Elman Şahverdiyev,

AMEA Fizika İnstitutu

Cənab Prezident!

AMEA-ya son seçkilərdən aylar keçsə də, Sizə göndərdiyim saysız-hesabsız müraciətlərimə hələ də cavab almamışam. Özü də haqlı, əsaslı narazılıqlarımla bağlı müraciətlərimə!

Qısaca bir daha xatırladım ki, AMEA-ya seçkilərdə “Fizika” üzrə müxbir üzvlüyə namizəd idim. 2014-dəki kimi yenə də AMEA üzvü ola bilmədim. Azərbaycan elminə multidissiplinar “qeyri-xətti dinamika və xaos” ixtisasını gətirmışəm. Thomson Reuters-də göstəricilərim bütün namizədlərdən dəfələrlə üstün idi. Öz-özünə sitatsız istinadlarım 670-dir (Bütün rəgəmlər seçki vaxtı olan datalara uyğundur.). Amma 37 istinadı olan bir nəfər üzv oldu.

Bölmə üzrə təyin olunmuş 8 müxbir üzvün cəmi istinadlarının sayı mənimkindən 2,2 dəfə azdır,3 həqiqi üzvünki isə - 1,3 dəfə. İndi cəmi 186 AMEA üzvü var. Bu gün bir nəfər AMEA üzvünün istinadlarının sayı mənimkindən çox deyil. Bu fikir vahid məqaləyə olan istinadların sayına, Hirş indeksinə, ən çox istinad gətirən məqaləyə olan sitatların sayına da şamil edilir. Beynəlxalq qiymətləndırmələr əsasən bu göstəricilərə əsaslanır.

Necə olur ki, 0; 1; 2 istinadı olanlar, “Thomson Reuters”-in nüfuzlu data bazasında adı belə olmayanlar müxbir, hətta həqiqi üzv olurlar, mən isə yuxarıdakı göstəricilərlə müxbir üzv belə ola bilmirəm?!

Necə olur ki, Almaniyada 15 il işləyən Ənvər Nəhmədov (106 istinad) 3 il ərzində elmlər namizədliyindən həqiqi üzv təyin olunur, məni isə AMEA üzvlüyünə yaxın buraxmırlar. Eyni ilə direktor Məmmədov (410 istinad) başqalarının işi hesabına 2014-də müxbir, 2017-də isə həqiqi üzv təyin olunur!

AMEA cavab verməyi belə özünə sığışdırmır! Görəsən, AMEA prezidenti Akif Əlizadənin mənə qarşı aşırı qərəzli münasibətinin səbəbi nədir?! Axı, AMEA onun votçinası deyil! Mənim adamım yoxdur deyə haqqımı başqaları yeməlidirmi?! Təsəvvür edin ki, AMEA prezidenti elmə ən çox istinad gətirlərdən birini AMEA-ya buraxmaq istəmir! Məgər buna görə o cavab verməli deyilmı?!

Prezidentiliyi dövründə onun işi-gücü ondan ibarət olub ki, sovet üsul-idarəsini AMEA-da bərpa etsin. İdarəetmənin yükünü öz üzərindən atmaq ücün Direktorlar Şurası adlı qurum yaradaraq, hər şeyi onların üstünə atıb. Fizika İnstitutunun timsalında deyə bilərəm ki, bu, bir çox hallarda vəzifə səlahiyyətlərindən sui-istifadəyə gətirib çıxarır.

[caption id="attachment_87189" align="alignleft" width="300"]Nazim Məmmədov Nazim Məmmədov[/caption]

Məsələn, baza fizika təhsili olmayan direktor Nazim Məmmədov İnstitutda kim qrant alırsa, həmin adamlara həmmüəllif olur. Çoxları fikirləşir ki, o, hələ bəlkə də bir məqaləni belə hazırlamayıb, yazmayıb, özü çap etdirməyib! Əksər məqalələrində çoxsaylı müəlliflər sırasında ortada və ya axırda qərar tutur.

Məqalələrinin böyük əksəriyyətində aparıcı müəllif olmayan bu adam, görəsən hansı “nailiyyətlərinə” görə 2014-də müxbir üzv, 2017-də isə həqiqi üzv üzv təyin olunub?! Ozü də baza təhsili olmadığı halda fizika ixtisası üzrə!

N.Məmmədovun və Ə.Nəhmədovun demək olar ki, bütün məqalələrində xarici müəlliflər var. Əlbəttə, heç kim beynəlxalq əməkdaşlığın əleyhinə deyil. Amma fikir verin, bu hal əməkdaşlıqdan daha çox alınmış saysız-hesabsız qrantların “yuyulmasını” xatırladır. Bu kontekstdə bir məsələni də qeyd etmək istəyirəm.

[caption id="attachment_87186" align="alignleft" width="200"]Cavad Abdinov Cavad Abdinov[/caption]

Həm direktor N.Məmmədov, həm də onun müavini, cəmi 37 istinadla stajlı akademik Cavad Abdinov dəfələrlə deyirlər ki, onlar 20-25 milyonluq cihazları, qurğuları cəmi 10-12 milyona alıblar. Bəlkə doğrudan da büdcədən həmin cihazları almaq üçün 20-25 milyon pul silinib! Bəs onda fərq hara gedib?

O biri tərəfdən, düşünmək olar ki, bu cihazlar ya köhnədir, ya işləmir, ya da onları işlədən mütəxəssislər yoxdur. Sadəcə cihazları alıb qoyublar bir küncdə, işlər isə faktiki xarici müəlliflər tərəfindən görülür! Bax bu səbəbdən aydındır ki, xarici müəlliflər niyə hər məqalədə var. Qoy bu insanlar çalışsınlar bir necə il görək neçə məqaləni xarici müəlliflərsiz dərc etdirəcəklər. Xariclə əməkdaşlığın müsbət tərəfləri var, amma həm də bilmək lazımdır ki, su çıxmayan quyuya su tökməklə problem həll olunmur!

2014-2017 seçkilərində AMEA-ya utanc gətirən bir hadisə də baş verdi: 15 il Almaniya kimi elm mərkəzində baş girələyən Nəhmədov cəmi 100-ə yaxın istinadla 2014-də müxbir üzv, 2017-də isə həqiqi üzv üzv təyin olundu! Xatırladım ki, hələ 2013-də o elmlər namizədi idi! Görəsən AMEA prezidenti bu utanc gətirən təyinata görə heç məsuliyyət hissi daşımırmı?!

Akif Əlizadə bir şeyi bilməlidir ki, Ənvər  Nəhmədov, Məmmədov kimiləri yalnız onun kimisinin vaxtında elmi rütbələrə layiq görülə bilərdilər! Yalnız sizin prezidentliyiniz vaxtında bir seçkiyə 3 dəfə elan verilə bilərdi! Yalnız sizin vaxtınızda AMEA üzvlərinin az qala 10 faizi ikili vətəndaşlığı olan, nisbətən maddi cəhətdən (elmi cəhətdən yox ha!) təminatlı adamlar olardı! Yalnız sizin vaxtınızda AMEA başqa sahələrdən çıxarılan, uzun-uzun illər elmlə məşğul olmayanların sığınacaq yerinə çevrilə bilərdi! Yalniz sizin vaxtınızda AMEA bir növ cərimə batalyonuna çevrilə bilərdi! Deyə bilərsiniz ki, bunların bir çoxu sizin iradənizin, istəyinizin əksinə baş verib. Bəs onda niyə istefa vermirsiniz? Çünki istefa verə bilmərsiniz! Statist, orta səviyyədən də aşağı bir alim olduğunuzdan, amma buna baxmayaq Nuh zamanından direktor, prezident olmaqdan qabaq onilliklər vitse-prezident olduğunuzdan!

Sizə elə şeyləri xarıtladar ki!... O cümlədən AMEA-ya seçkilərdə bir neçə əl dəyişən maddiyyat üstündəki qırğınları!... Yəqin ki, indi dünyasını dəyişmiş bir vitse-prezidenti elə o səbəbdən hələ də unutmamısınız!...

Bir faktı da qeyd etmək istəyirəm. Son illər elmmetriyaya aid bir sıra jurnallarda təlkif edilir ki, çoxlu sayda müəlliflərin olduğu məqalələrdə müəlliflərin əsl töhfəsini göstərmək üçün “çəkili töhfə” anlayışını daxil etmək lazımdır. Məsələn, deyək ki, birinci müəllifin töhfəsi məqalənın qazandığı istinadların 50 faizinə, ikincı müəllif -25 faizinə və. sair iddia edə bilər. Bu doğrudan da indi elmdə çox aktual mövzuya çevrilib, çünki indi elmi məqalələr adətən çoxsaylı müəlliflər kollektivinin məhsulu kimi meydana çıxır.

Bəzən mənə deyirlər ki, yazdıqlarından nə fayda? Heç reaksiya belə vermirlər. Mən o insanlara demək istəyirəm ki, yazdıqlarımdan Azərbaycan elminə bəzən fayda da olur. Bir misal çəkəcəyəm. Əgər xatırlayırsınızsa, 2014-cü il seçkilərində bir yüksək impakt faktoruna malik rektor Fizika İnstitutundan olan Rauf Hüseynovu müxbir üzv təyin etmişdi! Baxmayaraq ki, o adam 28 ildə bir məqalə belə dərc etdirməmışdi. Bu adam ümumiyyətlə ölkədə yaşamır, daima ailə üzvlərinin yaşadığı ABŞ-da olur, amma Fizika İnstitutunda guya laboratoriya rəhbəridir! Hesabatını belə özü vermir.

Onun bir tərəfi bəlli təbəqəyə aid olduğundan ailəsi illər öncə ABŞ-a köçmüşdür. Bu yaxınlarda məlum olur ki, həmin Rauf Hüseynov Nyu-Yorkda bir gürcü əsilli alimlə həmmüəllif kimi rus jurnallarının birində bir məqalə dərc etdirmişdir. Ozü də birinci müəllif olaraq. Sözsüz ki, Nazim Məmmədovsuz həmin müəlliflər kollektivini təsəvvür etmək mümkün deyil; doğrudan da o, həmin məqalədə axırıncı müəllif kimi gedir. Qeyd edim ki, məqalənin həmmüəlliflərindən biri ölkədaxili qrant almış elmi işçidir. Bax bu da mənim yazdıqlarımın faydası! Yaşı 70-i çoxdan keçmiş Rauf Hüseynov ABŞ-da elmlə məşğul olmaq qərarına gəlib!

AMEA prezidentinin qanuna zidd hərəkətlərindən danışarkən bu yaxınlarda təsis olunmuş “AMEA professorluğu” ilə bağlı bir faktı yada salmamaq olmur. Elmı araşdırmalar mərkəzi olmalı olan AMEA-nın qərarına görə, AMEA professoru adına layıq görülən adam “dövlətçiliyin qorunmasında və inkişafında xüsusi xidmətlərə” də malik olmalıdır! Görəsən Akif Əlizadənin elmi siyasiləşdrməkdə məqsədi nədir?! Bu bölücülük fəaliyyətinə nə ad vermək olar?! Yoxsa, ona elə gəlir ki, o hamıdan vətənpərvərdir?! O, bir şeyi bilməlidir ki, belə tələblər yalnız elmi cəmiyyətdə qarşıdurmalara, sui-istifadələrə və s. yol aça bilər. O, “xüsüsi xidmətləri” kim və necə müəyyənləşdirəcək?!

