında qadının məşğulluğu ilə boşanmalar arasında sabit korrelyativ asılılıq mövcuddur. İstər mərkəzdə, istərsə də periferiyalarda qadınların işlizliyi və iqtisadi asılılığı ailədaxili subordinativ konstitusiyanın, ailədaxili nizam-intizamın, ailə dayanıqlığının xidmətdarı kimi çıxış edir. Hərçənd bu o nəticəyə gəlməyə əsas vermir ki, işləyən qadınların hamısı üçün ailə dayanıqlığı prioritet deyildir. Ailənin hər iki üzvünün işlədiyi bir-birindən iqtisadi asılılığı olmayan, qarşılıqlı anlaşma şəraitində yaşayan kifayət qədər ailə nümunələri vardır.

Ailə dayanıqlığına təsir edən amillərdən biri də uşaq, övlad faktorudur. Məsələn, 2015-ci il statistikasına görə Azərbaycanda 12 765 boşanma halı qeydə alınıb ki, bunun da 6950-si uşağı olmayan ailələrin payına düşür. Sirr deyil ki, uşaq ailədaxili münasibətlərdə birləşdirici həlqə və bir çox potensial və real boşanmaların qarşısını alır. Təəssüf doğuran hallardan biri budur ki, ailə həyatı obrazına, uşaqların anadan olmasına yönəldilən tələbat azalmaqdadır. Acınacaqlı haldır ki, bu gün istər Avropada, nə qədər təəccüblü olsa da postsovet məkanında, o cümlədən Azərbaycanda ənənəvi ailə obrazına alternativlər özünü göstərməkdədir. Bu gün ABŞ əhalisinin 4-5 %-i konsensual ittifaqda yaşayır. Bunun ən ağır nəticələri cəmiyyətdə ahıl yaşın tənhalığıdır ki, bu da özünü hələ 1989-cu il statistikasına əsasən ABŞ üçün 23 milyon təşkil etməkdə göstərirdi.

Narahatlıq doğuran məqam nikahdan kənar uşaqların sayının artmasıdır. Belə ki, 2015-ci il statistikasına əsasən Azərbaycanda doğulan uşaqların 24 038-i qeydə alınmamış nikahdan olan qadınlar tərəfindən dünyaya gəlmişdir ki, bunun da 9411-i şəhər (o cümlədən 2974-ü Bakı), 14627-si isə kənd əhalisinin payına düşür. Həyəcan doğuran məqam odur ki, belə bir tendensiya pis örnəklər yaradır, nəsillərarası sosial varisliyin arzuolunmaz davamını şərtləndirir. Çox az hallarda natamam ailələrdən doğulan uşaqların ailə dayanıqlığı mümkün olur. Belə uşaqların gələcəkdə boşanma ehtimalı birgə yaşayan valideyn uşaqlarından 50% artıqdır. Çünki onlar üçün sələflərindən uğursuz nümunə var. Bu hadisələrin birbaşa və dolayı fəsadlarını yenə də cəmiyyət çəkməli olur. Natamamlıq kompleksi ilə “silahlanmış” belə insanların davranışları üçün müəyyən istisnalar çıxmaq şərtilə kin, qərəz, aqressivlik, qibtə və s.-dən doğan deviant və delikvent davranış fəaliyyəti spesifikdir. Təskinlik tapmağa imkan verməyən daha bir tendensiya isə odur ki, evliliyi həyat məqsədi saymayanların sayı və uzun müddət davam edən münasibəti ən azı evlilik qədər mənalı sayanların sayı durmadan artmaqdadır. Əgər nəzərə alsaq ki, nümunə götürüləsi mədəni-mənəvi coğrafiya Avropadır (burada həmin göstərici 74%-dir) onda problemin narahatlığı kimsədə şübhə doğurmaz.

Təəssüf doğurucudur ki, son illər Azərbaycanda da boşanmaların dinamikasında nəzərə çarpan artım qeydə alınıb. Belə ki, 2016-cı ilin ilk 3 ayı ərzində 2,8 min boşanma qeydə alınıb ki, bu da evlənənlərin 17,4%-ni təşkil edir. Bu bir sıra Avropa ölkələri ilə müqayisədə kiçik rəqəm olsa da, Azərbaycan kimi ənənəvi cəmiyyətlər üçün qeyri-xarakterikdir. Müqayisə üçün bir sıra ölkələrin statistik mənzərəsi ilə tanış olaq. Məsələn, ABŞ üçün boşanma nisbəti 53%-dir, Rusiyada 51%-dir, ateistlərin çoxluq təşkil etdiyi Belçikada 74%-dir, İsveçdə 47%-dir, Ukraynada 42%-dir, Macarıstanda 67%-dir və s.

Boşanma hallarının qoşa və analoji müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, onu doğuran səbəblər içərisində etnopsixoloji, dini və mədəni determinantlar az rol oynamır. Hərçənd çoxsaylı sosietal səbəblər içərisində iqtisadi, daha doğrusu məşğulluq amili, habelə insan hüququ və azadlıqlarının qadınlar tərəfindən dərk olunacaq patriarxat asılılıqdan xilas olma hərəkatının fəallaşması nəzərə çarpan saldoya malikdir.

