Ramiz Yunus

Xəzər Beynəlxalq Universitetinin politologiya professoru

Bəzən indiki zamanı anlamaq üçün hesabatları və bəyanatları oxumaq yetərli olmur. Dəyişiklikləri öz gözlərinlə görməlisən. Azərbaycanın Qarabağ bölgəsində, Şuşa şəhərində keçirilən IV Beynəlxalq Media Forumundan sonra məndə məhz belə bir təəssürat yarandı.

Mən dəvət olunmuş politologiya professoru qismində son üç forumda — II, III və IV forumlarda iştirak etmək imkanı qazanmışam. Lakin çoxillik erməni işğalından azad edilmiş Şuşa şəhəri ilə ilk tanışlığım daha əvvəl — ikinci forumdan da qabaq, İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra bu şəhərə etdiyim səfərlə başlayıb. O zaman tamamilə fərqli bir reallıq var idi.

Xankəndi hələ separatçıların nəzarətində idi. Bölgədə Rusiya sülhməramlıları yerləşirdi. İnfrastruktur yenicə bərpa olunmağa başlayırdı və o vaxt Şuşa, hər şeydən əvvəl, geri dönüşün rəmzi və yeni tarixi mərhələnin başlanğıcı idi.

Bu gün isə qarşımızda artıq başqa bir mənzərə var. Xankəndi azad edilib və qondarma Rusiya sülhməramlıları artıq bölgədə yoxdur. Regionda yeni infrastruktur formalaşıb, nəqliyyat layihələri inkişaf edir və Şuşa Şimali və Cənubi Amerikadan tutmuş Avropa, Afrika, Cənub-Şərqi Asiya və postsovet məkanına qədər dünyanın 54 ölkəsindən 160-a yaxın iştirakçını bir araya gətirən növbəti beynəlxalq forumun məkanına çevrilib.


Məhz bir neçə illik müşahidələrdən sonra deyə bilərəm: forum dəyişməyib. Dəyişən Azərbaycandır, forum isə bu dəyişikliklərin güzgüsünə çevrilib.

Hələ bir neçə il əvvəl əsas suallar bunlar idi: müharibədən sonra regionun taleyi necə olacaq? Qarabağ necə bərpa ediləcək? Cənubi Qafqazın yeni reallığı necə olacaq?

Bu gün isə suallar artıq fərqlidir və hamını bir şey maraqlandırır: yeni dünya düzənində Azərbaycan hansı rolu oynayacaq? Onilliklər ərzində bir çoxları tərəfindən yalnız həll olunmamış münaqişə prizmasından qəbul edilən bir dövlət, necə oldu ki, regional gündəliyi özü formalaşdıran bir ölkəyə çevrildi?

Sualların bu cür dəyişməsi ölkədəki fundamental dəyişikliyin ən dəqiq göstəricisidir. Çünki dövlətin dünya siyasətindəki yeri onun özü haqqında nə deməsi ilə deyil, başqalarının ona hansı sualları ünvanlaması ilə müəyyən edilir.

Şuşada keçirilən IV Beynəlxalq Media Forumu ən vacib məqamı nümayiş etdirdi: Azərbaycan bu gün artıq təkcə keçmişin prizmasından qəbul edilmir, o, indiki zamanı və gələcəyi, iqtisadi potensialı, diplomatik imkanları və müstəqil siyasət yürütmək bacarığı vasitəsilə qiymətləndirilir.

Məhz buna görə də forumun əsas leytmotivlərindən biri bu anlayış oldu: Azərbaycan — orta gücdür (middle power).

Bu anlayışın səslənməsi təsadüfi deyildi, çünki orta güc olmaq ərazi ölçüsü və ya əhalinin sayı məsələsi deyil. Bu, milli mənafeləri qorumaq, müstəqil qərarlar qəbul etmək və ətrafda gedən proseslərə təsir göstərmək bacarığıdır.

Forumda Ukrayna mövzusu xüsusi yer tutdu.

Lakin siyasətdən danışmazdan əvvəl insani amili qeyd etmək istəyirəm. Çünki bəzən böyük siyasət özünü təkcə prezidentlərin bəyanatlarında və beynəlxalq sənədlərdə büruzə vermir. Bəzən o, insani görüşlərdə özünü göstərir.

Artıq dörd il yarım-dan çoxdur ki, mən müntəzəm olaraq Ukrayna televiziya proqramlarında çıxış edir, müharibə, beynəlxalq siyasət və ölkələrimiz arasındakı münasibətlərlə bağlı hadisələri təhlil edirəm. Bu müddət ərzində elə gətirdi ki, bir çox ukraynalı tamaşaçı üçün mən sadəcə televiziya ekranındakı bir ekspert deyiləm.

Mən onların tanıdığı, dinlədiyi və etibar etdiyi bir insana çevrilmişəm. Sonuncu dəfə Ukraynada hələ SSRİ dövründə olmağıma baxmayaraq, bu illər ərzində ukraynalı auditoriya ilə əlaqələrimiz çox yaxın olub. Məhz buna görə də Şuşada Ukrayna nümayəndə heyətinin təmsilçiləri ilə görüşlər mənim üçün xüsusilə emosional keçdi. Çoxlu jurnalist məni ilk dəfə idi ki, televiziya ekranında deyil, canlı olaraq görürdü.

Onlar mənim ölkəmə, mənim Vətənimə gəlmişdilər və görüşümüz səmimi insani duyğularla dolu idi.

Ukrayna auditoriyası ilə ünsiyyətdə olduğum bu illər ərzində onlara həmişə bir fikri təkrarlamışam: "Boğulanın xilası onun öz əlindədir". Ukraynalı tamaşaçılara deyirdim: heç kim bir ölkəni onun öz vətəndaşlarından, cəmiyyətindən və dövlət institutlarından daha yaxşı müdafiə edə bilməz. Məhz buna görə də mən ukraynalıları həmişə konsolidasiyaya (həmrəyliyə) çağırırdım.

Çünki tarixin ən ağır dövrlərində cəmiyyətin birliyi dövlətin ən başda gələn resursuna çevrilir.

Mən tez-tez ukraynalılara deyirdim: "Azərbaycana baxın. O sübut etdi ki, sizin dostunuzdur. Və ondan nümunə götürün". 

Çünki əsl dost təkcə dəstək ifadə edən deyil. Əsl dost öz nümunəsi ilə milli maraqları necə qorumağın mümkün olduğunu göstərəndir.

Məhz buna görə də Şuşada ukraynalı həmkarlarımız təkcə Azərbaycanın rəsmi mövqeyini hiss etmədilər. Onlar insanların səmimiyyətini və istiliyini gördülər. Onlar ərazilərin itirilməsinin, geri dönüşü gözləməyin və öz torpağı uğrunda mübarizənin nə olduğunu yaxşı bilən bir ölkəni gördülər. Televiziya ünsiyyəti illərində yaranan peşəkar bağlılığın real insani əlaqəyə çevrilməsini görmək mənim üçün xüsusilə vacib idi.

Forumun ən yadda qalan məqamlarından biri iştirakçıların Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü oldu.

Ukraynalı jurnalist Dmitri Qordon, bir il əvvəl olduğu kimi, yenə də sual ünvanladı: "Ukraynaya və ukraynalılara nə məsləhət görərdiniz?"

Prezident Əliyevin cavabı qısa, lakin çox güclü oldu: "Heç vaxt işğalla barışmayın".

Bundan sonra Prezident vurğuladı: "Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və hər zaman da dəstəkləyəcək".

Bu sözlər öz ərazi bütövlüyünün bərpası kimi mürəkkəb bir yoldan keçmiş ölkənin lideri tərəfindən deyildiyi üçün xüsusilə böyük çəkiyə malik idi.

Əgər forumda Ukrayna mövzusu həmrəylik və insani yaxınlıq rəmzinə çevrildisə, Rusiya mövzusu Cənubi Qafqaza dair köhnə yanaşmaların yeni reallıqla toqquşmasının simvolu oldu.

Şuşada səslənən əsas yekun rəy bu oldu: Cənubi Qafqaz dəyişib və bu, təkcə siyasi şəraitlə bağlı deyil, region dövlətlərinin dünyadakı öz yerlərini dərk etməsi baxımından da köklü şəkildə dəyişib.

Uzun müddət Rusiya Cənubi Qafqazı özünün xüsusi maraqlar məkanı kimi qəbul edirdi. Lakin XXI əsr tamamilə yeni bir reallıq gətirdi.

Azərbaycan, Ermənistan və Gürcüstan öz milli maraqları, gələcəyə dair şəxsi baxışları və öz yollarını müstəqil şəkildə müəyyən etmək hüququ olan müstəqil dövlətlərdir.

Vətənimiz daxil olmaqla, bu reallığı Rusiya da daxil olmaqla bütün xarici oyunçular qəbul etməlidir.

Azərbaycan Prezidenti ilə görüş zamanı rusiyalı jurnalist Aleksey Naumov "3+3" formatının (Rusiya, Türkiyə, İran plus Azərbaycan, Ermənistan və Gürcüstan) perspektivləri barədə sual verdi.

Prezident Əliyev bu suala cavab verərkən ən vacib məqamı vurğuladı: son illərdə Cənubi Qafqazın status-kvosu fundamental şəkildə dəyişib və regiona köhnə prizmadan baxmağa davam edənlər bunu mütləq anlamalıdırlar.

Prezident Əliyevin qonşu dövlətlərə imperiya subyektləri kimi yanaşma modelinin müasir dünyaya artıq uyğun gəlmədiyi barədə fikri xüsusilə əhəmiyyətli idi.

XXI əsrdə müstəqil dövlətlər kiminsə təsir dairəsi kimi nəzərdən keçirilə bilməz. Onlar beynəlxalq münasibətlərin müstəqil iştirakçılarıdır. Məhz buna görə də bu gün əsas sual keçmişi kimin qorumaq istəməsi deyil. Əsas sual gələcəyi kimin qəbul etməyə qadir olmasıdır.

Azərbaycan Prezidenti ölkəsinin tarixi təcrübəsinə də toxundu. O, Azərbaycanın Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olduğu dövrlərdən danışarkən, tarixin bu mərhələlərini müstəmləkə işğalı və sovet işğalı dövrü adlandırdı.

O vurğuladı ki, həmin dövrün fəsadları bu gün də — o cümlədən təbii sərvətlərdən istifadə və keçmişin ağır mirasına çevrilən ekoloji problemlər məsələsində hiss olunmaqdadır.

Lakin bu sözlərin əsas əhəmiyyəti təkcə tarixə verilən qiymətdə deyil, həm də dövlətlərarası münasibətlərin imperiyaların mirası üzərində deyil, suverenliyə hörmət prinsipləri üzərində qurulmalı olduğu gələcəklə bağlı idi.

Məhz buna görə də Moskvadan gələn reaksiya bu qədər ağrılı oldu.

Prezident Əliyevin çıxışından sonra Rusiya rəsmilərinin reaksiyası gəldi, ardınca isə Rusiya informasiya məkanında sanki bir komanda ilə yenidən anti-Azərbaycan isteriyası başladı.

Lakin mənim fikrimcə, bu reaksiyanın səbəbi ayrı-ayrı bəyanatlardan daha dərindir.

Söhbət postsovet məkanında Azərbaycanın bu gün uğurla nümayiş etdirdiyi müstəqil siyasətin uğurlu modelinin ortaya çıxması faktından gedir: dövlətimiz öz milli maraqlarını qoruya bilir; müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edə bilir; öz qərarlarını müstəqil şəkildə müəyyənləşdirə bilir. Məhz bu nümunə, keçmiş sovet respublikalarının kiminsə siyasi orbitində qalmalı olduğu barədə köhnə təsəvvürlərə qarşı ən güclü arqumentdir.

Bir politologiya professoru kimi mənim üçün ən vacib sual bu idi: bu gün orta güc olmaq nə deməkdir? Prezident Əliyevlə görüş zamanı ona bu sualı ünvanladım və onun cavabı çox göstərici oldu.

Prezident vurğuladı ki, ən başlıcası — dövlətin öz milli maraqlarını qorumaq və xarici qüvvələrin ölkənin qərarlarına təsir göstərməsinə imkan verməmək bacarığıdır. "Orta güc" anlayışının əsas mənası məhz bundadır.

Orta güc — böyük dövlət olmağa can atan ölkə deyil. Bu, öz siyasətini müstəqil şəkildə müəyyən etmək üçün kifayət qədər gücə malik olan ölkədir və bunun üçün güclü iqtisadiyyat, müasir infrastruktur, müdafiə qabiliyyəti, aktiv diplomatiya və siyasi sabitlik zəruridir.

Lakin bütün bu elementlər yalnız dövlət onlardan öz maraqları naminə müstəqil şəkildə istifadə etmək imkanına malik olduqda real gücə çevrilir və müasir Azərbaycan məhz bu yolu nümayiş etdirir.

Hələ yaxın keçmişdə bir çoxları ölkəmizi ilk növbədə Qarabağ münaqişəsi prizmasından qəbul edirdi, lakin bu gün ona tam fərqli yanaşırlar: enerji tərəfdaşı, mühüm nəqliyyat qovşağı, müstəqil diplomatik oyunçu və Cənubi Qafqazın əsas liderlərindən biri kimi.

Azərbaycanın rolunun bu gün müxtəlif güc mərkəzləri — Şərq və Qərb, Şimal və Cənub tərəfindən etiraf edilməsi xüsusilə göstəricidir. Çünki orta gücün müasir siyasəti tək bir istiqaməti seçməkdən deyil, öz müstəqilliyini qoruyaraq müxtəlif tərəfdaşlarla qarşılıqlı fəaliyyət göstərmək bacarığından ibarətdir.

Şuşadakı dörd forum vahid bir yolun dörd mərhələsi oldu: geri dönüş, bərpa, inkişaf və yeni rolun etirafı.

Mən Şuşanı fərqli dövrlərdə görmüşəm. Yenicə yeni mərhələyə başlayan şəhəri də görmüşəm, bu gün dünyanın onlarla ölkəsinin nümayəndələrini qəbul edən və qlobal proseslərin müzakirə meydanına çevrilən şəhəri də görürəm.

Lakin əsas dəyişiklik təkcə Şuşa şəhərində baş verməyib. Əsas dəyişiklik Azərbaycanın özündə baş verib. Yeni reallığı forum yaratmayıb. Forum sadəcə onu bütün dünyaya nümayiş etdirib.

Bu gün ayrı-ayrı siyasi qərarları müxtəlif cür qiymətləndirmək olar. Konkret addımlar barədə mübahisə etmək olar, lakin ən vacib faktı inkar etmək qeyri-mümkündür: Azərbaycan öz yerini özü müəyyən edən, mövqeyi müxtəlif beynəlxalq oyunçular tərəfindən nəzərə alınan bir dövlətə çevrilib. Regionun kiçik bir ölkəsindən orta gücə çevrilən bir dövlətə.

Bir zamanlar Nelson Mandela demişdi: "Həmişə hər şey edilənə qədər qeyri-mümkün görünür".

Hələ bir neçə il əvvəl Şuşa şəhərinin bu miqyasda beynəlxalq dialoq məkanına çevriləcəyini və bir çoxlarının münaqişə prizmasından qiymətləndirməyə alışdığı Azərbaycanın bu gün imkanlar prizmasından qəbul ediləcəyini təsəvvür etmək çətin idi. Lakin tarix məhz bu cür inkişaf edir və dünən qeyri-mümkün görünən şeylər bu gün yeni reallığa çevrilir.

Mən Şuşa şəhərindən sadəcə bir forumun iştirakçısı olmaq deyil, Vətənimin bərpa mərhələsindən yeni beynəlxalq mövqelənmə mərhələsinə tarixi keçidinin şahidi olmaq hissi ilə ayrıldım. Əsas yekun rəy isə dəyişməz qalır: forum dəyişməyib. Azərbaycan dəyişib, Şuşa isə bütün dünyanın bu dəyişiklikləri gördüyü məkana çevrilib. Və yəqin ki, Şuşa Beynəlxalq Forumunun ən böyük dərsi sadə bir həqiqətdən ibarətdir:

XXI əsrdə öz rolunun tanınmasını tələb edən deyil, rolu bütün dünya üçün aşkar və aydın olan qalib gəlir.

“AzPolitika.info”