Hamıya məlumdur ki, AMEA seçkiləri təyinatlar əsasında keçirilir. Kim təyin olunursa, o dan “seçilir”. Ona səs verilib-verilməməsindən asılı olmayaraq! O da məlumdur ki, AMEA prezidentinin bu təyinatlarda rolu elə də həlledici olmur. Ona müəyyən kvota ayrılır! 2013-dən 20 illik vitse-prezidentlikdən sonra təsadüf nəticəsində prezident kreslosuna oturdulan AMEA prezidenti həm 2014, həm də 2017-ci il seçkilərində ona ayrılmış kvota cərçivəsində əksər hallarda öz adamlarını alternativsiz şəkildə təyin etdirməyə nail olmuşdur. Bu sadəcə onun idarəetmə portretində xırda bir ştrixdir. Elmi ictimaiyyət yəqin ki, yaxşı xatırlayır. O, dəfələrlə qəbul etdiyi qərarları dəyişmişdır. O, gah yeni bölmə yaradır, gah yeni İnstitut yaradır, sonra hansısa təsirlərin nəticəsində onları bağlatdırır!

AMEA həyətində nəzərəcarpacaq bir dəyişiklik burada çoxlu sayda “AA” seriyalı maşınların şütüməsidir. Guya bununla administrativ vəzifə tutanların cəmiyyətdə nüfuzunu qaldırırlar! Bu, əlbəttə, “AA” seriyalı maşınların şəhərdə taksı fəaliyyəti göstərməsi qədər ironiya doğurur. AMEA prezidenti olduğu gündən yalnız kosmetik işlərlə məşgul olan bu adam heç bir əməli islahata imza atmamışdır. Əvəzində bəzi işləri ilə AMEA-ya seçkilərdə olduğu kimi, dərin ədalətsizliklərə səbəb olmuşdur. AMEA-ya seçkilər artıq lətifəyə cevrilib. Haqsızlıqlar o səviyyədə olur ki, aylarla, illərlə bu seckilər elmi cəmiyyətin gündəmində olur.

Digər bir misal. AMEA-ya məxsus böyük bir torpaq sahəsində bir tikinti şirkəti 100-lərlə mənzil tikmişdır. Bu günə qədər həmin mənzillərin kimə verildiyi, satıldığı böyük bir sirr olaraq qalır. Bu mənzillərin ədalətli bölünməsi AMEA işçilərinin böyük bir hissəsinin mənzil probleminin həllinə yaxşı töhfə olardı. Xatırlatmaq istəyirəm ki, bu mənzillərin qiyməti 100-150 min arasında dəyişir. Yəni bu mənzillər AMEA-nın büdcəsinə on milyonlarla manat vəsait gətirə bilərdi. Maliyyə axtarışına çıxan AMEA prezidenti bu günlərdə gülünc doğuran bir bəyanatla çıxış edib. O istəyir ki, Vergilər Nazirliyi dövlət büdcəsinə ödəmələr etdiyi kimi, AMEA-ya da ödəmələr etsin. 85 yaşlı bu adamdan soruşan yoxdurmu ki, sən bu baxışla, ağılla, yanaşma ilə AMEA-nı necə idarə edirsən?! Hökumət qarşısında AMEA işçilərinin maaş məsələsini qaldıra bilmirsiniz, amma həmin hökumətə tabe olan bir nazirlikdən pul almaq istəyirsiniz! Baxın, indi AMEA-da orta əmək haqqı heç 200 dollar belə etmir. Bu, uzun illər vətəndaş müharibələrinin girdabında çabalayan Afrika qitəsindəki kasıb ölkələrin alimlərinin maaşından belə aşağıdır. Deyə bilərsiniz ki, kim çalışırsa qrant alır! Nadir istisnalar olmaqla, kimə rütbələri verirsinizsə, qrantları da onlara verirsiniz. Siz artıq AMEA-da kasta sistemi yaratmısınız! Ümumiyyətlə bu ölkədaxili qrantlar çox adamlara yüksək rütbələr “qazandırıb”! Bu iki hal arasında korelyasiya şübhəli şəkildə çox yüksəkdır!

Bir daha AMEA-da bəzilərinin vəzifələrindən sui-istifadə etməsi məsələsinə qayıdıram. Bu yaxınlarda Fizika İnstitutunda hesabat zamanı direktor N.Məmmədov, onun Ayaz Bayramov adlı müavini və Oktay Ələkbərov adlı laboratoriya rəhbəri “Thomson Reuters”-də impakt faktoru olmayan bir jurnalda məqalə dərc etdirdiklərindən özlərindən həmin jurnala yüksək impakt faktoru “yazmışlar.” Buna irad bildirəndə isə deyirlər ki, o jurnalın impakt faktoru var. Vəssalam! Başqa sözlə, camaata deyirlər ki, biz nə deyirik, elə də olmalıdır! İstənilən AMEA işçisi “Thomson Reuters”-ə daxil olub yoxlaya bilər ki, “Physica Status Solidi C ” jurnalının impakt faktoru yoxdur! Akif Əlizadə, bu adamlar yalnız sizin vaxtınızda belə yalanları sırıya bilərlər, çünki bilirlər ki, onlara heç kim heç nə deməyəcək! Sizə isə saxta şişirtmələr lazımdır ki, deyəsiniz ki, guya elm inkişaf edir!

Əvvəllər Fizika İnstitutunun direktoru N.Məmmədovun hansı əxlaqi dəyərlərə malik olduğunu dəfələrlə yazmışam, cünki o, direktor kimi ictimai fiqurdur! Bu adam onun haqqında ölçü götürülmədiyindən ruhlanaraq öz tərbiyəsizliyini davam etdirir. Bu adamın deyəsən doğrudan da gender problemi var. Yuxarıda qeyd olunan hesabat zamanı o, bir qadın laboratoriya rəhbərindən (indi cüzi istinadla müxbir üzv olan) soruşur ki, sizdə gender məsələsi necədir. Sonra da əlavə edir ki, o xanımları nəzərdə tutmur, qızlarla maraqlanır! Həmin qadın axırda cavab verdi ki, subayları yoxdur! N.Məmmədov iclaslar zamanı gah gülür, gah qışqırır, gah əlini stola çırpır! Elə yuxarıda geyd olunan iclas zamanı N.Məmmədov bir laboratoriya rəhbərindən heç bir etik çərçivəyə sığmayan şəkildə tələb etdi ki, nümunələri gətir mənim də laboratoriyamda ölçmələr aparılsın. Məqsəd nədir, hamiya bəllidir. Çapa hazırlanan məqaləyə həmmüəllif olmaq! Əvəzində həmin laboratoriya rəhbərinə gələn il “Ən Layiqli Alim” titulunu vəd etdi. Ümumiyyətlə, qeyd olunan iclas hesabatdan daha çox dəli yığıncağını xarıtladırdı! N.Məmmədovla O.Ələkbərov arasında faziləsiz söz güləşdirilməsi ucbatından! Görünür O.Ələkbərov yeni statusuna hələ də alışa bilmir!

Akif Əlizadə, N.Məmmədovun tərbiyəsizliyinə nə vaxta qədər göz yumacaqsınız? Yoxsa gözləyirsiniz ki, Fəlsəfə İnstitutunda baş verənlər Fizika İnstitutunda da bir başqa formada təkrar olunsun?...

Cənab Prezident, yuxarıda qeyd edilənləri nəzərə alaraq, AMEA prezidenti Akif Əlizadəyə səslənirəm: Gedin istefaya! Sizin heç bir potensialınız yoxdur ki, AMEA-ya rəhbərlik edəsiniz! Sizdən soruşuram ki, bu beş ildə ölkə elminin ən xırda dövlətlərin elminin səviyyəsinə bircə addım yaxınlaşdığını təmin etdinizmi?! Bir şeyi də bilin ki, sizdən sonrakı AMEA prezidenti sizin qəbul etdiyiniz qərarların hamısını ləğv edəcək, çünki həmin qərarlar elmin inkişafına yox, onun tənəzzülünə yönəlibdir!

Cənab Prezident, Sizə müraciət edirəm: AMEA-nı onun Nizamnaməsinə uyğun olaraq yenidən təşkil edin. Bugünkü AMEA bir elm məbədi yox, elmə bir parodiyadır!