Boşanmalarla mübarizədə işi çətinləşdirən amillərdən biri də problemlə bağlı ictimai qınağın zəifliyi, ailələrdə nənə-baba institutlarının kənarda qalmasıdır. Ailə daxili münaqişələr qaçınılmazdır. Bəzən belə münaqişələr boşanmalar, kriminalla nəticələnir. Mürəkkəb ailələrdə nənə və babanın müdrik müdaxilələri belə münaqişələri tənzimləyir, cütlüklərə boşanma haqqında düşünməyə imkan vermirdi. Gənc cütlüklər üçün nənə-babanın timsalında dayanıqlı ailə nümunələri var idi. Ailələr nuklearlaşdıqca nəsillərarası bağ, varislik zəifləməyə başladı, gənc cütlüklərin ailələrin taleyilə bağlı qərar verməsində emosiyaların, çılğınlığın diqtəsilə sərbəstlik, məsuliyyətsizlik öz sözünü deməyə başladı. Halbuki nənə-baba institutu nəslin, şəcərənin varisliyini təmin etmək üçün bu məsuliyyəti həmişə öz üzərində görürdü. El qınağı deyilən bir damokl qılıncını başının üstündə hiss edir və ailə dayanıqlığını qorumaq üçün bütün mümkün həll variantlarını müdrikliklə həyata keçirirdi. Məhz bu səbəbə görə yenə də nisbətən müsəlman Şərq ölkələrində hazırki dövrdə boşanma halları belə institutların tarixə çevrildiyi Avropa, Amerikadan xeyli aşağıdır. Baxmayaraq ki, artıq patriarxal ailələrin üstün olduğu ölkələrdə də oxşar proseslər start götürməkdədir. Belə ki, uzunömürlü ailələri ilə, ailə, nəsil, şəcərə bağlantılarına ultramühafizəkarlığı ilə seçilən Azərbaycanın nikah və boşanma statistikası ailə dayanıqlığı ilə bağlı həyəcan siqnalı çalmaqdadır. 2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40 256 nikah və 9 787 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olmuşdur.

Ailə dayanıqlığı ilə bağlı medianın üzərinə ictimai qınağı əks etdirmək baxımından böyük məsuliyyət düşür. Bir sıra hallarda efir məkanını ailə cütlüklərini bir-birinə qarşı qoyan, guya gender bərabərliyini təbliği edən, əslində feminist hərəkat vasitəsilə matriarxata çağırış edən tokşoular, proqramlar zəbt etdiyinin şahidi oluruq. Yaxşı olardı ki, televiziyalar, saytlar, mətbuat uzunömürlü, örnək ailələrlə bağlı proqramlarla işləsin, natamam ailələrlə bağlı problemləri işıqlandırsın, nikahdan kənar və natamam ailələrdə doğulan uşaqlarla bağlı cəmiyyəti təhdid edən risklərdən bəhs etsin, müvafiq ekspertlərin tövsiyələri və sosial layihələri ilə preventiv tədbirləri özündə əks etdirən ciddi addımlar atsın.

Ailələrdə dayanıqlığa təsir edən amillərdən biri də son dövrlər “hesabla” qurulan ailələrin sayının artması, alfonsların uğursuz izdivaclarıdır. Günümüzdə Azərbaycan cəmiyyətinin populyar və ya orta statistik insanlarının nikahlarının müəyyən bir qismi də təmənnalı məram, karyera, zənginliyə sahib çıxmaq amalı ilə qurulduğundan, ürəkaçmayan sonluqlarla yekunlaşır. Çünki belə ailələrdə ailənin nüvəsini təşkil edən səmimi münasibətlər, sevgi böhranı yaşandığından məqsəd boşa çıxdığı halda ailə dayanıqlığı xilas ola bilmir.

Bir sıra ölkələrdə boşanma mexanizmi son dərəcə sadələşdiyindən, iş məhkəmə müstəvisindən kənarda, ictimailəşdirilmədən “ağıllı telefonlar”, internet vasitəsilə “özün boşan” adlı bir prosedurla gerçəkləşdiyindən boşanma statistikasında sıçrayışlar diqqəti cəlb edir (bax: Birləşmiş Krallıq Statistikası).

Ailələrdə, nikah idarələrində, məhkəmələrdə psixoloq və sosial işçi institutlarının təşkilinin sürətlənməsi də ailə böhranlarının tənzimlənməsində kifayət qədər ümidverici vasitələrdən biridir. Belə institutlar nəinki baş vermiş böhranın tənzimlənməsi və həlli istiqamətində, eləcə də problem baş vermədən öncə qabaqlayıcı tədbirlər görülməsi baxımından da mühüm məna kəsb edir. Unutmaq olmaz ki, sağlam insan və cəmiyyətin ilk və alternativsiz sosiallaşma agenti ailədir. Ailələr nə qədər mükəmməl olarsa vətəndaş və cəmiyyət, dolayısı ilə dünya evi də sabit və sağlam olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar