Menu

"O məzar Rəsulzadənin xanımının deyil"

25.11.2017, 17:42
"O məzar Rəsulzadənin xanımının deyil"

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla xanımın (Vanda xanım) məzarını tapdığını bildirib. Bu informasiya media orqanları və sosial şəbəkələrdə böyük marağa səbəb olub.

1974-cü ildə vəfat edən Leyla (Vanda) xanımın Əsri məzarlığında dəfn olunduğunu göstərən fakt özü-özlüyündə gözəl hadisə sayılsa da, rəsmi təsdiqini tapmadığı üçün məsələni araşdırmaçılarla müzakirə etməyi uyğun bildik.

Modern.az məsələ ilə bağlı Rəsulzadəşünas alim, tarix elmləri doktoru Nəsiman Yaqublu ilə əlaqə saxlayıb.

Nəsiman Yaqublu açıqlamasında ən dəqiq cavab verə biləcək mənbə - Ankaradakı Milli Kültür Dərnəyinin rəhbəri Cəmil Ünaldan mövzu barədə soruşduğunu deyib.

O, Vanda xanımın dəfn olunduğu qəbiristanlığın xristianlara aid hissəsinin artıq dağıdıldığını bildirib:

“Mən yaxınlarda Türkiyədə olan zaman bu məsələ ilə bağlı Ankaradakı Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal bəylə məsləhətləşdim. Cəmil bəy dedi ki, o məzarlıq, daha doğrusu, Vanda xanımın dəfn olunduğu ərazi artıq yoxdur. 1974-cü ildə Vanda xanım Ankarada vəfat edib və onu Əsri məzarlığında, daha dəqiq desək, Əsri məzarlığının xristianlara aid hissəsində dəfn ediblər. Amma sonradan həmin hissə-xristianlara aid olan ərazi qapadılıb. Orada qayda belədir ki, müəyyən müddət qəbirlərə diqqət yetirilməsə məzarlar oradan götürülür və ümumiyyətlə, ləğv edilir. Mənə də deyilən məlumata əsasən, Vanda xanımın məzarı da ləğv edilib. Orada heç bir başdaşı və yazı yoxdur. Sadəcə, təxmin edilir ki, bu Vanda xanımın məzarı ola bilər.

Amma Cəmil müəllimin dediyinə görə, o məzar da ləğv olunur. Bu barədə ən etibarlı mənbə Cəmil Ünaldır. Çünki Vanda xanım dünyasını dəyişəndə orada olub, dəfnində iştirak edib, xeyli işlər görüb. Onun verdiyi məlumat isə budur ki, həmin yer - xristianların dəfn edildiyi yer artıq yoxdur.

Mən bildiyim qədər, xristianlara aid olan hissədə hansı qəbirə görə pul verilmirsə, həmin məzar ləğv edilir. Eynən Avropada olduğu kimi beş ildən sonra o məzarın yerinə başqası olur”.

Nəsiman Yaqublu məzarın olmamasını faciə hesab etmir. Onun fikrincə, Leyla xanımın irsini, gördüyü işləri araşdırmaq, hazırda Polşa və başqa yerlərdə yaşayan qohumlarını tapmaq daha vacibdir:

“Bu, məncə, faciə də deyil! Əsas odur ki, bu xanımın gördüyü işləri, qohumlarını axtaraq. Leyla xanımın həyatını- təhsilini, gördüyü işləri öyrənmək daha vacibdir. Bildiyim qədəri ilə Rəsulzadənin iki əsərini tərcümə edib. Bu cür faktlar araşdırılmalıdır”.

Rəsulzadənin xanımının məzarını tapdığını iddia edən jurnalist Könül Şamilqızının "Facebook" üzərindən Nəsiman bəyə cavabı belə olub:

"Modern Az saytı bu gün “Ankaradan dəqiq cavab verildi: O məzar Rəsulzadənin xanımının deyil - AÇIQLAMA” başlıqlı bir xəbər yayıb. Xəbərdə Nasiman Yaqubluya istinadən “Cəmil Ünalla söhbətleşmişdim, o Vanda xanımın məzarının olmadığını dedi” şəklinde bir açıqlama verilib. Bəzi məqamlara çox sade şəkilde açıqlıq getirməyi lazım bilirəm.

1. Nəsiman bəyin xəbərdə bəhs etdiyi söhbətdə - yəni Cəmil Ünalla söhbətdə - mən də olmuşam. Yeməkdəydik və Leyla xanım mövzusunu açdıq, Cəmil abi o günə qədər məzarlıqdan onlara verilən bilgini bir daha təkrarladı. Daha əvvəl də dəfələrlə bu bilgini demişdi mənə, bizə. Çünki ona da məzarlıqdan belə dəmişdilər.

2. Mən məzarlığa Nəsiman bəy Ankaradan qayıdandan bir neçə gün sonra getmişəm və məhz indiyə qədər “məzar yoxdu” deyən işçilər mənə “biz o məzarın yerini təsbit etdik, amma telefon nömrəsi filan almamışdıq deyə kimsəyə məlumat verə bilmədik” deyiblər. Bunu dəqiqləşdirmək çətin iş deyil - məzarlıq idari amirliyi durur, işçilər durur. Məlumatı verən xanımın adı - Zeyneb Sarıkaya...

3. Mən o gün o həyəcanla ilk olaraq Cəmil abileri aramışam, hadisəni danışmışam, Cəmil abi də həyəcanlanıb, sevinib. Qətiyyən yekəxanalıq olsun deyə demirem, amma keçən həftənin az qala her günü Cəmil abini görmüşem - evində, dərnəkdə. Və elədiyim hər şey barədə tək-tək bilgi vermişəm. Cəmil Ünalla danışmaq çox çətin iş deyil - arzu edən zəng vurub danışa bilər.

4. Nəsiman bəyin xoş niyyətindən heç bir şübhem yoxdu və bütün bu hadisələr o Ankaradan qayıtdıqdan sonra olub - yəni sayta dediyi əvvəlki məlumatlardı. Az əvvəl də telefonla danışdıq özüylə, arzu edən ona da zəng vurub dəqiqləşdirə bilər.

5. Məzarla bağlı söhbətdən sonra mənim Sabiha Kengerli ve Nuri Saryal bəylərlə görüşməyimi, danışmağımı təklif eləyən Cəmil Ünal və xanımı Nesrin Ünaldır. İstəyən elə buradanca Nesrin abladan da dəqiqləşdirə bilər. Sabiha Kengerli Rəsulzadənin dostu Mehmet Kengerlinin xanımıdır və mənə çox qiymətli bilgiler verdi - hamısını təbii ki, bura yazmadım, kitabda yazacam. Amma məzarın yerini çox dəqiq tesvir elədi. Qızı Sevil Kengerli söhbətimizin şahididi. Nuri Saryal və xanımı Neriman Saryal Leyla xanımın tanış edərək evlənmələrinə səbəb olduğu iki qiymətli insandı. Nuri bəy də məzarın yerini texmin elədi. Qızı Nilgün Saryal xanım və Nesrin abla söhbetimizin şahidləridi.

6. Men hətta bütün bildiklərimə rəğmən məzar xəbərini yazanda kifayet qədər ehtiyatlı cümlələr qurdum. Əslində rəsmi dediyiniz tək instansiya Esri məzarlığıdı və mən məzarlıqdan aldığım məlumatdan sonra heç nəyi deqiqləşdirməyə ehtiyac da duymaya bilərdim. Amma bu tarixi detalın məsuliyyətini hiss elədiyim üçün dəqiqləşdirmələr apardım, aparıram.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol